·124 syf.··Beğendi
···Okunma: 21 Şubat 2025 00:00 Erlend Loe-nun Doppler əsəri, müasir dünyanın içində sıxışıb qalmış insanın varoluşsal axtarışını təsirli bir şəkildə təsvir edir. Norveçdə yaşayan, yaxşı işi, gözəl evi, ailəsi və uşaqları olan Andreas Dopplerin hekayəsi, bir gün meşədə velosiped sürərkən yıxılması ilə başlayır. Bu yıxılma, onun üçün sadəcə fiziki bir zərbə deyil, həyatına dair dərin bir oyanış anıdır. (bir balaca spoiler olabilir)
Bu hadisə Dopplerin bütün həyatını yenidən düşünməsinə səbəb olur. Uzun illər içində yığılıb qalmış narahatlıqları üzə çıxır. Cəmiyyətin ona məcbur etdiyi qaydalar, karyera hədəfləri, mükəmməl ata və həyat yoldaşı olmaq üçün sərf etdiyi bütün gücün, əslində daxili dünyasında nə qədər boşluq yaratdığını anlayır. Atasını itirsə də, onu nə qədər az tanıdığını dərk edir. Bu anlayış isə onu cəmiyyətdən ayrılıb meşədə, təbiət qoynunda, primitiv bir həyat yaşamağa sövq edir.
Doppler meşədə ov edərək, çaydan su içərək, ehtiyaclarını mübadilə və hətta oğurluq yolu ilə qarşılayaraq yaşayır. Ancaq bu yeni həyatında tamamilə tək deyil. Anasını ovladığı bir balaca maral – Bongo ilə dostluq qurur. Bongo, Dopplerin bu yeni həyatında bəlkə də ən dərin bağ qurduğu varlıq olur.
Roman insan münasibətləri, valideynlik, sosial məsuliyyətlər və insanın öz daxili dünyası ilə qarşılaşması kimi mövzuları əhatə edir. Amma əsasən, varoluşçuluq fəlsəfəsinin müasir dünyadakı bir təzahürü kimi görünür. Doppler “həqiqətən vacib olan nədir?” sualını özünə və oxucuya dəfələrlə təkrarladır.
Bu kitabı @martikitapkulubu ilə birlikdə oxuyuruq, mənim üçün 2025-fevralın 4-cü kitabı oldu, və mənə dərin təsir bağışladı. Dopplerin evə qayıdıb-qayıtmayacağı və ya bu yolçuluğun necə bitəcəyi bir yana, kitabı oxuyarkən öz həyatını düşünmədən keçmək mümkün deyil. Gündəlik qaçhaqaç içində gerçəkdən dəyərli olan şeyləri yenidən gözdən keçirmək üçün mükəmməl bir əsərdir.