İlk öncə bunu nəzərinizə çatdırmalıyam ki, kitabı oxumamışdan əvvəl Lüther haqqında ancaq kilsəyə qarşı reformcu və bu reformunda bəzi dini adətlərə qarşı çıxan və dini düşüncələrdə əsaslı dəyişiklik edən şəxs olaraq məlumata sahib idim. Mövzunu "Lüther və onun etdikləri" olaraq ələ alsaq, mən onun şəxsiyyətinə agah olmadan etdiklərini diqqət mərkəzində saxlamış, onu dövrün Renessans düşünürləri ilə müqayisə edərək "Lütheri Renessans ruhlu şəxs hesab etmək olarmı olmazmı?" sualına qəti münasibət bildirmiş və onu bu dövrdən tamamilə uzaqlaşdırmışdım. Ancaq, Eino Sormunenin bu kitabı ilə tanış olduqdan sonra Lütheri sadəcə reformcu olaraq deyil, sərt katolik bir ailənin dini qaydaları əsasında böyüyən uşaq, həyatının davamında katolik kilsəsinin qaydalarına tabe, ancaq bütün bunların doğru olub-olmadığının sorğu-sualında, ziddiyyətlər içərisində yaşayan və dərin, olduqca həssas bir ruh, əsl xristian olaraq hiss edib, anladım. Bütün düşüncələri "Mərhəmətli Allahı necə tapa bilərəm?", "O'nun tərəfindən necə qəbul görərək hüzura sahib ola bilərəm?" sualları ilə başlamış və Lütheri dərin ruhi iztirablara salmışdır. Bütün bunların nəticəsi olaraq, Lüther, İsa Məsihin bizlərin, yəni insanların yerinə çarmıxa çəkilərək, özü Allahın qəzəbinə sahib olaraq insanlara O'nun bağışlayıcı qüdrətini, sevgisini buraxdığını qəbul edib, Allaha daim ibadət etdiyimiz təqdirdə günahlarımızdan arınmış ola biləcəyimizi bildirdi. Daha da irəli gedərək, indulgensiyalara qarşı çıxdı. Dövrün qaydalarına uyğun olaraq, bir kimsə əgər öz fikirlərində haqlı olduğunu düşünür və açıq müzakirəyə hazırdırsa, bunları yazı formasında hər kəsin görə biləcəyi yerə asmalı idi. Nəticədə, Lüther 1517-ci il Avqustun 31-də məşhur 95 Tezisini Wittenberg kilsəsinin qapısına asır və artıq bununla da Lütheri həyatının sonuna kimi izləyəcək olan fırtınalar başlamış olur... Katoliklər onu yaşarkən tez bir zamanda tarix səhnəsindən yox etmək üçün daima müxtəlif yollara əl atırdılar. Onlar Lütherin bu düşüncələrinin, sadəcə, onun xəstəlikli ruh halından yarandığını və bu səbəbdən bir əhəmiyyətinin olmadığını söyləyir, onun haqqında yanlış əhvalatlar yayırdılar. Təbii ki, Lüther düşüncələrinin dərinliyi, ruhunun həssaslığı, fəlsəfə və dinlə bağlı apardığı dərin və hərtərəfli araşdırmaların nəticəsi olaraq normal və sıradan bir həyati yaşayışa sahib ola bilməzdi. Ancaq, bu vəziyyətini onun reformist tədbirləri ilə qarışdırmamalıyıq... Yazımı yekunlaşdıraraq demək istəyirəm ki, kitab Lüther şəxsiyyəti, onun düşüncələrinin və ruhunun dərinliyi, vicdanının əksinə gedə bilməyərək öz yolundan əsla dönməməsi, ailə vəziyyəti, süfrə danışıqları və s. haqqında olduqca maraqlı məlumatlar verir.
Mən bu kitabı çox sevərək oxudum...
Martin LutherEino Sormunen