·294 syf.··Beğendi
···Okunma: 08 Eylül 2024 14:21 "Şükriyyə taleyim " romanı repressiya qurbanı olan böyük şairimiz Əhməd Cavad və onun həyat yoldaşı Şükriyyənin timsalında o dövrün acılarını, əziyyətlərini ,ayrılıqlarını özündə əks etdirir. Oxuduqca yazılanların həqiqət olduğunu unudur insan. Doğrudan da , insanlara bu qədər zülm edilib ?! Niyə?! Yazdıqlarına ,yaratdıqlarına görə ? !
Və bunları edən Bağırovlar, Atakişiyevlər özgələri deyildi, sapı özümdən olan baltalar qənim kəsildi millətinə. Onlar və bir çoxları repressiyanı irəli getmək üçün fürsətə çevirdi. Qabağa çıxmaq üçün isə onlar irəlidə olanları aradan götürməyi seçdi. Və sonda -ədalət öz yerini tapanda nadanlar bu etdiklərinə görə cavab verməli oldular. Düzdür ,bu cavablar nə Müşfiq, nə Cavadı, nə Ö. F. Nemanzədəni geri qaytara bildi, lakin onların qisasını aldı, yaralı ürəklərə az da olsa, su səpdi.
İllər boyu gördüyü əziyyətlər ,işgəncələr qarşısında Şükriyyə öz ismətini ,insanlığını qoruyub saxlaya bildi. Hər kəsin sağ qalmaq üçün kimisə qurban verdiyi dövrdə o , həyat yoldaşından ayrılmadı. Bejanoğlu adı Şükriyyə xanım üçün bir qurtuluş olsa da, o ,Axundzadə olaraq məşəqqətli bir həyata razı oldu. Yaşadıqlarına cəza kimi yox ,bir imtahan kimi baxdı. Və bu qədər çətin bir imtahandan üzüağ çıxmağı bacardı.
Romandakı tarixi hadisələr: Cümhuriyyətin qurulması və onun dağılmasını, sovet hakimiyyəti dövrünü əhatə edir. Bu hadisələr fonunda məhəbbət mövzusuna toxunulmuş, ailə , ailə dəyərləri , ailə bağlarının nə qədər güclü bağ olduğu öz əksini tapmış, dostluq, sadiq dostlarla yanaşı ,saxtakar insanlar, xəyanət, mənliyini satan insanların ikiüzlülüyü də romanda özünü göstərir.