·591 syf.··Beğendi
···Okunma: 30 Eylül 2024 23:18 3 ildən çoxdur ki, kitablarım arasında olan, ancaq anlamadığım bir səbəblə həmişə əlimə aldığımda baxıb-baxıb yerinə qoyduğum o kitabı, nəhayət ki, oxudum.
Fərqli duyğular yaşatdı mənə kitab. Gah gülümsədim, gah boğazım düyünləndi, gah da göz yaşlarım kitabın səhifələri üzərində izlər qoydu... Əslində, indi də o qədər qarışıq duyğular içərisindəyəm ki, kitab haqqında nə yazacağımı, sözləri necə istifadə edəcəyimi bilmirəm, amma buna cəhd edəcəyəm...
Kitab oğrusu... Kimdir kitab oğrusu? Ümumiyyətlə, oğurluq nədir? Xalid Hüseyni yazmışdı ki, ən böyük günahdır oğurluq. Yaxşı, bəs kitab oğurlamaq necə? Kitabsız qala bilməyən və kitabı da başqa bir yerdən əldə edə bilməyən birinin kitab oğurlaması da günahdırmı? Bəlkə də günahdır, hə. Amma bəzən elə günahlar, qaydalar var ki, ana, duyğuya görə onları görməzdən gəlmək lazımdır.
Haradasa "Oxuyan oğurlamaz, oğurlayan oxumaz" deyə bir cümlə oxumuşdum. Ancaq əsas qəhrəmanımız, kitab oğrusu Lizelin timsalında isə biz görürük ki, bəli, oxuyan oğurlayır və oğurlayıb oxuyur...
Keçək kitabın mövzusuna, hekayəsinə...
Bu hekayə - balaca alman qız olan Kitab oğrusu Lizelin, yəhudi olduğu üçün təqiblərə məruz qalan Maksın, sevgisi ilə insanın qəlbinə toxunan Ata - Hansın, üzdə sərt, dili acı olsa da, ipək kimi ürəyi olan Ana - Rozanın və dəcəl, amma saf qəlbli, cəsur Rudinin hekəyisidir... Elə bir hekayə ki, qəlbin ən incə tellərinə toxunan... Və bu hekayə müharibə, dostluq, sevgi, ailə bağlılığı, ağrı-acı və bir çox başqa məziyyətləri özündə birləşdirir.
Kitabı fərqli və daha mükəmməl edən isə onun təhkiyə üsuludur. Burada hadisələri “Ölüm” nəql edir. Kitabın ilk səhifələrində “Ölüm” özünü bizə təqdim edir və "Mənimlə gəlin, sizə bir şey göstərəcəyəm" - deyir. Təbii ki, ona qoşularaq kitab oğrusunun hekayəsinə daxil oluruq.
Və budur, qarşımızda Almaniya. İkinci Dünya Müharibəsi illəri. Molkinq şəhərciyi, Himmel küçəsi. Almanca himmel sözünün tərcüməsi cənnət sözüdür. Bəs cənnəti bombalamaq, yerlə-yeksan etmək olar? Olurmuş...
"Lizel Meminger üçün gün işığı qurtaranda Himmel küçəsində yağış yağırdı.
Səma damcılayırdı.
Sıx buludların arasına baxdım və qalaydan hazırlanmış təyyarəcikləri gördüm." (sh.534)
Hə, əsər müharibə mövzusundadır. Və yazıçı müharibənin fonunda insanları, onların mənfi, müsbət xüsusiyyətlərini açıb göstərməyə çalışmışdır.
Bütün bunları nəql edən “Ölüm”ün insanlar haqqında düşüncələri, müharibə təsvirləri, qeydləri isə kitaba xüsusi mükəmməllik bağışlayır.
"Mən insanların nəyə qadir olduğunu heç zaman öyrənib anlaya bilməyəcəyəm." (sh.30)
Gəlin bir az da kitab oğrusundan bəhs edək...
Kitab oğrusu - Əsas qəhrəmanımız olan Lizel kitabın başlanğıcında anası tərəfindən başqa bir ailəyə qəyyumluğa verilən balaca qızdır. O, ilk kitabını oğurladığı zaman hələ heç oxumaq bilmirdi, sadəcə, bir uşaq marağı ilə onu yerdən götürmüşdü. Daha sonra Ata ona elə oğurlamış olduğu kitab vasitəsilə oxumağı öyrədir. Kitabla, sözlərlə tanış olan Lizel zaman keçdikcə kitablara bağlanır və həyatının bir parçası olaraq görməyə başlayır. Fəqət ailənin kitab alacaq qədər imkanı olmadığından Lizel başqa bir üsula əl atır: oğurlayır...
"Lizel qərara gəldi ki, Qrand küçəsindəki 8 nömrəli evi ziyarət etməyin vaxtı çatmışdır.
Həmişəki dəyişilməz dərmanı almaq üçün.
Ruh yüksəkliyini bərpa etmək üçün." (sh.559
O, sözlərin gücünü kəşf etmişdi, sözləri sevirdi.
Kitablar onun üçün çox dəyərli idi, belə ki, həyəcan siqnalı verilən zaman o bütün kitabları ilə birlikdə zirzəmiyə sığınırdı. Kitab oxuyaraq qorxunu dəf edirdi. Və sonda məhz kitab sevgisi və sözlər onun həyatını xilas etmişdi...
Yuxarıda qeyd etdiyim kimi kitabda müəllif müharibədən başqa insan əlaqələrinə, ailə, dostluq bağlarına xüsusi yer vermişdir. Kitabı oxuduqca Lizelin qəyyum valideynləri Hans və Rozanın, dostu Rudinin və gənc yəhudi Maksın timsalında ən gözəl insan xüsusiyyətlərinin şahidi oluruq. Burada Ata obrazı olan Hansı xüsusi qeyd etmək lazımdır. Hans sevgisi qəlbə toxunan mükəmməl ata obrazı idi. O, sevginin, güvənin, vəfanın özü idi.
Vəfa nə idi? Vəfa bütün qorxuları, riskləri yox sayaraq bir almanın zirzəmisində yəhudi gizlətməsi idi.
"Hansısa lətifənin başlanğıcı kimi səslənir: “Deməli, bir almanla bir yəhudi zirzəmidə oturub...” Ancaq bu, lətifə deyildi." (sh.281) Bu, insanlıq idi, bu, vəfa borcu idi...
Kitabda sözlərin gücündən bəhs edir Markus Zusak. Lizelin vasitəsilə sözlərin, kitabların insan həyatına necə toxunduğunu göstərir. Və bu möhtəşəm əsərdə Zusak özü sözlərin gücündən elə gözəl, elə məharətlə istifadə edib ki, bunları da ifadə etməyə mənim sözlərim aciz qalır...
Sonda - Lizelin də dediyi kimi, mən sözləri sevirəm və ümid edirəm ki, onları (bu təhlildə) düzgün istifadə edə bilmişəm.
Kitabla qalın...