·192 syf.····Okunma: 04 Eylül 2024 19:40 Məncə, Şıxlının "Ölən dünyası" Azərbaycan xalqının müxtəlif zamanlarda ölən dünyalarından bəhs edir.
Əsərdə hadisələr 20-ci əsrin Azərbaycanında cərəyan edir. Kəndlilərin yaşayışı, qaçaqlar, onların niyə qaçaq düşmələri, dövrdən asılı olmayaraq maarifçilərin xalqın həyatındakı rolu, maarifçilərə qarşı münasibət, qadının cəmiyyətdə rolu, şura hökumətinin xalqa münasibəti, gözünü qan bürüyən həmvətənlərimiz, bunlara rəğmən öz mərdliyi ilə yaxşılığa doğru nəsə etməyə çalışan insanların varlığı və s. kimi mövzulara toxunub müəllif.
Ən çox diqqətimi çəkən qadınların cəmiyyətdə, ailədəki rolu oldu. Gənc yaşlarında ev işləri ilə məşğul olur və ailədə əhəmiyyətli rolu olmur. Qaynana yaşına çatdıqda isə evdə fərqli bir hökmü olurmuş o vaxt qadınların. Gəlinlər ondan çəkinər, oğullar otağa ondan icazə almadan girməzmiş. Yəni, çox fərqli statusa sahib imişlər.
Əsərdə 1920-ci illərdə baş verən hadisələrdən də xatirə şəkilində bəhs edilir. Gəncədə xalqın üsyan cəhdi, qısa müddətdə olsa da azadlıq hissini yaşamaqları gözəl təsvir olunub. Üsyanın yatırıldığını bilsən də, hadisələrin cərəyan etmək ardıcıllığı adamı həyəcanlandıra bilir.
Ümumilikdə, keçidləri çox bəyəndim. Tez-tez personajlar keçmişdə baş vermiş hadisələrə qayıdır, sonra keçmişlə faktiki proseslər əlaqələndirilir və bu "körpü" uğurla "tikilir".
Xülasə, Şıxlının qələmini bəyəndim. Qəribə olsa da hələ "Dəli Kür"ü oxumamışam, gərək müraciət edim ona da.