10/10
·912 syf.··
2025 3. kitabı
·
52 günde okudu
·
Okunma: 04 Şubat 2025 22:55
Nolan filminin təsiriylə kitabı alıb 1 il rəfimdə gözlətdikdən sonra nəhayət oxumağa ürək elədim, 912 səhifəni 52 günə bitirmək həvəs istəyir)) əslində bioqrafiya yazmaq qədər oxumaq da zəhmətlidir, müəllifin illərini verdiyi araşdırmanı qısa müddətə oxuyub həzm etmək mümkün deyil. Əvvəla onu qeyd etməliyəm ki, oxuduğum ən yaxşı bioqrafiyalardan biridir. Oppenheimer şəxsiyyətinin uşaqlığından ölümünün son dəqiqələrinə qədər psixoloji portreti mükəmməl şəkildə işlənib. Bir fəsildə bullinqə məruz qalan məktəblini anlamağa çalışarkən, digər fəsildə fərqli olduğunu hiss etdiyi üçün psixoloji gərginlik yaşayan yeniyetməni və çox sonralar atom bombasının atası çıxır qarşımıza. Həyatının bütün mərhələlərinin keçidləri əlaqəli işlənib, müəllif qeyd olunanların qarışdığını nəzərə alıb oxucuya öncəki paraqraflardan xatırlatma edir və bu da oxumanı rahatlaşdırır. Tək yorucu nüans fizika termin və anlayışlarıdır ki, sahənin insanı deyilsinizsə bəzən dialoqları belə başa düşməməyiniz mümkündür, nəyisəki elə də çox deyildilər. Digər tərəfdən, Oppenheimer'in sevdiyi ədəbiyyat, musiqi və rəsm əsərlərinə aid sitatlar gətirilməsi xüsusilə maraqlı gəldi. Adətən oxuduğum bioqrafiyalarda bu kimi nüanslar qarşıma çıxmırdı, amma burda müəlliflər Oppenheimer ailəsinin evlərinin dizaynı, hətta divarlardan asılan tablolara qədər məlumat vermişdilər, bu da oxuduğun personanı evin içində, gündəlik həyatda düşünməyə, kitaba daha yaxın hiss etməyə kömək edir. Nəticədə hər insan həyatının dönüm nöqtəsi yaşananadək onu formalaşdıran nüanslardan asılıdır - Oppenheimer də atom bombasının atası olmadan öncə fizika sahəsinə maraq duyan sadə məktəbli idi. Müəlliflər alimin həyatını təsvir edərkən ona təsir edən insanları əsas belə təsnifləşdiriblər: dostlar, düşmənlər və neytrallar. Oppenheimer şahmat taxtasında irəliləyirmişcəsinə həyatından keçən insanlar ya onu məğlub etməyə çalışır, ya o məğlub edir, ya da elə şərait yaranır ki, önəm vermədiyi insanlar həyatında ciddi dəyişiklik edir. Onun bütün psixoloji gərginliyini bütün bu münasibətlərini analiz edərkən anlayırıq. Yaşadıqlarının üstündə buraxdığı təsir düşmənləri ilə mübarizə apararkən ortaya çıxır. Bu nöqtədə insan həyatında kiçik görünən, amma zamanında doğru şəkildə müdaxilə edilməyən hadisələrin sonrakı taleyində necə dəyişikliklər yarada biləcəyini acı içində dərk edirik. Nolan filminə gəldikdə, kitabı oxuduqdan sonra filmi təkrar izlədim və anladım ki, ilk izləyəndə filmin yarısından çoxunu heç anlamamışam)) sadəcə anladığımı fərz etmişəm. O qədər çox detal və qarışıqlıq var ki izləyəndə nə niyədir deyə sorğulayarkən tapırsan özünü. Kitabı oxuyana isə film yağ-bal kimi gedir. Vurğulamaq istədiyim çox detal var, amma yorucu da olmaq istəmirəm. Qısaca, oxunmağa dəyər!
Amerikalı PrometheusKai Bird · İthaki Yayınevi · 202352 okunma
·
146 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.