Nağıl kimi keçən uşaqlığım
10/10
·80 syf.··
Beğendi
·
2024 37. kitabı
·
1 saatte okudu
·
Okunma: 28 Mayıs 2024 08:15
Hər gününüz xeyirli olsun, əziz kitabsevərlər. Nağıl kimi keçən uşaqlıq illərindən xatirələrini oxuyucusu ilə paylaşan yazıçımız, uşaqlara heyvan sevgisini çox incə ustalıqla ötürür. Əlbəttə, ev heyvanlarının həyatımızdakı əvəzolunmaz rolundan saatlarla danışa bilərəm, lakin başqa bir məqama toxunmaq istəyirəm. Biz körpə olanda, daha dəqiq desəm, uşaq olanda, anamız bizə it, pişik saxlamağa icazə verməzdi. Bir gün öz evim olsun, mütləq bu arzumu reallaşdıracağam deyə, özümə söz vermişdim. Və böyüdüm, öz evim oldu, pişiyim də oldu, sadiq "dostlarım" da oldu. Amma onlardan ayrılacağım halda bu qədər kövrələcəyimi heç bu qədər düşünməmişdim. Dəfələrlə eyni talehi yaşadıqdan sonra bir daha heç bir evcil heyvan saxlamamaq qərarına gəldim. Bir sirr də verim ki, mən hələ də tutuquşularım üçün, sadiq itlərim üçün darıxıram. Və yenə də pişiklərim var, amma həyətdə azad yaşayırlar. İstədikləri zaman gəlib, istədikləri yerə gedirlər. Bağlılıq hissim o qədər qüvvətlidir ki, yatağa belə düşə bilirəm. Ona görə də artıq heç bir canlıya bağlanmamaq qərarı almışam. Qızlarım dəfələrlə evdə pişik, tutuquşu saxlamaq üçün icazə istəyiblər. Ürək sancısı ilə etiraz etmişəm. Başlıca səbəbi, onlar da bir candır. Əmanət can. Qulluğu, baxılması elə də asan deyil. Öhdənə götürürsənsə, ondan məsulsan. Bu məsulliyyəti götürəcək qədər güclü deyiləm. Bir uşaqlıq xatirəmi də qeyd edim; Nənəmlə kənddə yay tətillərimi keçirdiyim vaxtlarda rəngarəng tükləri olan çox yaraşıqlı bir xoruzum var idi. Qeyd edim ki, nənəmin yüzlərlə toyuq-cücəsi, ördəkləri, qalzarı var idi. Və qazları örüşə mən aparardım:) Toyuq-cücənin dənini də özüm verərdim. Hə, harada qalmışdım?! Xoruzum yumurtadan çıxandan ona mən qulluq edirdim. Elə öyrəşmişdi ki mənə, hətta, ovucumdan dən yeyirdi. Və bir gün tətil bitdi. Xoruzumu nənəmə əmanət edib şəhərə gəldim. Nənəm bağındakı sovqatlardan hər fəsildə mənə pay göndərərdi. Bir gün anam dedi ki; "Sənin xoruzun çıxıb odunların üstünə, ayağı sınıb. Nənən də onu sənin üçün hazırlayıb göndərib." Elə bil dünyam başıma yıxıldı. Göz yaşlarım sel idi. İncimişdim. Uşaq ağlımla dərk etmirdim ki, mənim sevimli dostum, bir gün məni öz canıyla bəsləyəcək. Nənəm həyətin dörd bir tərəfinə qablarda su qoyardı. Deyərdi ki; "İlan suya gəlir. Əgər suyunu içsə, çıxıb gedər. " Evdə pişik bəsləməzdi amma, yemək artıqlarından həyətin bir tərəfinə qoyardı. "Gecə pişiklər yeyər deyərdi." Gündüz heç pişik görməzdim. Gecələr isə həqiqətən də pişiklər yeməyə gələrdi. Çox uca bir ağac vardı həyətimizdə. Hacı leyləklər yuva qurardı ən təpəsində. Elə gözəl idilər ki ... Nənəmin ləməsində oturar, onları seyr edərdim. Nənəm deyərdi ki; "Leyləklər balaları ilə Həccə gedirlər, orada dimdiklərinə xına yaxırlar. Ata-ana leyləklər orada qalır, balaları geri gəlir." Nənəm rəhmətə gedəndən sonra hacıleyləklər də geri gəlmədilər... Nağıl kimi keçən uşaqlığımın xatirələrini yazsam, bir kitab da mən yazmalı olacağam:) Dəyərli yazıçımızın kitablarını bütün körpələr və böyüklər oxumalıdır məncə. Heç deyilsə, xatirələrimiz canlanar. Xoş mütaliələriniz olsun.
Nağıllar
Bizim Kəndin NağıllarıZahid Xəlil · Bakı, Libra Kitab · 20244 okunma
·
217 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.