1 ay əvvəl eyniadlı filmi izləmişdim, bu kitabı da mütləq bir gün oxuyacağımı düşünürdüm, artıq bu gün o kitabı da oxumuş biri olaraq deyə bilərəm ki, yazıçı və rejissor hər ikisi möhtəşəm sənət əsəri yaradıb. Belə ki, sevdiyi sənətdən ayrılan Lalə Fətəliyeva bunu heç cür qəbul edə bilmir və sanki 1 tamaşaçısı olan zalda aktrisa kimi rola girir. Bu tamaşanı hər gün öz pəncərəsindən izləyən- "yeganə tamaşaçı" yazıçı Rüfət Hüseynzadə isə qızın qəribə hərəkətlərini, əri ilə olan pis münasibətlərini görür və onu hörümçək torunda çırpınan bir kəpənəyə bənzədir. O bu dəhşətli səhnələrə dözə bilmir, qərara gəlir ki, kəpənəyi azadlığa çıxararaq tezliklə ona sahib olsun. O, Vaqif müəllimi öldürür, lakin sonra baş vermiş hadisələr heç də ürəkaçan olmur. Lalə hər şeyi bilirdi, amma o polisə xəbər vermir. Çünki bilirdi ki, hər şeyin günahkarı özü idi. O, hər şeyin sadəcə bir oyun olduğunu yazıçıya deyir, Rüfət müəllim isə sakitlik içində sadəcə dinləyir, heç bir cavab verə bilmirdi. O fikirləşirdi ki, belə davam etsə, o hələ neçə insanın duyğuları ilə oynayıb, görünməz bir "qatil"ə çevriləcək. Bu ola bilməz idi, onu öldürməli idi. Tez aşağı düşüb bıçağı alır, əvvəlcə qızın əllərini bağlayır, sonra isə vena damarını kəsir. İndi vicdanı rahat idi, amma o qatil kimi yaşaya bilməzdi, beləliklə o həm də özünü öldürərək əbədiyyətə qovuşur.
Əsərdən çıxardığım dərs odur ki, insanı sevdiyi bir işdən uzaqlaşdırmaq dəhşətli ölüm(-lər)ə belə səbəb ola bilir. Ona görə də, ən əsas indiki valideynlərə səslənərək deyirəm ki, uşağınızı sevdiyi bir işdən təcrid etməyin, əksinə bu işi daha yaxşı görüb professional bir sənətkar olanadək çalışın, onu həvəsləndirin, ruhlandırın, əmin olun, sonda peşman olmazsınız:)