Həm Anton Çehov'dan , həm də teatr janrından oxuduğum ilk əsər idi. Bu əsər dramatik teatr janrında yazılan dörd pərdəli bir pyesdir. Əsərin əsas mövzusunu, teatr aləmindəki insanlar arasındakı münasibətlər və onların şəxsi hissləri təşkil edir.
Əsas qəhrəmanlar arasında yazıçı Trigorin, aktrisa Arkadina, onun oğlu Treplev və Nina adlı gənc qız var.
Trigorin, öz sənətinə sadiq bir yazıçı olsa da, həyatının monotonluğundan bezmiş və yaşadığı həyatı sevməyən bir obrazdır. (Ayrıca bu obrazın gerçək sevginin nə olduğu barədə bir fikri olduğunu düşünmürəm).
Arkadina məşhur bir aktrisadır və bu obraz özündən başqa heç kimə əhəmiyyət verməyən , oğlunun düşüncələri ilə çox zaman zidd düşüncəyə sahib olan bir obrazdır.
Treplev isə əsər boyu özünü Trigorin ilə müqayisə edən və ondan daha yaxşı olduğunu (olacağını) ilk növbədə anasına və digər insanlara sübut etməyə çalışan bir obrazdir.
Nina obrazının isə əsərin başlarında sevimli bir obraz olduğunu düşünürdüm ama bu obraz sırf xəyallarını gerçəkləşdirmək və gerçək sevgi olduğunu düşündüyü hisslərinin arxasınca getmək üçün çox məntiqsiz qərarlar verən bir obraz idi.
Anton Çehov pyesində bu personajların həyatını və onların içində yaşadıqları çətinlikləri oxucuya çox aydın şəkildə çatdırdığını düşünürəm.Həmçinin əsəri oxuyarkən, xarakterlərin bir-birinə zidd xüsusiyyətlərini, onların gerçəklik və arzuları arasındakı uçurumu necə incəliklə oxucuya çatdırıldığını görə bilərik.