Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

374 syf.
6/10 puan verdi
Kimin əli kimin cibindədi, bilinməyən kitab
Əsərdəki mahnılardan ibarət bir playlistin müşayiəti ilə “Norveç meşəsi” kitabı haqda düşüncələrimi yazıram. Kitabın adının Beatles trekindən alındığını bilmirdim, sürpriz oldu. Türk dilinə niyə bu cür tərcümə ediblər, anlamadım. Əsərdə də bununla bağlı nəsə bir şey gözümə çarpmadı. Keçək, əsas məsələlərə. “Norveç meşəsi” Murakami ilə tanışlıq əsərim oldu. Yapon mədəniyyətini çox sevən biri olaraq, bu məşhur yazıçıyla tanış olmaq üçün səbrsizlənərək bu kitabı seçdim. İndi seçimimin düzgünlüyünü sorğulayıram. Bildiyim qədərilə, Murakaminin əsərləri fantastik, əsrarlı ünsürlərlə məşhurdur. Mən də gedib ən məişət mövzulu əsərini seçmişəm. Əsər məişət mövzusunu o qədər geniş bir spektrumda ələ alıb ki, obrazların bioloji ehtiyaclarını belə onlarla bir yerdə qarşılayırıq. Qəhrəmanımız dərs oxuyur, paltar yuyub asır, biz də onunla oxuyub paltar səririk, yeyib içir, biz də yeyib içirik, qızlarla sevişir, biz də onunla birgə… nəysə, siz anladınız məni. Kitabdakı münasibətlər bir yerdən sonra o qədər iyrəncləşir ki, mən artıq öz müasirliyimdən şübhə etdim və mağarama geri döndüm. Son səhifələrdə olan qalan ümidimi də üzüb bağladım. Bunları bir kənara qoysaq, Yaponiyanın xroniki problemi olan intihar mövzusuna toxunulub, hətta hadisələr bu mövzular ətrafında cərəyan edir. Obrazların ya özləri, ya da yaxınları ölür, hamısı da bunu arzulayaraq. Geridə qoyduqları isə ölümün ağırlığı altında əzilməməyə çalışaraq xatirələri qucaqlayıb ağrılarını dindirməyə çalışır, bu özü də onları ümidsiz hala salır. Əslində, ölümlə yanaşı gələndə hər şeyin nə qədər boş olduğunu göstərən zaman əsərdəki çarpaz, qəribə münasibətlərə göz yummaq olur. Həmçinin, psixologiyaya əsasən, həyatda hər şeyin bir ucu bizi mövcud edən şeyə: yəni cinsi münasibətə gəlib çıxır. Bəlkə də, Murakami buna görə əsərdə intim səhnələrə bu qədər yer verib, bizi mövcud edən və bizi yox edən məfhumları qarşı-qarşıya qoymaq istəyib. Elə düşünməsəm, inanmıram, bir də Murakami oxumaq istəyim :D Hələ yaxın olmayan bir gələcəkdə, yapon olmağı xətrinə bir də şans verəcəm.
İmkansızın Şarkısı
İmkansızın ŞarkısıHaruki Murakami · Doğan Kitap · 201810,6bin okunma
·
73 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.