·176 syf.··Beğendi
···Okunma: 29 Temmuz 2023 00:00 Banin "Azərbaycan əsilli fransız yazıçısı" kimi ölkəmizdə tanınır. Mühacirət ədəbiyyatımızın istedadlı nümayələrindəndir.
Baninin 11 kitabından hələlik üçü "Qafqaz günləri", "Paris günləri" və "Nami" adlı əsərləri dilimizə tərcümə edilmiş və nəşr olunmuşdur.
1942-ci ildə nəşr olunan "Nami" Baninin böyük yaradıcılıq yoluna qədəm qoyduğunu müjdələyən ilk kitabdır.
Əsərin janr etibarı ilə roman, yaxud memuar olmağı mənə naməlum qaldı. Doğrudur, əsərdə Baninin həyat yolunu xatırladan bəzi məqamlar neft sahibkarının qızı olması, bütün uşaqlığının fransız dayəsinin himayəsi altında keçməsi, Bakıda ermənilərin törətdiyi vəhşilikləri gözləri ilə görməsi, bolşeviklərin təqibindən ailəsi ilə birlikdə İrana qaçması, Paris həyatı ilə yaxından tanışlığı, sevgi macəraları kimi faktlar var, amma bütün bunlar əsərin avtobioqrafik səciyyəli olduğunu deməyə əsas vermir. Qeyd edim ki, əsərdə cərəyan edən bir sıra hadisələrə, qeyd olunan faktlara müəllifin bundan 4 il sonra 1946-cı ildə qələmə aldığı avtobioqrafik romanı "Qafqaz günləri"ndə də rast gəlinir. Azərbaycan, rus və Qərb ədəbiyyatını dərindən mənimsəyən, dövrün ədəbi prosesini izləyən, fransız və mühacir rus yazıçıları ilə sıx ünsiyyət saxlayan, klassik və çağdaş ədəbi cərəyanlara bələd olan Baninin bu əsəri duyğusal, dramatik və romantik hisslərlə yoğrulmuş realist nəsr nümunəsidir.
İki hissədən ibarət kitab maraqlı süjet xəttinə və sadə kompozisiyaya malikdir. Birinci hissə əsərin qəhrəmanının Sorbonna Universitetinin məzunu Naminin 1916-cı ilin yanvarından 1919-cu ilin martınadək olan dövrdə qələmə aldığı gündəliyin, ikinci hissə müəllifin təhkiyəsi əsasında yazılmışdır. Əsərin məzmunu Naminin həyat hekayəsi üzərində qurulmuşdur. Romanın birinci hissəsində Nami gündəliyində yazır ki, qumarda uduzub borca düşən atası onu borclarını ödətmək məqsədilə "nadir müsəlmanlardan", "rəftarca, görünüşcə mədəni", "ehtiraslı", "dövlətli", bütün bunlara rəğmən "zəhləm getdiyi", "güclü qumarbaz" Murada ərə vermək, "satmaq istəyir". Muradın birinci arvadından fransız, alman mürəbiyyələrindən tərbiyə alan, xidmətçilərinin gecə-gündüz qulluqlarında durduğu iki qızı və bir oğlu var. Amma Namini narahat edən nə Muradın yaşlı, nə əvvəllər evli, nə də üç övladının olmasıdır. Muradın ailəsinin həyat və təfəkkür tərzi Namidə ikrah hissi oyadır: bu ailə həyatda yalnız iki məqsəd pul qazanmaq və hər cür mədəniyyət bədxahcasına qarşı çıxmaq üçün çalışır. Muradın mülkü, puıu-parası Namini qətiyyən maraqlandırmır, əksinə onun "ürəyini bulandırır". Lakin Naminin başqa çıxış yolu da yoxdur, o Murada ərə getməlidir. Nami nəql edir: "Yoxsa, atam həyatımı cəhənnəmə döndərər. Onu xilas etmədiyimə görə acığı tutmaq nədir, mənə nifrət edər. Desən ki, gəl həyat tərzimizi dəyişib xərclərimizi azaldaq, sən də qumarı tərgidib bir işin qulpundan yapış, şəstinə dəyəcək."
Romanın ikinci hissəsində müəllif təhkiyəsi oxucunu ovsunlayır, həyəcanlandırır, düşündürür, intizarda saxlayır: Bolşeviklər Xalq Cümhuriyyətini devirmiş, təqiblər, həbslər başlamışdı. "...indi hər şeyin - respublikanın, mal-mülkümüzün, lap bəlkə də özümüzün də əcəli çatıb. Heç başa düşmürəm, nə əcəb bolşeviklər hələ də məni tutmayıblar?" - deyə müstəqil respublikanın sabiq nazirlərindən biri Murad təlaş içində vurnuxur, ölkəni bir addım tez tərk etmək haqqında düşünür.
Nami də kədərli və qayğılıdır, amma o, cəmiyyətdə cərəyan edən hadisələr haqda yox, daha çox şəxsi taleyi, daşa dəymiş arzuları barədə düşünür, gileylənir.
Hər şey bir hissədən başlayır əslində: mücrü!
Murada görə o mücrüdə qızıllar var, götürüb qaçmaq lazımdır, Namiyə görə isə o mücrüdə X adlı ingilislə sevgi macəralarını, hətta Muradın ölməyini, ondan qurtulamağı da arzuladığını yazdığı xatirə dəftəri var.
Murad İrana keçmədən Namiyə bağbanları Fordovsi ilə xəbər göndərir ki, görüşsünlər. Onların bu görüşü həm əsərin kuliminasiya nöqtəsidir, həm də oxucunun gərginlikdən qıvrıldığı səhnədir. Görüş hər iki xarakterin cizgilərinin büsbütün üzə çıxmasına, müəllif qayəsinin açıq-aşkar çatdırılmasına xidmət edir.
Görüş əsərin ən incə telidir. Nə qopmur, nə də keçmək olur. Buradan o tərəfə özüm də nəsə yazmaq istəmirəm, əsərin sürprizi qaçmasın.
"Qafqaz günləri" kitabını II kursda oxuyanda alıb bitirmişdim. Onda ən qaraladığım, nifrət etdiyim kitab idi. Bəlkə indi oxusam, bəyənərəm, ya da o qədər qəti düşünmərəm. Amma "Nami" haqqında deyə biləcəyim tək kəlmə var: möhtəşəm!
#aimraabooks