Bu kitabın orginalını ingilis dilində oxusam da türk dilinə də tərcüməsini tapdım və oxudum. Pis tərcümə deyil. Azərbaycan dilində yoxdur təəssüf ki.
Kitabı alma qərarım @leylakhanahmad –in youtube videosundan sonra oldu. Amazonla sifariş etdim. Mənə gəlib çatması təxmini 10 günə oldu.
Kitabı digər psixoloji kitablardan ayıran əsas məqam hansısa yaşam kouçunun yazmamış olmasıdır. Kitabın yazarı Robin Norwood psixoloqdur.
Gələk əsas məsələyə bu kitabı niyə oxudum və ya niyə oxumalıyıq?! Burada uğursuz münasibət olan qadınlardan danışılır. Uğursuz münasibəti olan istənilən xanım və bəyə baxsaq eyni bəxti yaşadıqlarını görərik. Çox vaxt onlardan “Məni normal adam tapmır ki?!”, “Yaxşı adam olsa məni tapmazdı!”, “Mənim bəxtim gətirmir onsuz!” və s. kimi cümlələri eşidirik. Bəs görəsən onlar həqiqətən bəxtsizdir? Xeyr, əlbəttə. Kitab deyir ki, sağlam psixologiyası olan insan sağlam insan tapacaq və xoşbəxt olacaq. Qurban psixologiyalı biri isə hər zaman narsisti tapacaq. Sevgi kinolarda və ya türk seriallarında göstərildiyi kimi ağrı və ya acı deyil.