Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Belə...
Hər ömür romandı; uzun, ya qısa,- şirin sevgiləri, acı səhvləri. Sənin yaşadığın bu romanınsa nə çoxdu cırılan səhifələri. Burda uc-ucadı doğruyla yalan, Bəlkə, bu romanı yazan naşıdı? Bu ağ varaqlarda ləkəsi qalan Ya dodaq boyası, ya göz yaşıdı. Çox da varaqlama bu romanı sən, Qəflətən səksənmək təhlükəsi var. Hansı varaqdasa bir də görərsən, Hələ qurumayan qan ləkəsi var. Bu kimin qanıdı? Bu nə qandı? Nə?! Kimin qatilisən? Kimin cəlladı? Batır barmağını, bir vur dilinə, Gör tanış gəlirmi bu qanın dadı. Dadı yox, tamı yox, bu necə qandı? Hardan bu varağa sızılıb bu qan?.. Bir yox, sənin ömrün iki romandı; Biri tanrı yazan, biri sən yazan. Tanrının yazdığı bu deyildi ki... Bir dön ömrünə bax; otuz ildi ki, Tanrının yazdığı o romanı sən Korlaya-korlaya ömür sürürsən. Bir bax o səhvlərə, yalnışlıqlara, Gör necə calanıb biri-birinə. Neçə dostluqlara, tanışlıqlara Sən nöqtə qoymusan vergül yerinə. Gör necə qoşmusan sən bu romanda doğma feilləri yad isimlərə. Böyük sevgilərin keçib yanından uymusan yalançı təbəssümlərə... ...Nə deyir uzaqda səslənən əzan? Deyir, indən belə bu giley nədi? İstər Tanrı yazan, istər sən yazan, Hər iki romanın sonu eynidi, - amma sona gedən yolları başqa. Öləndə Tanrıya üzünü tut, de: - Ey böyük romançı, məni bağışla!..
·
331 görüntüleme
VüsaIe Quluzadeh okurunun profil resmi
#152471644 Ramizin en sevdigim seiridi,bu ikisi)
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.