Quşum qondu bir gözələ yamanca,
Təbəssümü yanağını bəzədi.
Ürək birdən dönüb oldu kamança,
Gur saçları kəmanəyə bənzədi.
Haray varmı belə gözəl sənəmdən,
O ki məndən əsirgəmir qadanı?!
Bir yanıqlı səda qopdu sinəmdən,
Təkcə özüm eşitdim o sədanı.
Ürəyimdən qopdu kövrək şeirlər,
Oğul gərək bu görüşü uzada.
Eh, yerin də qulağı var, – deyirlər,
Eh, ona da çatdı bəlkə bu səda?!