Gi de Mopassan 19-cu əsrdə yaşamış fransız yazıçıdır, o öz əsərləri ilə dünya ədəbiyyatında özünəməxsus tərzi olan bir nəql ustası kimi yaddaşlarda qalmış, yazdığı hekayələri, romanları öz psixoloji frazaları ilə daim oxucunun diqqətini özünə cəlb etmişdir. Hekayələrinin və romanlarının ana başlığı fonunda sosial məsələlər və insanın daxili dünyası dayanmışdır.
Mopassan 5 avqust 1850-ci ildə Normandiyada doğulmuşdur. Öz dövrünün bir çox ziyalısını tanımaq imkanı əldə edən yazıçı başqa bir dahi fransız yazıçısı Gustave Flaubertin təsiri altında yetişmişdir. Gustave gənc yazıçının karyerasında dərin iz buraxmış və onun yazıçı kimi püxtələşməsində spesifik rol oynamışdı. Hətta Flaubert sayəsində o İvan Turgenevlə tanış olmuş, Turgenevə “ikinci müəllimi” adını vermişdi. İlk hekayə kitabı olan və 1881-ci ildə yazmış olduğu “Telyenin müəssisəsi” kitabını da elə birbaşa dahi rus yazıçısına ithaf etmişdi.
Yazıçının ən məşhur hekayələrindən biri heç şübhəsiz Prussiya ilə müharibədən sonra Fransa ictimaiyyətinin bölünmüş vəziyyətini təsvir etdiyi “Gonbul” hekayəsi olsa da, biz bugün onun fərqli kitabından – bir romanından bəhs edəcəyik, lakin bundan əvvəl qeyd etməliyik ki, nəinki öz dövründə, elə indi də çox sevilən bu yazıçı cəmi 43 illik qısa bir ömür sürüb bu həyatda. Üstəlik 1892-ci ildən etibarən yazıçının zehni təfəkküründə geriləmə müşahidə olunur və o bu problemlə bağlı müalicə alır. Eyni zamanda intihara da təşəbbüs göstərən Mopassan 1893-cü ildə beyin iflicindən xəstəxanada dünyasını dəyişir.
Bugün biz yazıçının əsas əsərlərindən biri sayılan “Qəşəng dost” romanı barədə danışacağıq. İlkin olaraq onu qeyd edək ki, bu roman 1885-ci ildə ərsəyə gətirilib. Əsərdə mövzusu Fransanın burjua əxlaqının, kübar cəmiyyətinin daxilində baş verən sosial, əxlaqi, siyasi məsələlərdir. Baş qəhrəmanımız Jorj Dürua adlı əvvəllər hərbçi olmuş, Əlcəzair müharibəsində döyüşmüş, daha sonra isə Parisə gələn və bir qara qəpiksiz Paris küçələrində dolanan bir gəncdir. Jorj sözün həqiqi mənasında bir gün ac, bir günü tox keçirir, o gündəlik evdən çıxarkən daim öz cibindəki pulu, ki ona pul demək olardısa, qəpik-quruşu necə daha sərfəli şəkildə xərcləyərək ac qalmayacağını düşünən bir şəxsdir. Onun əsas özəlliyi isə dəhşətli dərəcədə yaraşıqlı bir kişi olmasıdır. Bəli, o yaraşıqlıdır, cazibədardır, lakin bundan istifadə edə biləcəyi bir mühitdə yaşamır. Ümumiyyətlə, o öz yaraşığını xatırlamır belə. Maddi problemlərin dairəsi bu qəhrəmanımızı o qədər ağuşuna alıb ki, həyatının mərkəzində bu səfillikdən yaxa qurtarmaq dayanır. Təsadüfən bir gün yenidən Parisdə gəzişərkən öz əsgərlik dostu Forestyeni görür, amma Forestye nə Forestye. Tamamilə dəyişən bu “köhnə dost” hər zərrəsi, hər hərəkəti ilə Düruaya yaxşı yaşamdan, varlı, kübar cəmiyyətdən xəbər verir. Paris küçələrində rastlaşan bu 2 tanış əslində müəyyən dərəcə Mark Tvenin məşhur “Şahzadə və Dilənçi” əsərindəki qəhrəmanları xatırladır. Bax elə bu görüş hər iki qəhrəman üçün çox vacib olur. Biri bu görüşdən sonra tam zirvəyə çıxmağa, digəri isə tam dibə yuvarlanmağa başlayır, lakin proses necə olur, gəlin onu izah edək.
Köhnə tanışını görməyə çox şad olan Forestye Düruanı içməyə aparır, elə orada da onunla dərdləşməyə, söhbətləşməyə başlayır. Bunun sonunda anlaşılır ki, Dürua işsizdir, həyat onu maddi cəhətdən yetərincə sıxır. Dostu isə əksinə, Parisin çox da məşhur olmasa da, müəyyən reputasiyası olan “Fransız həyatı” qəzetinin aparıcı simalarından biridir. Kübar cəmiyyət onun üçün tamamilə əlçatan olmasa da, ən azından ora gedən cığırı tanıyır və indi də olmasa, bir müddət sonra tamamilə yaxından tanıdacaq özünü bu burjuaziyaya, lakin indiki özü müəyyən bir pilləyə gəlib, bəs niyə dostuna, köhnə tanışına, əsgərlik yoldaşına yardım etməsin? Elə bu minvalla da onu “Fransız həyatı” qəzetinə gətirən Forestye Düruanın, yəni bizim yaramaz baş qəhrəmanımızın əlçatmaz hesab etdiyi cəmiyyətə giriş qapısı olur.
Gəlin bir qədər də Dürua haqqından danışaq. O elə bir xarakterdir ki, həm haqqında danışılacaq çox şey var, həm də heç bir şey. İlkin baxışdan sadə görünən bu personaj hər səhifəni irəlilədikcə tamamilə fərqli bir kimliyə bürünür. Bu anlamda onu müəyyən dərəcə Breaking Bad serialındakı Walter White obrazına oxşadıram. 1-ci sezonda heç kimlə işi olmayan kimya müəllimi son sezonda hamı tərəfindən ələ keçirilməsi mümkün olmayan Heisenberg-ə çevrilir. Mən dəyərli izləyicilərimizə bir nüansı xatırlatmaq istəyirəm. Prosesin özü nəticədən daim daha önəmli və daha qiymətlidir. Odur ki nə vaxtsa bizim videolarımızda bəlkə də spoiler olsa belə, ki biz bunun baş verməməsi üçün müəyyən dərəcə səy göstəririk, lakin haqq verərsiniz ki, bir əsəri sıfır spoiler olmadan sizlərə xülasə şəklində təqdim etmək bir qədər çətindir. Odur ki, nə vaxtsa spoiler olsa belə, siz o əsəri oxumaqdan əsla çəkinməyin, çünki əsas məsələ Düruanın nəticədə kimə çevrilməsi deyil, necə çevrilməsidir.
Bayaq da qeyd etdiyim kimi Dürua çox bəsit personaj kimi görünə bilər, lakin dərinliyində çox fərqli kimliklər yatır. O artıq öz silahından istifadə edə bildiyi bir mühit tapıb. Silahı yaraşığı, mühiti isə Paris kübar mühitidir. Şikarları onsuz da hər birinizə məlumdur. Möhtərəm və əxlaqlı burjua qadınları. Sadəcə məsələ ondan ibarətdir ki, Dürua heyvani bir instinktlə qadınla yanaşmır. Əlbəttə, işin içində şəhvət də var, cinsi istək də var, o qadınlarla yatmaq arzusu da var, lakin onsuz da əvvəllər o öz yaraşığı ilə kasıb da olsa, qadınları tovlaya, onları öz yatağında qonaq edə bilirdi. Bu dəfə məqsəd fərqlidir. Hər bir qadın vasitəsilə bir pillə irəliləmək. Bəli, bu bir çoxunuza ucuz, bir çoxunuza bəsit və ya bayağı gələ bilər, ki məncə də elədir. Yox, heç narahat olmayın, Mopassan da elə Düruanın bu taktiki manevrini tam alçaqlığı ilə təsvir edib əsər boyunca. Əsla şişirtmə və ya süni şəkildə qəbullandırmadan istifadə edir. O elə Düruanı olduğu kimi təqdim edir bizə. Fransız realizminin ən görkəmli nümayəndələrindən sayılan yazıçı aid olduğu cərəyanı tam çılpaqlığı ilə silah kimi istifadə edir. Jorj Dürua. Bəli, o qadınpərəstdir, xudbindir, alçaqdır, amma o hədəfinə çatmaq üçün daim çalışan bir şəxsdir. Yox, Martin Eden kimi və ya “Bir qalanın sirri” filmindəki Elşən obrazı kimi “gecələr yatmayan, gündüzlər dincəlməyən” bir obraza çevrilmir, əgər bu olsaydı, onsuz Mopassan yaradıcılığına yad bir nüans olardı. Mopassanın Düruası normal həyat fəaliyyətinə davam edir, lakin çox ağıllı, çox zirək manevrlər edərək. Qəzetdə yüksəlmək üçün Forestyedən, həyat yoldaşı Madlendən məharətlə istifadə edir, eyni zamanda onların vasitəsilə yeni əlaqələr qurur və qurduğu bu əlaqələr ona gələcək üçün, həmin o qızıl qapı üçün yol açır.
Mopassan əsərdə bir çox siyasi, sosial, dini, əxlaqi mesajlar ötürür. Bunların hamısı oxucular üçün fərdi xarakter daşıdığından yaxşı olar ki o mənaları özləri oxuduqca dərk etsinlər. Lakin düşünün ki, əsərdə həm Fransa siyasi həyatından, Fransanın Əlcəzairə, Mərakeşə olan münasibətindən, daxildə yüksək vəzifəli şəxslərin arasındakı taxt-tac oyunlarından, habelə bir adət olaraq problemlərin yekun həlli kimi təqdim edilən dueldən, kilsədən, şəhər və kənd fransızı arasındakı mütləq fərqlərdən və daha bir çox məsələdən söhbət açılır. Əlbəttə, bütün bunları oxumaq özlüyündə çox qiymətli, çox dəyərlidir, amma bunları Mopassan kimi bir dahinin qələmindən oxumaq isə insana ikiqat zövq verir. Bəzi yerlərdə qanınız donacaq, bəzi yerlərdə tükləriniz ürpərəcək, bəzi yerlərdə dəhşətə gələcəksiniz, buna əmin ola bilərsiniz.
Romanda müəyyən dərəcə xarakter analizi vermək istədiyim başqa obraz isə Madlen Forestye, yəni bizim Forestyenin həyat yoldaşıdır. Dürua nə qədər qəşəng kişidirsə, Madlen də bir o qədər gözəl qadındır və məsələ də odur ki, Madlen də bunun fərqindədir və öz görünüşündən məharətlə istifadə edir, lakin onun əsas silahı heç də gözəlliyi deyil, iti zəkası və qandondurucu soyuqqanlılığıdır. Bəzi hissələrdə mən hətta oxucu kimi öz yerimdə dura bilməsəm də, emosional reaksiya versəm də və personajın da bu tip reaksiya verməsini daxilən istəsəm də, bu obraz həqiqilikdən əsla uzaqlaşmayacaq şəkildə hadisələrə çox praqmatik və rasional baxır. Hə, bir də əsas məsələ odur ki, Madlen bir sıravi insani dahi bir jurnalistə çevirəcək yazı bacarığına və mentor xüsusiyyətlərinə malikdir. Yəni açıq şəkildə qeyd etsək, Madlen kişilərə yox, jurnalist olmaq istəyən kişilər bu qadına ehtiyac duyur, lakin əsər boyu biz əslində Madlenin kim olduğunu tam qəti şəkildə ayıra bilmirik və Mopassan onun sirli prototipini açmağı oxucunun ixtiyarına verir.
Çox danışmaq olar, lakin bu qədər spoiler kifayətdir, məncə. Son olaraq onu da qeyd edək ki, Teas yayınları tərəfindən təzəliklə çox qəşəng tərcümə olunmuş şəkildə bu roman yenidən nəşr olunub və mən də xoşbəxtlikdən elə bu nəşriyyat vasitəsilə Mopassan ilə tanış olmuşam. Hər kəsə də tövsiyə edə bilərəm. Xatırladım ki, bu məsləhət reklam xarakteri daşımır