·176 syf.··Beğendi
···Okunma: 15 Kasım 2024 00:00 İlk "Dəyirman"ı oxuyanda keçirdiyim duyğular və ortaya çıxan suallar əsərin ardında öz məntiqi davamını tapdı sanki... Hər şeydən əvvəl onu deyim ki, zaman keçdikcə ilk Dəyirmana qənim kəsilənləri əndişələndirən nə imiş, bunu anlamaq sadələşir. Məsələ mühiti sadəcə tünd boyalarla təsvirdə, yaxud bir çox ədəbiyyatşünas təhlillərin təkrar-təkrar dediyi kimi - alkoqolizmə qurşanmış kənd əhlində deyil. Əslində zaman keçdikcə, bərəkət yeri olan Dəyirmanın harınlıq yuvasına çevrilməsi də, kişilərin içməsi, qadınların ağzını elə hey qarğışla açması da ayrı cür qavranır. Bəli, əsər hər hansı birbaşa təsvir, tənqid, ifşa olmadan Sovet reallığını, özü də acı gerçəkliyi iri plana çəkib. Kişilər alkoqolizmə qurşandıqları və ət yeməyi sevdikləri üçün dadanmayıblar Dəyirmana...
Burda gəlib yekə qarnını bir az da yekələndirən Yoğun kişi, dava vaxtı bir ovuc unu bir ovuc qızıla dəyişən Dəyirmançı, arvadını, balasını pul qazanmaqdan, müştəri cəlb etməkdən ötrü ortaya atan Göyçək kababçı, yaxud hər şeyin satıldığına əmin olan Qızıl oğlanlar elə Kefli İskəndərin "Tfu sizin üzünüzə" deyib hədəfə aldığı məxluqlardı... Ancaq Dəyirmana, ordakı ab-havaya bütöv baxanda; insanların yaşamaq üçün səbəb, sevinmək, özünü insan hesab etmək üçün tutalqaç tapmadığını görəndə sanki elə bütün zamanın Kefli İskəndər vaxtı olduğu təəssüratı yaranır... Və bu zamanın ən dəhşətli tərəfi odur ki, insanı yalnız hakimiyyət xoşbəxt və güclü edə bilir. Elə başlanğıcdan "İki çobanın iki kolxoz sədrinə bərabər olmadığını" müzakirə edən qəhrəmanlar bərabərsizliyi ifadə edirlər. Rəqəmlər, yazılmış və yazılmamış qanunlar heçdir; pulu, vəzifəsi, hakimiyyəti olanlar özlərini güclü sayırlar. Bəlkə əslində özünü insan hesab edən də elə yalnız bunlardı. Ona görə Dəyirmançı heç kimə gücü çatmasa da, heç olmasa bıçağı-bıçağa çəkib toğluları qorxudur, ona görə burnundakı ləkədən xəbərsiz bədbəxtlər başqasını yamanlayıb xoşbəxt hiss edirlər özlərin... Başlar da qaynar qazanda bişdikcə dişlərin ona görə ağardırlar, ona görə gülürlər ki, daha əzaba, işgəncəyə dözmək üçün ayrı yol da qalmayıb. Yazıçı bunları deməyə çalışıb.