·144 syf.····Okunma: 05 Mart 2025 00:00 “Efendi ilə Uşağı” – qısa, amma çox təsirli bir hekayədir. İlk baxışdan sadə bir səfər kimi görünən hadisə, əslində insanın xarakterinin, seçimlərinin və həqiqi dəyərlərinin sınağıdır. Vasili Andreyic başdan sona qədər tipik bir “pul hər şeydir” düşüncəsində olan biridir, amma həyat ona elə bir dərs verir ki, hər şeyin sonunda var-dövlətin, nüfuzun heç bir əhəmiyyət daşımadığını anlayır – təəssüf ki, artıq gec olur.
Əsəri oxuyanda Tolstoyun ən güclü tərəflərindən biri olan insan psixologiyasını incə detallarla təsvir etməsini görmək mümkündür. Vasili Andreyicin öz eqoizmi və qorxuları ilə mübarizəsi, Nikitanın isə sadəliyi və sədaqəti hekayənin əsas gücüdür. Sonda kim qalib gəlir? Əlbəttə, insanlıq.
Bu kitab mənə insanın həyatda həqiqətən nə üçün yaşadığını, nəyin əsl dəyər daşıdığını sorğulamağı xatırlatdı. Pul, status, maddi uğurlar – bunların hamısı boş şeydir, əgər sonunda içində mərhəmət, sevgi və vicdan yoxdursa. Oxuyandan sonra öz-özümə düşündüm: “İndi yaşadıqlarımın sonunda geriyə baxanda nədən peşman olacam?” Bu sual bəlkə də əsərin əsas mesajıdır.