·112 syf.··Beğendi
···Okunma: 05 Nisan 2023 00:00 Hekayənin baş qəhrəmanı Conatan Livinqston adlı, uçmağı hər şeydən çox sevən, toplumunun təzyiqi və onlara ayaq uydurmaq basğısı ilə mübarizə aparan və yüksəyə, daha da yüksəyə ucalaraq kamilliyə çatmaq yanğısı ilə alışıb yanan bir qağayıdır. Ona görə uçmaq, nə qida əldə etmək, nə də bir nöqtədən digərinə varmaq ehtiyacıdır, ona görə uçmaq tam olaraq, azadlığın özüdür. Bu uğurda, daima öz bacarıqlarını və sərhədlərini zorlamağa çalışan qağayımız, potensialını reallaşdırmaq uğrunda durmadan qanad çalır və özünün daha üst halını inşa edir. Səmada sakitcə süzülmək, ildırım tək şığımaq və bədəni ilə ruhunun sirrlərinə vaqif olmaq üçün etdiyi uçuş təlimləri, onun həyatının məqsədini özündə ehtiva edir...
Əsər, qağayılar təmsili ilə insan həyatına və bu həyatın nizamlarına incə amma qərarlı toxunuşlar etməyi bacarır. Özəlliklə də, əsərin üzərində durduğu əsas məsələ potensialı reallaşdırmaqdır. Əsər bu mövzuda, qəti və qərarlı bir şəkildə oxucuya öyüd verir. Çünki, insanın ümidlərini sındıran başlıca məfhumlardan biri, reallaşdıra bilmədiyi potensialıdır. İnsan da, bu potensial uğurunda addımlar atır.
Bir digər məğz isə kamillik üzərinə əsərin çatdırmaq istədikləridir. Kitabda kamillik, uçmaq ilə bağlaşdırılıb. Uçmaq isə insanın özünü və həyatı anlama çabalarıdır.
Kitabı oxuduqca digər qağayıların Conatan'a qarşı olan düşüncə dəyişimlərinə şahid oluruq. İlk başda onu öz aralarından afaroz edən həmin toplum, zaman keçdikcə Conatanı müqəddəsləşdirir, hətta ona sitayiş edirlər və sonda dəyər sərxoşluğundan onu əfsanələşdirərək unudurlar. Bu da toplumun, mahiyyətin mənasını necə də itirdiyini gözlər önünə sərir. Mahiyyət isə cisimdə deyildi, mahiyyət Conatan ideyası idi, onun kamillik yolunu işıqlandırması idi, insanların özünü və həyatı kəşf edərək, fərd olmasını bacarmaqları idi mahiyyət. Bax bunlar idi əsl müqəddəslik...