·156 syf.····Okunma: 12 Temmuz 2024 00:00 ”Aktrisa” romanı İlqar Fəhminin qələmindən oxuduğum ilk əsərdir. Bu roman İlqar Fəhminin ən çox tanınan əsərlərindən biridir. Əsər iki hissədən ibarətdir: ”Üçbucaq” və ”Gündəlik”.
Oxuyucular olaraq biz birinci hissədə aparılan istintaq proseslərini oxuyuruq. İkinci hissədə isə biz hadisələrin nə səbəbdən baş verdiyini öyrənirik.
Mənim üçün romanın ikinci hissəsini oxumaq daha maraqlı idi.
Roman "VEF-Bank"ın prezidenti Vaqif Eyvaz oğlu Fətəliyevin qətlinin araşdırılması ilə başlayır. Hadisəni araşdıran müstəntiq Eldar Əfəndiyev, Vaqif Fətəliyevin qətlinin ardından iki cinayət hadisəsi ilə daha üz-üzə qalır. Yəqin ki, birinci hissənin ”Üçbucaq” adlandırılmasının səbəbi də baş verən bu üç cinayətin bir-biri ilə bağlı olmasıdır.
Lalə, Vaqif Fətəliyev tərəfindən səhnədən ”oğurlanmış” istedadlı bir aktrisadır. O, o qədər istedadlıdır ki, oynadığı rolu ilə yazıçı Rüfət Hüseynzadəni qatilə belə çevirir. Lalənin özünə məxsus gözəlliyi və davranışları yazıçının diqqətini o qədər cəlb edir ki, o, öz hisslərini cilovlaya bilmir. Lalə “üzdə xoşbəxt gorünən, amma daxildə bədbəxt olan” bir qadın obrazı yaradaraq Rüfəti ovsunlayır. Rüfət Laləni hörümçəyin çənginə düşmüş bir kəpənək olaraq görməyə başlayır və onu xilas etmək istəyəndə özü də bilmədən qurbana çevrilir. Lalənin cazibəsinə qapılan Rüfət, onun əsiri olur. Əvvəlcə Vaqifi sonra isə Laləni öldürərək, öz həyatına da son qoyur. Təsirləndirici tərəfi isə ondadır ki, yazıçı qatil olduğunu Lalə ilə üz-üzə gəldikdən sonra başa düşür. Lalə isə can verərkən belə özünü səhnədə hiss edir və ölümünə gülümsəyir.
“O, elə indi də özünü teatrda hiss edirdi və rol aldığı tamaşada öz ölüm səhnəsini yaradırdı. Yəqin əmindir ki, gözlərini yumacaq və gurultulu alqış sədaları altında yenidən gözlərini açıb ayağa qalxacaq, “bravo” qışqırıqları eşidəcək, vəcdə gəlmiş tamaşaçılardan gül dəstələrini qəbul edəcək...”
Lalənin hal və hərəkətlərini oxuduqca, onun yüksək səviyyəli emosional zəkaya sahib, insanları təsiri altına almağı bacaran manipulyativ bir şəxsiyyət olduğunu hər mənada hiss etmək olur.
Vurğulamaq istədiyim bir məqam daha var. Hələ ən başda Səməd Orucovun Lalə haqqında dediklərini oxuyanda Lalənin cazibəsi mənə Kleopatranı xatırlatdı. Məncə yazıçı Laləni yazarkən Sezarın qəlbini ovsunlamış şahzadədən ilham alıb. Hətta romanın bir hissəsində onun adı da çəkilir. Lalə oynadığı mono pyesi ”Kleopatranın zühuru” adlandırır.
“Tez bir zamanda hər şeyi planlaşdırdım. Hətta quracağım mono pyesə ad da düşündüm... "Klepatranın zühuru". Gözümün qabağına bu mono tamaşanın afişası da gəlirdi. Ortada mənim klassik formada şəklim. Şəklin ətrafında isə yazılar.”
Rövşən İsaxın yaradıcılığı ilə əsərin motivləri əsasında eyniadlı film də çəkilib. Romanı bitirdikdən dərhal sonra filmə də baxdım. Sözün açığı, filmi bəyəndim. Əlbəttə, daha yaxşı ola bilərdi amma yenədə köhnə filmlərimizdən sonra cəmiyyət içərisinində nümayiş etdirilməyə layiq nadir filmlərimizdəndir.
Qeyd: Filimdə istifadə olunan xəncərin tiyəsi diqqətimi çox çəkdi. Əvvəlcə düşündüm ki, nəyə görə romanda təsvir edildiyi kimi tiyəsi güllərlə və naxışlarla bəzədilmiş bir bıçaq yerinə hörümçək motivli bir xəncər istifadə ediblər? Sonra isə Rüfətin Vaqifi hörümçəyə bənzətdiyi hissələr yadıma düşdü. Düşünürəm ki, bu, kiçikdə olsa çox gözəl bir detal idi.
Qeyd 2: Romanda məni ən çox təsirləndirən və yadda qalan məqamlardan biri Lalənin Rüfətin səsini heç vaxt eşitməməsi oldu.