"Fərqlilik nədə idi? O özü üçün bilmək istəyirdi. Görəsən bu insanları kim pijamalılara və uniformalılara bölüb?" (Səh 102)
Uzun müddətdir oxumaq istədiyim və axır ki, oxuduğum o möhtəşəm kitab... John BoyneZolaqlı Pijamalı Oğlan kitabı... Bu kitabı o qədər çox sevdim ki, o qədər mənə təsir etdi ki, bu kitaba bir təhlil yazmasam, özümü borclu hiss edəcəkdim. Çalışacağam ki, kitaba layiq bir təhlil yazım, ümid edirəm, yaxşı alınacaq.
Kitabda Hitlerin yəhudilərə qarşı olan dəhşətli rəftarından, Auşvitzdə həbs olunan yəhudilərdən, onların başlarına gələn hadisələrin iki dostun əhatəsində nümayiş etdirilməsindən söhbət gedir. Dostlardan biri, yəni Bruno həmin Auşvitz rejiminə nəzarət edən komendanın oğlu, digəri isə qəddar işgəncələrə məruz qalan yəhudi uşağıdır. Onlar bir-birilərini daha da tanıdıqca aralarındakı dostluq daha da qırılmaz zəncirə çevrilir.
Bruno ailəsi - atası, anası, bacısı ilə birlikdə Almaniyada yaşayırdılar. Daha sonra onun atasının vəzifəsi yüksəldiyinə görə onu Auşvitz rejiminə komendant kimi seçirlər. Buna görə də onlar Auşvitzə getməyə məcbur olurlar. Bruno Auşvitzdə yaşamağa alışa bilmir, Almaniyadakı dostları, parkları, evləri üçün darıxır, Auşvitzi tərk etmək istəyir, lakin bu mümkün deyildi. Bacısı Qretel ilə isə tez-tez mübahisə edirdilər, yol getmirdilər. Buna görə də Bruno vaxtını kitab oxumaqla, pəncərədən gördüyü zolaqlı pijamalı insanların nə etdikləri barədə düşünməklə, özünə macəra tapmaqla keçirirdi. Bir gün o özünə macəra tapmaq istəyir, gələcəkdə kəşfiyyatçı olmaq istədiyi üçün kəşfiyyata çıxır. Bu zaman hasarla qarşılaşır, hasarın qarşı tərəfində isə Şmuel adlı yəhudi oğlanla tanış olur. Beləliklə, onlar hər səhər və günorta yeməyindən sonra görüşməyə başlayırlar. Onların söhbətlərini, dialoqlarını oxumaq o qədər maraqlı, o qədər təsiredici idi ki, ən çox bəyəndiyim və ən çox mənə təsir edən hissələr onların dialoqları idi.
" – Üstündə yeməyə bir şey yoxundu? - O soruşdu.
- Təəssüf yoxdur. Özümlə şokolad götürəcəkdim, amma unutdum.
- Şokolad, Şmuel astadan dedi və ağzında dili
hərəkətə gəldi. - Həyatımda yalnız bir dəfə şokolad yemişəm.
- Yalnız bir dəfə? Mən sevirəm şokolad yeməyi,
Anam qoymur, deyir, dişin xarab olar.
- Üstündə çörək yoxdur?
Bruno başını tərpətdi.
- Ümumiyyətlə, heç nə yoxdur. Şam yeməyi yeddinin yarısından tez verilmir. Bəs sizdə nə vaxt verilir?
Şmuel çiyinlərini çəkdi. Dizlərini qucaqladı.
- Məncə, geri qayıtsam, yaxşı olar, - o dedi." (Səh 129-130)
Həqiqətən də, bu hissələri oxuyanda insan da bir düşüncə yaranır ki, nə üçün bir insan digər bir insanı dilinə, dininə, irqinə görə qətlə yetirər, soyqırım törədər, işgəncələr edər?! Nə üçün və kim insanları zolaqlı pijamalara və uniformalılara bölər?!
Hasarın bir tərəfində eyni gündə, eyni ildə dünyaya gələn komendantın oğlu, digər tərəfdə eyni gündə, eyni ildə dünyaya gələn, saysız-hesabsız işgəncələrə məruz qalan bir uşaq. Daşqəlbli insanlar torpaq işğal etmək, daha çox əraziyə sahib olmaq üçün müharibələr başladır, bütün bunların nəticəsinidə günahsız körpələr, uşaqlar, qadınlar, məsum insanlar görür. Kitab həqiqətən də bunları çox gözəl şəkildə insanlara çatdırır.
SPOİLER!!!
Eyni gündə dünyaya gələn uşaqların sonu da eyni gündə olur. Bu belə çox incə bir mesajdır. İncə mesajlarla dolu möhtəşəm kitabdır.
Kitabı oxumaq istəyənlərə kəsinliklə tövsiyə edirəm!