·500 syf.··Beğendi
···Okunma: 08 Eylül 2024 13:31 Hə... Göz yaşları ilə trilogiyanın sonuncu kitabını da bitirdim ("İtkin gəlin", "Əfsanəsiz illər", "Ayrılığın sonu yoxmuş"). Bu üç kitab boyunca gah sevindim, gah əsəbiləşdim, gah da boğazım düyünləndi...
Mövzusu Əfqanıstanın ucqar bir qəryəsində yaşayan iki gəncin - Elməddin və Əfsanənin həyatı, onların nakam məhəbbəti üzərində qurulmuş bu trilogiyada yazıçı həm də Əfqanıstanın siyasi vəziyyətini ortaya qoymuşdur.
Ən bəyəndiyim trilogiyanın ilk kitabı olan "İtkin gəlin" olsa da, davam kitabları da maraqlı və gözəl idi. Hər üç kitabda yazıçının öz şeirlərini şair obrazının qələmindənmiş kimi verməsi sevdiyim nüanslardan biri idi. Elməddinin Əfsanəyə "yazdığı" bu şeirlər əsərə çox gözəl rəng qataraq, daha dərin bir təsir yaradırdı...
Kim idi Elməddin və Əfsanə?.. İki nakam aşiq, sonu olmayan ayrılığın qurbanları. Onların sevgisi o qədər saf, məsum, o qədər gözəl idi ki... Yazarkən belə gözlərimin dolduğunu hiss edirəm. Hə, bəlkə onlar qovuşmadı, ancaq qəlbləri heç ayrılmadı. Qəlblər birgə döyündükdən sonra hansı ayrılıqdan söhbət gedə bilər ki? Ayrılıq, sadəcə, cismani idi...
Ayrılıq var - sonu şirin vüsaldı,
Ayrılıq var - sonu yoxmuş, ay aman! - yazır Əlibala Hacızadə. Kim bilir, bəlkə elə ayrılığın sonu olmadığı zaman eşq həqiqi eşq olur...