İlk ayın ilk kitabı - Kahve Soğumadan Önce . Səhv etmirəmsə, Yaponiya ədəbiyyatından oxuduğum ikinci kitab oldu. Ədəbi cəhətdən çox da gözləntim olmayan bir kitab idi onsuz, amma düşündüyüm qədər də pis deyildi. Son zamanlarda qarşıma çox çıxırdı deyə bir şans verim dedim. Deyildiyi qədər axıcı bir kitabdır. Hətta bir və ya -mənim kimi- iki oturuşda bitirə biləcəyiniz qədər axıcı. Məncə şans verməyə dəyər.
Deməli, bu kitabda Tokyoda yerləşən kiçik bir kafedən və onun qeyri-adi xüsusiyyətindən danışılır. Bu kafedə zamanda səyahət etməyə kömək edən bir stul var. Lakin bu stula oturan şəxslər keçmişə (və ya gələcəyə) yalnız müəyyən bir anı dəyişmək üçün gedə bilərlər və bu zaman kitabın adından da göründüyü kimi çətin, amma gözlənilməsi mütləq olan bir qayda var: Qəhvəniz soyumadan əvvəl geri qayıtmalısınız.
Kitab Toshikazu Kawaguchi -nin çap olunmuş ilk romanıdır. Normalda, bu ssenari teatr tamaşası üçün yazılıb (və böyük bir mükafat sahibidir). Tamaşanı izləməyə gedən redaktorumuz isə tamaşanı çox bəyənib və müəlliflə danışaraq belə bir təklif irəli sürüb ki, ssenarini kitab halına gətirsinlər. Beləcə, elmi-fantastika kimi görünüb, əslində duyğu şəlaləsindən ibarət romanımız ərsəyə çıxmış olub.
Zarafat bir yana, həqiqətən, əsərdə gözəl məqamlara toxunulub və bu danılmaz bir gerçəkdir. Lakin yuxarıda da qeyd etdiyim kimi, ədəbi cəhətdən bir az zəif qalıb. Bu cəhətdən əskikliyi olsa da, müsbət tərəfi də o idi ki, hər şey çox gözəl təsvir olunmuşdu. Mühiti, məkanı, insanları təsəvvürümdə canlandırmaq üçün heç əziyyət çəkmədim. Yersiz təkrarlar olmadan edilən bu səlis təsvirlər baya xoşuma gəldi.
SPOİLER
Kitab 4 bölmədən ibarətdir və düşünmüşdüm ki, bir-biri ilə əlaqəsi olmayan dörd hekayə oxuyacağam. Amma məni çox təəccübləndirən məqamlardan biri elə bu oldu. Hekayələr arasında heç gözləmədiyim tərzdə incə bağlantılar vardı. Hər fəsil, öz-özlüyündə bağımsız olan bir hekayə kimi görünsə də, əslində sonda bir bağ yaradaraq kitabın bütövlüyünü təşkil edir. İçlərində isə ən sevdiyim ikinci fəsil idi. Fusaginin keçmişdəki halının dedikləri, ettikləri filan hamısı çox təsirli idi. Yoldaşının gələcəkdən gəldiyini biləndə isə anlıq bir şok keçirdim. Ümumiyyətlə, bu səhnələri oxuyanda Mitskiyə qulaq asırdım deyə day bundan sonra nə vaxt The Deal mahnısına qulaq assam yadıma bu səhnələr düşəcək deyəsən...
Ana və uşaq olan fəsil, yəni sonuncu fəsil də çox xoşuma gəldi. Mənalı və təsirli idi həqiqətən. Hələ doğulmamış uşağını görmək üçün Kei-nin etdikləri sevginin zamandan və məkandan asılı olmayan bir məfhum olduğunu göstərir. Bir qəhvə istiliyi qədər olan bu qısa müddət qadının öz uşağına necə sonsuz sevgi ilə bağlandığını göstərmək üçün kifayət idi.
Sadəcə olaraq, ümumi kitabda çatışmayan cəhət odur ki, personajların keçmişə və ya gələcəyə gedib qayıdandan sonrakı hisləri, düşüncələri filan tam əks olunmamışdı məncə. Bunun da səbəbi yəqin ki, kitabın teatr tamaşasından uyarlanmış olmasıdır.
Kafenin yuxarıda qeyd etdiyimdən başqa da qaydaları vardı təbii ki. Amma içlərində mənə ən mənasız gələni o idi ki, keçmişə və ya gələcəyə gedəndə nə edirsinizsə edin, yenə də indiki zamanda heç nə dəyişməyəcəkdi. Buna görə də üstündə ən çox düşündüyüm qayda da bu oldu. Fərqinə vardım ki, əslində bu qaydanın bizə vermək istədiyi mesaj başqadır: Keçmişi dəyişmək mümkün olmasa da, onu anlamaq və qəbullanmaq bizim əlimizdədir. Kitabda da bir çox şəxs öz səhvini düzəltmək, peşmanlığını aradan qaldırmaq üçün keçmişə getmək istəyirdi. Amma çoxları bu qaydanı eşidəndən sonra fikrindən daşınırdı. Belə görürəm ki, bu qayda o qədər də mənasız deyildi, əksinə, insanlara öz səhvləri ilə üzləşmək imkanı verirdi. Həm də reallıqla da örtüşən bir qayda imiş. Çünki, həqiqətən də, həyatda hər şey heç də bizim nəzarətimiz altında baş vermir. Bəzi şeylər elə olduğu kimi də qalmalıdır. Necə ki deyirlər: Bir şeyin olacağı varsa olur.
Son olaraq, kitabı bitirdiyim müddətdən bəri üzərində düşündüyüm bir alleqoriyanı qeyd etmək istəyirəm. Kitabdan etdiyim bir alıntının da əslində bunda rolu böyük oldu. (#262115968) Üzərinə düşündüyüm bu metaforla kitabdakı qəhvəni əslində bir həyat kimi görməliyik deyə düşündüm. Əslində, həqiqətən, həyat da bir fincan qəhvəyə bənzəyir. Zaman keçdikcə qəhvə soyuyub, dadını itirdiyi kimi, həyatımız da anı yaşamadığımız, fürsətləri dəyərləndirmədiyimiz müddətcə ilk anda olduğundan fərqli olaraq, öz mənasını itirməyə başlayır. Qəhvəni isti ikən içmək, yəni həyatı vaxtında, dolu-dolu yaşamaq, yaşadığımız peşmanlıqların ağırlığını yüngülləşdirməyin tək çarəsidir.
Unutmayın ki, həyat da bir fincan qəhvə kimidir, ikinci dəfə isidəndə əvvəlki o dadı vermir. Buna görə də hər qurtumun dəyərini bilmək lazımdır. (Nescafe reklamı kimi oldu lap fjdhjak)
Hamıya xoş mütaliələr...
Qeyd: Iced coffee sevərlərinə bir üzrxahlıq borcum var