Kitabı Selincerin "Çovdarlıqda uçurumda qoruyan" əsərinə bənzətdim. Həmçinin, "Milçəklərin tanrısı", "Mexaniki Portağal" kimi əsərlərdən də ünsürlər var idi. Sadaladıqlarıma əsasən, məlum olur ki, mövzumuz uşaqlardır.
Ümumilikdə, əsərin dili sadə və axıcı idi, oxuyucunu maraqda saxlamağı bacarır və əsas fikirləri çatdırırdı. Şahmar və Firuz hər nə qədər tamamilə fərqli şəxsiyyətlər olsalar da, aralarında bir bənzərlik var idi. Fikrimcə, bu bənzərlik təbiətlərindəki "şiddətə meylli" olmaqdan irəli gəlirdi.
Yazıçının müşahidə qabiliyyətinə söz ola bilməz, amma Şahmarın düşüncələrini oxuyarkən "on beş yaşlı" uşağın bu qədər yerində müşahidələri ola bilər mi deyə sorğuladım. Çünki həmin yaşlarda dünyanın bizim ətrafımızda döndüyümüzü düşünür, heç ətrafa dönüb nəzər də salmırıq.
Həmçinin, Şahmarın ailəsi, xüsusilə də, anası ilə bağlı daha çox detal verilməsini istəyərdim. Firuzun ailəsi haqqında da qaranlıq qalan məqamlar oldu. Obrazlarla bağ yaratmaq üçün onların bugünüylə yanaşı, keçmişlərini də bilmək lazımdır. Çünki insanları bir-birinə bağlayan şey ortaq yaralarıdır. Firuz da bir pedaqoq kimi bundan istifadə etməyə çalışdı, lakin əsas komponenti unudurdu.
Səmimiyyət.
Firuzun Şahmara yaxınlaşma şəklindən tut, aralarında keçən dialoqlara qədər ipləri əlinə alan "egosu" idi. Şahmar yeniyetmə olduğundan, bayaq da qeyd etdiyim kimi, özünü dünyanın mərkəzində görməyindən, hər sözün "mənliyinə" toxunmasından normal bir şey yox idi. Ümumiyyətlə, Şahmar "mən" sözünün mahiyyətinə varmağa çalışdığı bir dönəmdən keçirdi. Obrazın perspektivi maraqlı və məzəli olsa da, ona qarşı xüsusi bir simpatiyam yarandığını deyə bilmərəm. Hələ sonda həbsə düşüb yazıçı-filosof kimi çıxması, Firuzla yenidən qarşılaşmadan sonlanması yarımçıqlıq hissi verdi. Məncə bu qədər yaxşı qaldırılmış