Puan vermedi·400 syf.····Okunma: 19 Aralık 2024 22:17 Salam, dəyərli oxucular! Bu gün sizə çox maraqlı və fərqli bir əsərdən bəhs edəcəm: Jose Saramagonun "Korluq" adlı romanından. Bu, yazıçının oxuduğum ilk əsəri idi və əminəm ki, sonuncu olmayacaq. İndi isə keçək kitaba..
Korluq əsəri insanlığın qaranlıq tərəfini üzə çıxaran çox təsirli bir əsərdir. Saramago, yalnız fiziki korluq deyil, mənəvi və sosial korluğun da insan həyatını necə məhv edə biləcəyini göz önünə sərir. Əsərdə təsvir olunan dünyada birdən-birə yayılmağa başlayan və heç bir fiziki səbəbi olmayan bir "ağ korluq" pandemiyası hər şeyin başlanğıcıdır. Mənə kitabın ən təsir edici yanı isə sujet xəttinin insanların fiziki hallarından daha çox, mənəviyyatının və əxlaqi dəyərlərinin addım-addım itirilməsinə fokuslanması oldu. Kitabda ən maraqlı nüans isə mənə görə adların olmaması idi. Obrazları "həkim", "həkimin arvadı", "ilk kor" kimi sadə təsvirlərlə təqdim edir. Bu da insanların şəxsiyyətlərinin, statuslarının və fərdiyyətlərinin böhran vəziyyətində necə əhəmiyyətsizləşdiyini vurğulayır. Bu vəziyyət hamını eyni səviyyəyə gətirir, heç kim digərindən üstün olmur. Kitabda insan təbiətinin qaranlıq tərəfi ilə də yaxından tanış oldum.
Kitabı oxuduqca şahid olursan ki, cəmiyyət qaydalar pozulduqda insanlar tez bir zamanda öz eqoizmlərinə, vəhşiliklərinə qayıdırlar. Karantin düşərgəsində baş verən zorakılıq, aclıq və hakimiyyət mübarizəsi insanların nə qədər asanlıqla əxlaq və humanizmdən uzaqlaşa biləcəyini göstərir.
Xülasə, Kitab məni çox düşündürdü. Saramago mənə cəmiyyətin incə bir tarazlıq üzərində qurulduğunu göstərdi. Əxlaq, qanunlar və insaniyyət yalnız normal vəziyyətlərdə mövcud olur. Böhran baş verəndə isə bu dəyərlərin nə qədər sürətlə yox olduğunu görmək insanı dəhşətə salır. Əsər həm də məni bir o qədər də, insanlıq anlayışımı yenidən sorğulamağıma vadar etdi və qarşıma belə bir sual qoydu: həqiqi insanlıq nədir və biz onu əlimizdən buraxmayaraq necə qoruya bilərik?
Bəs bu kitab mənə nə qatdı? Bu kitab mənə həm ümidsizlik, həm də ümid qığılcımı verdi. Bəlkə də Korluq, bizim kor olmadığımız halda belə, çox şeyə laqeyd yanaşdığımızı göstərir. Bu kitab insanlığı oyandırmağa çalışır:
" HƏR ŞEY GÖZ QABAĞINDADIR, GÖRMƏK İSTƏYƏNLƏR ÜÇÜN. "