"Taun" romanın təhlili
Puan vermedi·304 syf.··
2024 8. kitabı
·
10 günde okudu
·
Okunma: 12 Ağustos 2024 00:00
Hər kəsə salam! Bu gün sizə Albert Kamyunun "Taun" əsərinin təhlili ilə gəlmişəm. Camusun altı kitabını oxumağıma baxmayaraq, bu əsərin təhlilini ilk dəfə edirəm. Ən çox "Çöküş" əsərini təhlil etmək istəyirəm, amma hələ də bu barədə tərəddüd edirəm, halbuki həmin əsəri üç dəfə oxumuşam. Çox danışmıyım keçək təhlilə. ----------------------------------------------------------------------------------------- "Taun" əsərinin hadisələri Əlcəzairin Oran şəhərində cərəyan edir. Adından da göründüyü kimi, bu şəhərdə taun epidemiyası yayılır və şəhər əhalisinin bu dəhşətli xəstəliyə qarşı mübarizəsini əks etdirir. Kitabla bağlı ilk əsas bənzətməni qeyd etmək istəyirəm ki, bu, əsərin 1947-ci ildə nəşr olunması ilə də təsdiqlənir. Bu bənzətməyə görə, roman, Avropaya qara taun kimi yayılan faşistlərin Fransanı işğal etməsi ilə əlaqələndirilir. Fransanın İkinci Dünya Müharibəsi zamanı məruz qaldığı alman işğalı və işğala qarşı yaranan Müqavimət hərəkatı romanda vəbaya qarşı alınan tədbirlərlə müqayisə olunur. Albert Kamyu özü də almanların Fransanı işğal etdiyi vaxt Müqavimət hərəkatında aktiv rol oynayıb və Parisə qayıtdıqdan sonra qadağan olunmuş "Combat" qəzetində redaktor və jurnalist kimi fəaliyyət göstərmişdir. Bu bənzətmə təkcə sözdə deyil, Kamyunun hərəkətlərində də öz əksini tapır və bu, əsərin əsas bənzətmələrindən biri hesab olunur. Romanda, kim olursa olsun - rahib, əcnəbi, yerli - taunla mübarizəni dərk edən hər kəs birlikdə bu bəlanın qarşısında durur. ----------------------------------------------------------------------------------------- Oran şəhərində taun başlamazdan əvvəl insanlar öz adi həyatlarını yaşayırdılar. Gündüzlər işdə olurlar, axşamlar isə çimərlikdə, kafe-restoranlarda, teatr və kinoteatrlarda vaxt keçirirdilər. Onlar həyatlarını sadəcə bir rutin olaraq yaşadıqlarından, heç nəyin fərqində deyildilər. İnsanlar özlərinin fərqinə varmadan, sadəcə öz kefləri üçün yaşayır, zamanlarını doldurmaq və düşünməkdən qaçmaq üçün daim bir şeylərlə məşğul olurdular. Taun ilk yayılmağa başlayanda, insanlar bunun şəhər ətrafında qaldığını düşünərək, bu hadisəni adi bir hal kimi qəbul etdilər. Yəni, bunun gəlib-keçici bir şey olduğunu zənn edirdilər. Lakin gündən-günə ölənlərin sayı artmağa başlayanda və şəhərin darvazaları bağlananda, insanlar yavaş-yavaş vəsvəsəyə düşməyə başladılar. Bununla bağlı yerində bir sitat var: "Şəhəri dəhşətə gətirmiş bu xəstəlik yalnız xəstəlik qorxusu gətirməmişdi. O, həm də insanları xatirələrlə yaşamağa və daxili haqq-hesab çəkməyə məcbur etmişdi. Beləliklə, xəstəlik fikri insanları özündən yayındırır və yeni imkanlar axtarmağa məcbur edirdi." Şəhərin yolları bağlanandan sonra insanlar uzaqda olan sevdiklərinin həsrətini çəkməyə başladılar. Normal şəraitdə bir əlaqənin bitməsi o qədər də kədərli görünməsə də, şəhər yolları bağlanandan sonra bu həsrət və ayrılıq daha da mənalı bir hal aldı. İnsanlar ölümün bir addımlığında olduqlarının fərqinə vardılar, amma yenə də tamamilə bədbinliyə qapılmadılar. Əvvəllər insanlar bu xəstəliyi adi bir hal kimi qəbul etdikləri vaxt, dinə inanırdılar. Lakin vəziyyətin ciddiləşdiyini gördükdə, həyatın şirinliyini xatırlamağa başladılar. Əldə olan imkanlarla bu vəziyyətdən üz döndərməyə çalışdılar. Fərqinə varsalar da, bu acı həqiqəti qəbul etmək istəmirdilər və bir növ boyun qaçırırdılar. Vaxt keçdikcə, epidemiyanın ən ağır mərhələsi gəldi və ümidsizlik baş qaldırmağa başladı. İnsanların bir qismi vəziyyəti qəbul etsələr də, bununla bağlı heç bir şey etmədilər. Elə bil ki, həyatın mənasızlığını görüblər, amma bu mənasızlıqla barışmaqdan başqa bir şey etmədilər, mübarizə aparmağa belə çalışmadılar. Xəstəlik qurtardıqdan sonra şəhərin darvazaları açıldı. Hamı ümidlə sevdiklərinə qovuşacağı anı gözləyirdi. Amma bu həsrətin bitməsi ilə birlikdə bir başqa hiss də baş qaldırırdı: bu həsrət yanğısının bitəcəyinə görə bir az da təəssüf edirdilər. Bu hissin bitməsini istəsələr də, eyni zamanda onun davam etməsini arzulayırdılar. Bu vəziyyəti gözəl bir sitatla ifadə etmək olar: "Görüşə tələsənləri ancaq görüş maraqlandırırdı. Onlar sadəcə bir dəyişiklik hiss edirdilər: aylar boyu ayrılığın qısalmasını, azalmasını arzuladıqları halda, indi şəhərə çatdıqları və qatarın dayanmağa başladığı anın uzanmasını istəyirdilər. Bir neçə ayda itirdikləri sevgi çağlarının əvəzini çıxmaq üçün sevinc dəqiqələrinin uzanmasını arzulayırdılar. Ramber də belələrindən idi, taunlu aylar onun alovlu məhəbbətini mücərrəd bir hissə döndərmişdi; qorxurdu ki, əvvəlki duyğularını yenidən tapa bilməsin." Beləliklə, taun sona çatdı və insanlar yavaş-yavaş əvvəlki həyatlarına qayıtmağa başladılar. Lakin əvvəlki vəziyyətdən fərqli olaraq, indi içlərində az da olsa ölümün fərqindəliyi var idi. Burada ən təsirli hissələrdən biri, ölülərin basdırılması məsələsini çarpıcı şəkildə təsvir etməsidir. Epidemiyanın şiddətlənməsi ilə birlikdə ölənlərin sayı o qədər çoxaldı ki, onları basdırmağa yer qalmadı. İlk zamanlar ölülər üçün böyük çalalar qazılıb, qadınlar ayrı, kişilər ayrı şəkildə həmin çalalara qat-qat basdırılırdılar. Lakin bu üsul da kifayət etmədi, yer çatışmazlığı səbəbindən qadın və kişiləri bir-birindən ayırmadan eyni çalaya basdırmağa başladılar. Bu vəziyyətin də kifayət etmədiyini gördükdə, şəhərin kənarında bir zavodda vaqonlara ölüləri qalaq-qalaq yığıb yandırmağa başladılar. Bu mənzərə həm insanların içindəki ümidsizliyi, həm də vəbanın nə qədər dəhşətli olduğunu çox bariz şəkildə əks etdirir. Kamyu, bu təsvirlərlə oxucunu ölümün və ümidsizliyin real hissi ilə üz-üzə qoyur, insanın bu cür vəziyyətlərdə necə çarəsiz olduğunu göstərir. Ölümlərin sayının getdikcə artması, cəmiyyətin insanlığa xas qaydaları belə unutmasına səbəb olur. Bu da əsərin əsas fəlsəfi mövzularından olan absurdizmə bir nümunədir; həyatın mənasızlığı və insanın bu mənasızlıq qarşısında çarəsizliyi. ----------------------------------------------------------------------------------------- Personajlara gəldikdə onlaq haqqında da, qısaca danışmaq istəyirəm. 1. Doktor Bernar Ryö O, Oran şəhərində yaşayan və vəba epidemiyasına qarşı mübarizə aparan bir həkimdir. Taun başlayandan bitənə qədər öz şəxsi təhlükəsizliyini və rahatlığını qurban verərək mübarizə aparır. Öz soyuqqanlığını taunun ən pis vaxtlarında belə qoruyur. Həyat yoldaşı taun başlamamışdan əvvəl şəhər kənarında müalicəyə gedir şəhər bağlanandan bəri heç cür ondan məlumat almır. Buna baxçmayaraq yenə öz hisslərini biruzə vermir. Gecə-gündüz xəstələrin yanında olur, xəstənin sabah öləcəyini bilsə belə onun vaksin vurur,m yaraların çərtir yəni öz işini layiqincə yerinə yetirir. Sevdiklərini itirsə belə bununla barışır. Ryö, Kamyunun absurdizm fəlsəfəsini təmsil edən bir obrazdır. O, həyatın mənasızlığı və insanın bu mənasızlıq qarşısında çarəsizliyini qəbul edir, lakin buna baxmayaraq, mübarizəsini davam etdirir. Ryö üçün bu mübarizə, insanlığın əsas mənəvi vəzifəsi və həyatın mənasızlığına qarşı bir cavabdır. 2. Jan Tarro Jan Tarro, əsərdə vəba ilə mübarizənin önəmli simalarından biridir. O, həkim və sanitar işçilərinin çatışmadığı bir vaxtda Doktor Bernar Ryöyə yaxınlaşaraq könüllü dəstələr yaratmaq təklifi ilə çıxış edir. Bu təşəbbüs nəticəsində şəhərdə vəba ilə mübarizə aparmaq üçün çoxlu sayda dəstə formalaşdırılır. Tarro'nun şəxsiyyəti bir qədər sirli və mürəkkəbdir; onun vəbaya qarşı münasibəti digərlərindən fərqlənir. Tarro, Ryö ilə bir dialoqunda qeyd edir: "Bircə onu bilirəm ki, hər vasitə ilə çalışıb taunlu həyatımızı dəyişməliyik. Ancaq bu yolla rahatlıq taparıq. Yalnız bu yolda insan xilas olar, az yamanlıq edər, bəlkə üstəlik yaxşılıq etməyə də imkan tapar." Bu ifadə Tarro'nun həyat fəlsəfəsini əks etdirir: o, hər cür ədalətsizliyə, xüsusilə də ölümə və ölümə haqq qazandıran hər cür hərəkətə qarşı mübarizə aparmağa qərarlıdır. Dialoqun sonunda isə Tarro nə demək istədiyini açıq-aşkar ifadə edir: "Qəhrəmanlığa və müqəddəsliyə marağım yoxdur. İnsan olmaq istəyirəm." Bu sözlər, Tarro'nun qəhrəmanlıq və müqəddəslik anlayışlarına laqeyd olduğunu, sadəcə insan olmağı və bu çərçivədə vicdanlı yaşamağı arzuladığını göstərir. Tarro'nun bu yanaşması, onun əslində sadəcə olaraq insanlıq borcunu yerinə yetirmək istəyində olduğunu və bütün fəaliyyəti boyunca bu məqsədlə hərəkət etdiyini oxucuya çatdırır. 3. Rahib Panelu Rahib Panelu dini təmsil edən bir obrazdır və epidemiyanın mənasını dini cəhətdən izah etməyə çalışır. Əsərin əvvəlində, Panelu keçmişdəki vəba epidemiyalarının gətirdiyi fəlakətlərdən danışır və bu bəlaların səbəbkarının insanların günahları olduğunu açıqlayır. Onun fikrincə, bu cür fəlakətlər ilahi bir cəza olaraq görülməli və insanların öz günahlarını anlaması və tövbə etməsi ilə nəticələnməlidir. Jan Tarro, Panelunun ilk moizəsini dinlədikdən sonra onun haqqında belə bir söz işlədir: "Panelu dini təlim edir. O, can verən adamları az görüb və buna görə ancaq haqqın adından danışır. Kənd kilsəsində günahkarları qəbul edib dinləyən və can verənlərin başı üstündə durub dinləyən keşiş elə mənim kimi fikirləşir. Belə adamlar bəlanın mənasını aramazdan əvvəl ona çarə qılmağa çalışır." Bu sözlərdən aydın olur ki, Tarro, Panelunun dini mövqeyini tənqid edir və onun vəbanın mənasını anlamağa çalışmaq əvəzinə, insanlara yardım etməyə diqqət yetirməli olduğunu vurğulayır. Vəziyyət ağırlaşdıqca və epidemiyanın təsiri daha da dəhşətli hala gəldikcə, Doktor Ryö, Paneluya könüllü dəstələrə qoşulmağı təklif edir. Panelu, əvvəlki dini mövqeyindən geri çəkilərək, artıq mənəvi anlam axtarmaq yerinə, insanlara yardım etməyə qərar verir və dəstələrə qoşulur. Lakin onu ən çox sarsan hadisə, bir uşağın gözləri önündə can verməsidir. Bu an, Panelu üçün dərin bir mənəvi sarsıntı yaradır və onun əvvəlki dini inamları və təlimləri təməlindən sarsılır. İkinci moizəsində, Panelu bir rahib kimi danışmağa çalışsa da, sözləri daha da anlaşılmaz və çaşqın olur. O, özündə böyük bir inamsızlıq hiss etməyə başlayır və əvvəlki dini etiqadlarının, bu qədər böyük bir acı qarşısında nə qədər dayanıqlı olduğunu sorğulamağa başlayır. Panelu, mənəvi çaşqınlıq içində, insanlıq vəziyyətinin daha mürəkkəb olduğunu və bəzən mənəvi izahların kifayət etmədiyini qəbul edir. 4. Kottar Kottar, maraqlı və mürəkkəb personajlardan biridir. O, yalnız öz mənafeyini düşünən və yaranmış vəziyyəti öz xeyrinə dəyərləndirməyə çalışan bir insandır. Vəba epidemiyasından əvvəl Kottar bir cinayət işlətmişdir; adam öldürdüyü üçün polisdən qaçır və nəticədə intihara cəhd edir. Lakin qonşusu onu vaxtında xilas edir. Vəba epidemiyası yayıldıqdan sonra isə Kottar, şəhərdəki qayda-qanunların alt-üst olduğunu görür və hər kəsin başının vəbaya qarışmasından istifadə edərək qaranlıq işlərə girişir. O, qaçaq yolla içki, siqaret və digər bahalı, tapılması çətin olan məhsulları gətirir və bunları baha qiymətə sataraq varlanır. Doktor Ryö və Jan Tarro onu dəstələrə qoşulmağa çağırsa da, Kottar bu təklifi rədd edir. O, yaranmış vəziyyətdən məmnun olduğunu bildirir və epidemiyanın bitməsini istəmir. Kottarın məmnuniyyətinin başqa bir səbəbi də vardır: Vəba başlamazdan əvvəl o, vaxtının çoxunu evində keçirən, daim qayğılı və nigaran bir insan idi, çünki hər an polisin gəlib onu tutacağından qorxurdu. Buna görə də, insanlardan uzaqlaşmışdı və onların normal həyatlarından zövq almaqlarını, deyib-gülmələrini qısqanırdı. Lakin vəba başlayanda, hamının onun kimi yaşamağa başladığını hiss etdi və bundan zövq aldı. Hətta ən bahalı restoran və kafelərə gedir, orada saatlarla vaxt keçirirdi, çünki artıq polis təhlükəsi yox idi və hamı onun kimi qayğılı və qorxu içində idi. Tarro, Kottar haqqında belə qeyd edir: "Elə Kottar bir vaxt yaxınlıq etmək istədiyi hər kəsdən şübhələnirdi ki, onun haqda polisə xəbər verə bilər. İndi isə hamı şübhə içində idi. Hamı bilirdi ki, arxayınca yaşadığı vaxt yaxası vəbanın əlinə keçə bilər. Elə bu səbəbdən hamı qorxu içində idi. Kottar isə əvvəllər də qorxu içində yaşadığına görə, indiki vəziyyətdə başqalarından fərqlənirdi. O, vəbanın hələ də əl keçirmədiyi adamlar arasında dolandıqca, düşünürdü ki, azadlığı da, həyatı da, əlindən gedə bilər. O, qorxu hissinə çoxdan bələd idi və indi hamının bu hissə qapılmasından razı idi. Daha doğrusu, ona elə gəlirdi ki, bu hissi başqaları ilə bölüşərək yükünü yüngülləşdirir." 5. Jozef Qran Jozef Qran, mülayim, sakit təbiətli və öz içində dərin təəssüf hissi yaşayan bir personajdır. Qran vaxtilə var-dövlət və ad-san qazanmaq üçün çox çalışmış, lakin bu işlərə o qədər aludə olmuşdu ki, həyat yoldaşına olan sevgisini göstərməyə kifayət qədər vaxt ayıra bilməmişdi. Nəticədə, həyat yoldaşı onu tərk etmişdi və Qran bu səbəbdən özünü daim günahkar sayırdı. Qran, vəba epidemiyası başlayanda, şəhərdəki mübarizəyə qoşulur və öz işindən qalan saatlarda da köməyini əsirgəmir. Onun ümidsizliyə düşməməsinin əsas səbəblərindən biri isə naməlum bir roman üzərində işləməsidir. Vəbanın ən ağır günlərində belə, Qran axşamlar öz yazısını davam etdirir. Onun ümidi, bir gün bir naşirin bu əlyazmanı oxuyaraq heyran qalacağı və dərhal nəşr edəcəyi idi. Bu düşüncə Qran üçün bir növ həyatın çətinliklərinə qarşı dayaq nöqtəsinə çevrilir və onu ayaqda saxlayır. Romanda, Qran bir dəfə Ryö ilə söhbət edərkən belə deyir: "Bilirsinizmi, həkim, mən nə fikirdəyəm. Mən istəyirəm ki, əlyazmamı naşir oxuyandan sonra, ehtiramla ayağa qalxıb, öz işçilərinə desin: 'Əsərin tayı-bərabəri yoxdur, cənablar, şlyapalarınızı götürün, təzim edin.'" Bu ifadə Qranın daxilindəki dərin arzu və ehtirası, eyni zamanda incə bir ironiya ilə özünün də fərqində olduğu bir xəyalın gücünü göstərir. Qran, bir tərəfdən gündəlik həyatının sıxıntılarından qaçmaq və özünü daha yaxşı hiss etmək üçün yazı ilə məşğul olur, digər tərəfdən isə, bu fəaliyyət onun həyatına bir məna qatır və onu ümidsizlikdən qoruyur. O, öz içindəki boşluğu və təəssüf hissini yazı vasitəsilə doldurmağa çalışır və bu fəaliyyət ona həyatda qalmaq üçün bir səbəb verir. Qranın romanı heç vaxt tamamlanmasa da, onun bu işə olan bağlılığı və inancı, insanın mənasızlıq qarşısında ümidə sarılmasının bir simvoludur. Bu, Kamyunun absurdizm fəlsəfəsinə uyğun olaraq, həyatın mənasızlığı qarşısında belə bir şeylər yaratmağa çalışmaq və bu yolda mübarizə aparmaq cəhdidir. Qran, böyük iddiaları olmadan, sadəcə insan kimi qalmağın, bir şey yaratmağın və bu yolda mübarizə aparmağın həyatın ən dəyərli tərəfi olduğunu göstərir. ---------------------------------------------------------------------------------------- Təəssüf ki, mətn bir az uzun alındı, lakin "Vəba" romanı haqqında fikirlərimi paylaşmaq istədim. Bu əsər, sadəcə keçmişdə yaşanmış bir hadisəni deyil, eyni zamanda, bizim də yaxın illərdə üzləşdiyimiz vəziyyətləri əks etdirir. Roman, insanın çətinliklər qarşısında necə reaksiya verdiyini və bu reaksiya vasitəsilə öz mənəviyyatını necə qoruduğunu göstərir. Bütün bunlar əsərin dərinliyini və aktuallığını daha da artırır, onu bizə daha yaxın edir. Təhlili bitirməmişdən əvvəl son bir sitat paylaşmaq istəyirəm: "Həqiqət elə bir şeydir ki, istər onu görməməzliyə vur, istər gözünü bağla, o, özü yenilməz qüvvəsi ilə işini görəcək." Xoş mütailələr !
Edebiyat
TaunAlbert Camus · Qanun Nəşriyyatı · 201624,6bin okunma
·
128 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.