Təsadüfən iki qadının söhbətinə şahid oldum. Onlardan birinin halı ürəyimi sızlatdı. Gənc yaşına baxmayaraq, gözlərinin ətrafına dərin qırışlar çökmüşdü. Əlləri çəlimsiz, saçlarına vaxtsız dən düşmüşdü. Sanki ömrü boyunca çəkdiyi dərdlər onun üzündən oxunurdu. Baxımsız, yorğun bu qadının səsində qəribə, titrək bir qırıqlıq vardı – alt dişləri olmadığından, sözləri çətinliklə tələffüz edirdi, amma içində saxladığı kədər hər sözündə duyulurdu.
Gözlərində donmuş bir damla yaş vardı sanki. Hər dəfə gözlərini qırpdıqca, o yaşların səssizcə süzüləcəyini gözləyirdim. Amma yox, o yaşlar axmırdı. Elə bil, göz yaşları qadının ruhunda əbədi məskən salmışdı.
Sonra səsi titrəyərək bir cümlə dedi: “Övladlarım olmasa, mən heç kiməm.” Tək bir cümlə, amma sanki qadının bütün ömrü gözlərimin önündən keçdi. Anladım ki, bu qadının həyatı övladlarına bağlı bir hekayədir, hər kəsi unutmuş, hər şeyi itirmiş, amma öz varlığını, dəyərini yalnız onlarda tapmışdı.
O an düşündüm: Bir insanın varlığını başqa birinə bağlaması nə qədər doğrudur? Sevgi bəzən bizə güc verir, bəzən də bizi özümüzdən alır. Bəlkə də yaşamağın məqsədi yalnız bir başqasının həyatı olmaq deyil, o həyatda öz yolunu tapmaq, o sevgini bölüşməkdir. Ana sevgisi müqəddəsdir, amma hər sevginin bir sərhədi, bir çərçivəsi olmalıdır ki, həm sevən, həm də sevilən öz yolunu tapa bilsin.
Bəlkə də həyatın mənası budur: sevmək, amma hər şeydən öncə özümüzü unutmamaq, kimin üçün var olduğumuzu bilsək də, öz varlığımızı həmişə qorumaq.