·256 syf.····Okunma: 29 Eylül 2024 19:32 Qadınların nəinki elmdə, gündəlik həyatda belə çox şeydən məhrum olduğu 19-cu əsrin əvvəllərində ilk qadın geoloq olaraq bilinən Meri Enninq yaşayıb. Cəmi 46 il yaşayan bu qadın paleontologiya elminin də əsasını qoyub. Onun tapdığı fosillər qədim dövrlərdə yaşamış canlılar barədə olan fikirləri xeyli formalaşdırmışdır.
Uşaq yaşlarından atasının yanında yaşadıqları sahilboyu ərazidə fosil axtaran Meri, atasının ölümündən sonra təkbaşına bu işə davam etdirmişdir. Bunu gəlir mənbəyinə çevirməsi isə tapdığı hər yeni fosillə daha da real olmuşdur.
Meri "Lyme Regis" adlı sahil qəsəbəsində yeni fosilləri tapır, dövrün geoloqları isə fosillər barədə elmi müzakirələr aparırdılar və məşhurluq qazanırdılar. Merinin adı isə fosil kəşf edən şəxs kimi çəkilmirdi, çünki qadın idi...
Dövrün geoloqları Meri ilə sahil gəzintisinə çıxmaq, fosil axtarmaq, fosillər barədə müzakirələr aparmaq üçün "Lyme Regis"ə dəfələrlə baş çəkirdilər.
Bütün bunlar və Merinin həyatı barədə daha çoxunu oxuduğum "Fosil ovçusu" kitabından. Kitabda təkcə Merinin həyatı yox, həmin dövrdə baş vermiş mühüm hadisələr də təsvir olunur. Beləcə, oxucu dövrün reallığını anlayaraq Merinin nələr yaşamış ola biləcəyini dərindən hiss edir.
Kitab mənim üçün fosillər barədə çoxsaylı yeni informasiya mənbəyi oldu. Oxuduqca internetdə etdiyim araşdırmalar buna bir az da dəstək oldu.
Səfər etməli olduğum yerlər siyahısına Londonun bir neçə saatlıq məsafəsində yerləşən Lyme Regis qəsəbəsi də əlavə olundu.