·136 syf.····Okunma: 13 Aralık 2024 19:50 Elmi-fantastika janrı Azərbaycan ədəbiyyatında çox az yer verilən janrdır. Mən bu janrda yazan müəlliflərdən yalnız Namiq Abdullayevi tanıyıram. Uzun müddətdir onun əsərlərini oxumaq istəsəm də, qismət olmurdu. Nəhayət, keçən həftə aldığım kitabı elə səhəri gün oxumağa başladım.
Kitabda müəllifin "İtirilmiş dünya" romanı və 7 hekayəsi yer alır. Nəşrdən başlasaq onu qeyd etmək lazımdır ki, çap keyfiyyəti daha yaxşı ola bilərdi, hərflərin oxunaqlılığı çox yerdə istənilən səviyyədə deyildi. Əlavə olaraq, kitabın ölçülərini də daha proporsional (en və uzunluq nisbəti) etmək olardı, eni ehtiyac olandan böyük idi. Həmçinin, bir neçə yerdə kiçik redaktə səhvləri var idi ki, onu da nəşriyyatın özünə bildirəcəm, ənənəvi olaraq.
İstər romanda, istərsə də hekayələrdə o dövr üçün əlçatmaz olan, hazırkı dövrdə isə artıq istifadə olunan, yaxud yaxın gələcəkdə gündəlik həyatımızın ayrılmaz hissəsi ola biləcək texnologiyalardan bəhs edilib. Bu (gələcəkdə aktiv istifadə olunacaq texnologiyalardan bəhs etmək), elmi-fantastik kitabların əsas xüsusiyyətidir, əslində. Bir məqamı da qeyd edim ki, kitabda hadisələrin elmi cəhətinə səthi toxunulub, daha dərin işlənilə bilərdi, məncə.
"İtirilmiş dünya"da hadisələr iki kosmonavtın kosmik səfər zamanı gəmilərinin zədələnməsi və başqa planet sakinləri tərfindən xilas olunması ətrafında cərəyan edir. Romanda dünyaca məşhur" Interstellar" filmi ilə oxşar cəhətə rast gəldim. Hansı ki, filmin ssenarisi 2007-ci ildə yazılıb və 2014-cü ildə film nümayiş etdirilib. "İtirilmiş dünya" isə 1962-ci ildə ilk dəfə nəşr olunub.
Filmdə kosmik səfər gedən atanın başqa planetdə zamanın daha yavaş irəliləməsi səbəbindən gec qocalması və bir gün qızı ilə eyni yaşda olduğu səhnə var və bu səhnə çox dramatik şəkildə ekranlaşdırılıb. Həmçinin, filmdə qız böyüyəndə atası kimi kosmik alim olur və atasının geri qayıtmasında rol oynayır.
Romanda da baş personaj (Sabir) kosmosda itkin düşəndə qızı Tünzalənin 5 yaşı olur. Sabir və Petya başqa planetdə olduqları zaman Tünzalə böyüyür və kosmos mühəndisi olaraq yetişir.
"Salam, Günəş" hekayəsində mətn daxil edərək, video hazırlana biləcəyindən bəhs edilir. Hansı ki, bunun analoqu olan "Sora" adlı süni intellekt bu yaxınlarda ictimaiyyətin istifadəsinə təqdim edildi.
"Əbədi zülmət" hekayəsində başqa bir planetdə qulaqları ilə görən varlıqlardan bəhs edilir və bunun nə vaxtsa, dünyamızda kor insanlar üçün tətbiq oluna biləcəyindən bəhs edilir.
"Dan ulduzu" hekayəsində isə insana bənzəyən robot hazırlayır alimlər və onu kosmik uçuşda istifadə edilirlər. Bunu da "Sofiya" kimi robotlara bənzətdim.
Ümumi olaraq, kitabı bəyəndiyimi deyə bilərəm. Bu kimi kitabların artması və elmi mövzulara diqqətin artırılması üçün əvvəllər yazılmış bu qəbildən olan kitabların təkrar nəşr edilməsi və yayılması vacibdir.