·248 syf.··Beğendi
···Okunma: 18 Şubat 2025 21:45 Əvvəlcə onu deyim ki, mövzu maraqlı, ssenari inandırıcı (bəzi məqamları çıxmaq şərtilə), adların seçimi uğurluydu.
Elə kitabın adı da əla seçilib məncə. Firuzun hər dəfə real həyatdan qaçıb kitab oxumaq üçün sığındığı otağın koridordakı kameraların kor nöqtəsində yerləşməsindən, Firuzun və Şahmarın (mən bura əslində bu əsərdəki qəhrəmanların 90%-ni əlavə edərdim) cəmiyyətin "kor nöqtəsində" qalmağına qədər bir çox məqamda kitab adının haqqını verir.
Yerli yazıçılardan indiyə qədər yetəri dərəcədə doyurucu kitablar tapa bilmədiyim üçün bu kitaba da məsafəliydim. Amma bir tərəfdən də qəribə şəkildə məni özünə çəkirdi.
Kitabı fərqli duyğularla oxudum. Bunu da yazıçının uğuruna yazıram. Bir cümlənin içində həm gülüb, həm də əsəbiləşmək olur. Şahmarı xəyalımda dəfələrlə əzişdirdim şəxsən. Psixoloji, sosialoji, fəlsəfi nüansları situasiyalarla gözəl şəkildə ortaya qoya bilib. Məsələn, Firuzun "layihə rəhbəriylə eyni soyadı daşıyan" baş koordinatorla olan dialoqları və səhnənin nəticəsində Firuzun öz şəxsiyyətindən iyrənmə həddinə çatması möhtəşəm bir ekzistensializm nümunəsidir. Bəzi cümlələrin kitabın yazı prosesində ortaya çıxmasından çox, illərlə yığılan həyat təcrübəsiylə bir kənara alınan qeydlər olduğunu düşünürəm. Əgər əksidirsə, yazıçıya daha böyük afərin düşür.
Kitabı oxuduqca yazıçının haradasa zaylayacağından, əsəri ulu bir mesajla bitirəcəyindən qorxurdum. Amma elə olmadı. Oxuduqca kitabın irəliləyən səhifələrində Şahmarın qəşəngcənə çırpılacağına ümid edirdim. Elə də oldu.
Yeni Azərbaycan ədəbiyyatı səviyyəsində baxanda 9 ballıq bir kitabdır. Amma bu qiymətin verilməmə səbəbini bəzi açıq-saçıq ifadələrə və səhnələrə bağlayıram.
Ümumilikdə Naiq bəyin qələmini çox sevdim. Ümid edirəm ki, yeni gələn əsəri də bu qədər güclü olar.