Söndür bu şamı da, çıraqsız qalım,
qələmsiz, kitabsız, varaqsız qalım,
lap bütün dünyaya maraqsız qalım-
səninlə küsülü qala bilmirəm.
Razıyam sallanam dar ağacından,
əl çəkəm zəliltək kor ağacından,
qalaram yaşamaq ehtiyacından-
səninlə küsülü qala bilmirəm.
Hardasan, yolumu haradan salım?
hansı dərdin ağır, hansını alım?
Dağıt, viran elə, xaraba qalım-
səninlə küsülü qala bilmirəm.