Gönderi

Puan vermedi·296 syf.··
2024 7. kitabı
·
266 günde okudu
·
Okunma: 18 Eylül 2024 20:09
RUSS HARRIS - ÖZGÜVƏN BOŞLUĞU (The Confidence Gap) Dil- türk dili. Janr- şəxsi inkişaf. Yəqin ki, hər kəs sosial mediada tez-tez rast gəlinən və anlıq olaraq insanın həyata baxışını dəyişdirən, hər şeyi edə biləcəyimiz qənaətinə gətirən motivasiya tipli sözlərlə qarşılaşıb. Zaman-zaman bu tip videolar, kitablar mənim də qarşıma çıxıb və o an vəssalam, artıq hər şeyi bacara bilərəm hissinə bürünmüşəm. Ancaq nədənsə bu hisslər bir neçə dəqiqəlik ya da bir anlıq yaranıb, həmin "dırnaqarası özgüvən" hissini nə zaman unutduğumu belə xatırlamamışam. Bu xoşbəxtlik dolu hisslərin yerini isə tezliklə əsəb, stress, qorxu və narahatlıq hissləri alıb. Sanki bir addım atsan həyatın dəyişəcək və o addımı atmağın üçün önündə "səndən" başqa heç bir əngəl yoxdur. Ancaq o addımı atmamaq üçün zehnin sənə yüzlərlə bəhanələr gətirir: “Bir az da yat”, “Bir az da fasilə ver”, “Hələ tam motivasiyalı hiss etmirsən” və buna bənzər düşüncələr gələcək ağlına. Əgər nə vaxtsa o motivasiyanın gələcəyini düşünürsənsə çox gözləyəcəksən. Hər səfərində bu hisslərdən qurtulmaq üçün ondan qaçmağın həll yolu olacağını düşünürdüm. Bu hisslərlə mübarizə aparmağa çalışarkən, Russ Harrisin "Özgüvən Boşluğu" kitabı ilə qarşılaşdım və heç bir nəticəyə inanmayaraq sadəcə oxumağa başladım. Kitabı oxumağa başlayarkən əvvəllər ötəri tanış olduğum konseptlərlə daha yaxından tanış olmağa başladım və özgüvən anlayışına dair fikirlərimdə dərin dəyişikliklər baş verdi. Maraqlıdır bəs niyə bu hissləri yaşayırıq? Niyə beynimiz bizə oyun oynayır? Niyə bir anın içində bu qədər hiss və duyğu dəyişimi yaşayırıq? Kitabı qısaca olaraq ümumiləşdirsək, Russ Harris tərəfindən yazılmış bu kitab ilk dəfə 2010-ci ildə nəşr edilmişdir. Bu kitabda müəllif həyatda daha çox uğur qazanmaq və daha xoşbəxt olmaq üçün praktiki məsləhətlər və strategiyalar təqdim edir. Kitab Acceptance and Commitment Therapy (ACT) yanaşmasını əsas götürərək, oxuculara necə daha məqsədli yaşamağı öyrədir. Kitabın əsas məqsədi özgüvən hissinin əslində hər zaman lazım olmadığını və həyatda uğur qazanmaq üçün bu hissi gözləməkdən çox, hərəkət etməyin vacibliyini izah etməkdir. Kitabda da dəfələrlə vurğulandığı kimi, sən özgüvənli davranışlar sərgiləməyə başladıqca, zamanla özgüvən hissi də təbii olaraq ortaya çıxacaq. Qulağa xoş gəlir deyilmi? Kaş ki hər şey deyildiyi kimi asan olsa və hətta sehirli bir dəyənək daha yaxşı olardı, bir toxunuşla hər şeyi həll edə bilmək heç də pis olmazdı. Ancaq təəssüf ki, biz nağıllar aləmində deyilik və hədəflərimizə çatmaq üçün əziyyət çəkməliyik. Təbii ki, bəhs etdiyim əziyyət fiziki əziyyət deyil, ən azından mənim üçün daha çətin olanı, zehni əziyyətdən bəhs edirəm. Niyə özgüvənli deyilik sualının cavabı nədir sizcə? Russ Harris “Özgüvən Boşluğu” kitabında insanların niyə özlərinə güvənmədiyini bir neçə əsas səbəblə izah edir: 1. Qorxu və Narahatlıq: Harris insanların çox zaman qorxuları və narahatlıqları səbəbindən özlərinə güvənmədiklərini vurğulayır. Bu qorxular uğursuz olmaq, başqaları tərəfindən tənqid olunmaq və ya qəbul edilməmək kimi müxtəlif formalarda ortaya çıxır. 2. Düşüncə Tələləri: İnsanlar mənfi düşüncə tələlərinə düşərək özlərinə güvənlərini itirirlər. Bu düşüncələr, “mən kifayət qədər yaxşı deyiləm”, və ya “mən bunu edə bilmərəm” kimi özünü məhdudlaşdıran inanc və düşüncələrdən ibarətdir. 3. Mükəmməllik Təzyiqi: Harris insanların çox zaman mükəmməl olma təzyiqi altında qaldıqlarını qeyd edir. Mükəmməllik gözləntiləri və bu gözləntilərə çatmaq üçün özlərinə qarşı sərt davranmaları özgüvənlərini azaldır. 4. Uşaqkən Aldığımız Mesajlar: Kitabda vurğulanır ki, insanlar uşaqlıqda aldıqları neqativ mesajlar və tənqidlər səbəbindən özünə güvən problemi yaşaya bilərlər. Valideynlər, müəllimlər və digərləri tərəfindən verilən mesajlar insanın özünə güvənini formalaşdırır. 5. Özünütənqid: İnsanların özlərinə qarşı çox tənqidi olmaları da özgüvənin azalmasına səbəb olur. Hər səhvi, hər qüsuru və uğursuzluğu böyüdərək, özünə qarşı mənfi bir tutum sərgiləmək, özgüvəni aşağı salır. 6. Realist Olmayan Gözləntilər: Harris insanların çox zaman realist olmayan gözləntilər qurduqlarını və bu gözləntilərə çatmadıqları zaman özlərinə güvənlərini itirdiklərini qeyd edir. Russ Harris insanların narahatlıq doğuran hissləri sevmədiyini vurğulayır. Məhz uğursuzluq acısından qaçmaq üçün çox vaxt başlamadan arzularımızdan imtina etməyimizə də səbəb kimi bunu göstərir. Onun yerinə bizə daha az əziyyət verən şeyləri edərik. Xəyallarımızdan imtina etmək kimi. Bu da bizə son dərəcə asan gələr. Sonra kiçik bir rahatlıq hiss edərik. Ancaq bu rahatlama hissi də sonsuza qədər davam etmir. Çox keçmədən zehnimiz bizi təslim olduğumuz üçün də günahlandırmağa başlayar və ağırlıq, yorğunluq, ümidsizlik, durğunluq hissi bizi bürüyər. Zehnimizin bizə oynadığı bu oyunların içində ilişib qalmaq son dərəcə acı verici hissdir deyilmi? Hətta bu hissin ən azı fiziki zədə qədər ağrılı olduğunu da desəm, yalan olmaz. Zehnimiz bizimlə sanki bir oyuncaqla oynayırmış kimi oynayır və sən nə edəcəyini bilmirsən. Zehnimizin bu oyunu nəticəsində "konfor alanı" dediyimiz bölgə olan, əslində isə heç də komfortlu olmayan rahatlıq zonasında ilişib qalarıq. Fərqində olmadan həyatımız da buna görə formalaşar. Harris Acceptance and Commitment Therapy (ACT) yanaşmasını əsas götürərək, bütün mədəniyyətlərdə zəiflik kimi qəbul olunan qorxu hissini öz lehimizə çevirərək enerjisindən hədəflərimizə necə çatmağın yollarından bəhs edir. Kitab əsas beş bölmədən ibarətdir: 1. Özgüvənin əsl mənası - Özgüvənin nə olduğu və nə olmadığı. 2. Özgüvən boşluğunu doldurmaq - Öz düşüncələrimizi və inanclarımızı yenidən qiymətləndirmək. 3. Düşüncələri idarə etmək - Zehnimizdəki mənfi düşüncələrlə necə mübarizə aparmaq. 4. Duyğularla dost olmaq - Narahatlıq və qorxularımızla necə barışmaq. 5. Dəyərlərə uyğun yaşamaq - Həyatımızın mənasını və məqsədini tapmaq. Hər bölmədə özgüvən duyğusunun əslində bizə necə yalnış aşılandığının şahidi olacaqsınız. Harris gerçək həyatdan gətirdiyi real nümunələr və praktiki məşqlərlə özünə inam yolunda addım-addım necə irəliləmək lazım olduğunu bu beş bölmədə aydın şəkildə göstərir. Kitabın güclü tərəflərindən biri onun aydın bir şəkildə yazılması olsa da, kitabın bəzi bölmələri sizə çox təkrarlayıcı gələ bilər. Hətta kitabın başlanğıc hissəsi bir maqazin dərgisi dadındadır. Kitabın əvvəlinin çox yorucu və mənasız yerə uzadılmış olduğunu düşünsəm də, yaxşı ki oxumağa davam etdim. Kitabı oxumaqla dərhal özgüvənli olmaq haqqında düşünürsünüzsə əlbəttə ki yanılırsınız. Kitab özgüvən boşluğu barədə praktiki məsləhətlər və yollar təqdim etsə də, onların həyata keçirilməsi zaman və səy tələb edir. Kitabı oxumaqla dərhal dəyişikliklər gözləmək doğru olmadığı kimi, bunu sizdən başqalarının gözləməsi də sizə haqsızlıq olardı. Kitabda öyrəndiklərinizi gündəlik həyatınıza tədbiq etmək və bu dəyişiklikləri zamanla hiss etmək daha inandırıcıdır. Ən azından artıq hansı yolla irəliləməli olduğunuzu bilirsiniz. Həqiqətən “Özünüzə inamınız bir az da çox olsaydı, həyatınız necə dəyişərdi? Kitabı oxumağı məsləhət görürürəm. Hər birinizə xoş mütaliələr.
1000k
Özgüven BoşluğuRuss Harris · Diyojen Yayıncılık · 2023293 okunma
·
106 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.