Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

120 syf.
10/10 puan verdi
·
Beğendi
·
10 saatte okudu
İlk dəfə bir romana ön söz yazmaq istəyirəm Nigarın “Cənnət quşu” romanına. Bu roman mənə ən azı öz romanlarım qədər doğma və əzizdir. Bu Nigarın ilk romanıdır. Daha öncə iki kitabı çap edilsə də, qələminin roman janrında ilk sınağıdır. Ona görə də səhvlərini bağışlamaq olar. Bundan illər öncə idi. Yazıçı dostum İradə Aytellə bir məktəbə dəvət olunmuşduq. Bir başqa dostumuz olan Murad müəllim bizi öz işlədiyi məktəbə, sevimli şagirdləri ilə görüşə dəvət etmişdi. Həmin gün yağan qar, havanın soyuqluğu... İnsan özünü sanki Cek Londonun hekayələrində hiss edirdi. Ömrümdə unudulmaz olan günlərdən biri olmuşdu. İlk dəfə yazıçı kimi bir yerə dəvət olunurdum. Şagirdlərlə çox maraqlı görüşümüz oldu. Sən demə, o gün iki yazıçı olaraq kimlərinsə ürəyinə toxunmağı bacarmış, ədəbiyyatı sevdirə bilmişdik. Nigar o gün orada bizi dinləyən şagirdlərin arasında idi... Dedim axı, bu roman mənə öz romanlarım qədər doğmadır. Romanı oxuyarkən “Ləman”ı yazanda hiss etdiyim duyğuları yenidən yaşadım. İki insanın sevgisindən danışılır. Elə həyat da elə deyilmi, dünyamız da iki insanın sevgi hekayəsindən yaranmadımı...?! Xanım və Muradın hekayəsi də bu sevginin bir parçasıdır. Əsərdə o qədər problemlərə toxunulub ki, hər biri haqqında ayrılıqda bir xeyli danışmaq olar. Bu problemlər həm cəmiyyətimizin, həm də təklikdə hər birimizin üzləşdiyi problemlərdir. Bizim evimizi yıxan bir şey var – başqaları nə deyər... Qısa bir həyatımız var, onu da başqalarının düşüncələrinə, sözlərinə qurban veririk. Məsələn, qəhrəmanımız Xanım sevmədiyi Ümidlə evlənmək fikrindən daşına bilərdi. Bu qərar ən azı dörd insanın həyatını tamamilə fərqli yaşaması deməkdir. Bəlkə də, dörd insan xoşbəxt ola bilərdi. Ancaq Xanım o qərarı verə bilmir. Axı o da hər birimiz kimi bu cəmiyyətin övladıdır. Tam yetişməmiş bir cəmiyyətin, mental qanunlarının qurbanı olmaqdan xilas ola bilmir. Evlilik fikrini dəyişsə, anası, qohumları, işlədiyi kənddəki adamlar onun haqqında bir neçə gün pis danışacaq, sonra unudacaqdılar. Çünki insanlar hər zaman yeni mövzular tapırlar. Gündəm heç vaxt boş qalmır. Xanım isə verdiyi qərarla Ümidi, Muradı, qızını və özünü bədbəxt edir. Xanımın fikrini dəyişməyə qoymayan ikinci faktor daha betər idi. Vicdan... Bəzən xoşbəxt olmaq üçün həyatımızın mərkəzinə başqalarını yox, özümüzü qoymalıyıq. Bunu etməyə izin verməyən isə vicdanımızdır. Sanki cəmiyyətin, mentalitetin kiçik övladıdır bu vicdan. Axı hər kəsi razı sala bilmərik, bir dəfə yaşayacağımız bu həyatı başqalarına qurban verə bilmərik. Xanım bizə bunu öyrədir. Burada məni ən çox kədərləndirən Ümidin hekayəsidir. Axı onun heç nədən xəbəri olmur. O haradan biləydi ki, Xanım onu sevmir. Bəlkə də, bilirdi... İnsan bəzən bəzi həqiqətləri özünə belə etiraf edə bilmir. Onun gözünü kor edən isə sevgi olur, daha doğrusu, sevgi zənn etdiyi şey. Sevgi iki tərəfli bir şeydir. Qarşılıqsız olduğu zaman dünyanın ən böyük sevgisi də bədbəxtliklə bitir. Ümidin sevgisi də bitdi, həm də onun öz həyatını bitirərək. Burada həmçinin bizim cəmiyyətin başqa böyük problemi olan sevgisiz ailələr məsələsinə toxunulur. Bir çoxumuz bu sevgisiz ailələrdə böyüdük. Ata-analarımızı dalaşarkən çox gördük, lakin onların bir-birinə sevgi göstərməsini heç görmədik. Dalaşmaq normal idi bizim cəmiyyətdə, ancaq öpüşmək dünyanın ən böyük suçu, günahı. Atamız anamızı bizim yanımızda döyə bilərdi, lakin öpə bilməzdi... Bax Ümid də belə bir ailədə böyüdü, qızını da belə ailədə böyütməkdən çəkinməyəcəkdi, ölməsəydi... Muradın haqqında danışmaq daha da ağrılıdır. Bir toy olur gözləri önündə. Sevdiyi qadın qardaş dediyi adamla evlənir. Axı bu cəmiyyətin vicdanlı, qeyrətli, özünü başqalarından az düşünən oğlu bu toya əngəl ola bilməzdi. Muradın yerində bir qərbli olsa, gəlib Ümidlə danışar və bu qədər adamın faciəsinə əngəl olardı. Ancaq şərin övladı idi, Murad. Bir ömür bədbəxt olmaq bahasına susur. Bütün problemlərə baxmayaraq, əsərdə saf bir sevgi var. Muradla Xanımın sevgisi. Və yan-yana olan iki məzar var. Külək əsəcək, qar yağacaq və yenidən bahar gələcək. Ümid edirəm və inanıram ki, həyat nə o iki məzara, nə də Nigarın bu romanına qəddar davranacaq. Hər ikisinin ömrü uzun olacaq. Gənc dostumuz Nigara uğurlar arzulayaraq fikrimi tamamlamaq istəyirəm. Sizi gözəl bir roman gözləyir, ona görə də çox danışmaq olmaz, xoş oxumalar! Tural Sahab 01.03.2024
Cennet Quşu
Cennet QuşuNigar Qardələn · 20245 okunma
·
116 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.