·636 syf.··Beğendi
···Okunma: 11 Ağustos 2024 10:24 Çox uzun zaman dolabda saxladığım, oxumağa cəsarət etmədiyim #k:91127. Nəhayət bu utancdan özümü xilas edə bildim və rus ədəbiyyatının bu şah əsərini oxuya bildim.
Bəzi fikirlərimi bölüşmək istərdim əsərlə bağlı.
Öncəliklə əsər bir çox aspektdən təhlil edilə bilər təbii ki. Lakin burada əsas fikir budur məncə: İnsanın öz eqosunu tətmin etmək üçün, özünü doğrultmaq üçün etdiyi cinayət, lakin sonda yaşadığı xəyal qırıqlığı ucbatından aldığı (bəlkə də özünə verdiyi) cəza. Bəli, Raskolnikov-gənc tələbə, hüquqşünas-müəllim bir idealistdir, fikir sahibidir. Əsərdə haqqında az söhbət getsə də, əsəri quran elə onun yazdığı məqalədir. Hansı ki, o məqalədə insanları "adilərə" və "qeyri-adilərə" bölmüşdür. Raskolnikov özünü bu bölgüdə "qeyri-adilərin" sırasında görür. Napoleonla bir sırada. Napoleon bir çox cinayətlər törətmiş, lakin sonda rəğbət görmüş bir hakimdir. Raskolnikov da niyə onun kimi ola bilməsin? Elə bu düşüncələr onu cinayətə sövq edir. Sələmçi qarını və onun bacısını (olsun ki, bacısını bilmədən öldürür və bunu anlayır) öldürür.
Maraqlısı budur ki, əsərin sonuna qədər, özünü polisə təslim etsə belə günahkar olduğunu qəbul etmir. Və dünyanı, insanlığı lazımsız, vicdansız bir bitdən xilas etdiyini düşünür. Bəzən özünün də elə bir bit olduğunu fikirləşir əslində.
Dostoyevski dühasi insan psixologiyasını çox gözəl yansıtmışdır əsərdə, bunu xüsusilə Raskolnikovun və Svidriqaylovun timsalında görə bilirik.
Svidriqaylov Raskolnikov ilə müqayisə edilə bilər bir baxımdan. Hər ikisi cinayətkardırlar. Lakin ölümdən qorxsa da, Svidriqaylov özünü öldürdüyü halda Raskolnikov həyatdan yapışmağı seçir, hərçənd, o da neçə dəfə özünü öldürməyi düşünmüşdür. Bəs bunun səbəbi nədir? Niyə polisə təslim olmağı ölümdən üstün tutur, öz diliylə desək.
Burada əsas səbəb Raskolnikovun malik olduğu sevgidir. Sonyanın ona olan sevgisi. Svidriqaylov isə bu sevgini Avdotya Romanovnada görə bilmir və elə bunun ardınca da özünü öldürür.
Svidriqaylov nə qədər alçaq bir obraz olsa da, onun ölümü insana təsir etməyə bilməzdi. Çox gözəl və təsirli qələmə alınıb. Romanova gəldikdə o yaşayır. Sona yaxın hətta müəyyən əqidə dəyişikliyinə uğrayır. Və hətta etiraf etməkdən çəkindiyi sevgini Sofyanın ayaqlarına atılaraq ona bildirir. Bir digər gözəl epizodlardan biri idi bu epizod.
Onu da deyim ki, əsəri Dostoyevski yarıda buraxmışdır sanki, sonunu bizə, oxuculara həvalə edir. Amma mən istərdim, kaş 7 ildən sonranı da ələ aldığı bir epiloq yazaydı kitaba.
Kitabı bəyəndim. Dostoyevski insan məhrumiyyətlərini, kasıblığı, bunun gətirdiyi əzabı, eqoizmi, özündənrazılğı sevgini, nifrəti çox gözəl şəkildə yansıdıb əsərdə. Hərhalda oxumayan varsa mütləq vaxtını ayırıb oxumalıdır bir gün.