Puan vermedi·160 syf.··Beğendi
· Bu kitabı əslində üçüncü dəfə idi ki, oxuyurdum. Kitabı ilk dəfə dördüncü sinifdə oxuyanda babam hədiyyə etmişdi. Beləliklə, bu kitab mənim ilk kitabım olmaqla yanaşı, bu gün o kitab rəfimin yarandığı günün başlanğıcı oldu. Bu səbəbdəndir ki, mənim üçün xüsusi əhəmiyyət daşıyır. Uşaq ədəbiyyatı olaraq bilinən, əslində isə içərisində metaforlardan olduqca çox istifadə olunan kitablar qəbiləsindəndir. Kitab bizə özümüz, duyğularımız və həyatla bağlı çox şey deyir.
Bu gün kitabın dərin analizini aparmayacağam. Yalnızca bir neçə hissəsi haqqında bəzi düşüncələrimi və analizləri qeyd edəcəyəm.
Kitabı diqqətlə və metaforları araşdıraraq oxusanız, sizə dünyanı fərqli bir bucaqdan izləmə fürsəti verəcək. Bəzən Alisanın həddindən artıq böyüyüb və bəzən kiçilməsi bəlkə də insan duyğularının ən gözəl ifadəsidir. Utanarkən, özümüzə olan inamımızı itirərkən, ya da biri haqqında yanılarkən necə kiçilirik. Kaş həmin vaxtlarda bir iksir olardı, içimizdəki bu duyğuları yox edəcək. Bəzən də haqqımızı tələb edərkən, ya da anidən qəzəblənib özümüzdən çıxdığımız o vaxtlarda divarlar necə də kiçilir, sanki sığmırıq o otaqlara.
Hekayə Alisanın ürəyinin sıxılmağını təsvir etməklə başlayır. Bütün səhifələri bir-birinə bənzəyən kitab Alisaya olduqca sıxıcı gəlirdi. Bu sizə nəyisə xatırlatmır? Əslində hamımız zaman-zaman Alisanın keçirdiyi hissləri keçiririk. Bir-birinin təkrarı olan o cansıxıcı günlərdə bir maraq axtarır, ona rəng qatacaq nələrinsə arxasınca düşürük. Bu bəzən bir kitab, bəzən bir səyahət, uzun bir yol ola bilir. Elə isə əslində hamımız Alisa ilə eyni hissləri paylaşırıq.
Və beləcə o, reallıqdan ayrılıb yuxuya gedir. Lakin yuxuya getdiyinin fərqində deyil hələ. Qəribəliklər də burda başlayır. Oradan qaçaraq uzaqlaşan bir dovşan...
Elə cansıxıcı, bir-birinin eynisi olan günlərdə bizlər də nə vaxtsa bunun fərqinə varsaq, həyatımızı sorğulamışıqsa, özümüz üçün yeni bir reallıq axtarışına çıxmışıq.
Kitabda digər sevdiyim bir hissə tırtıl və Alisanın dialoqudur:
- Sən kimsən? – soruşdu tırtıl.
- Alisa cavab verdi: “Elə bu dəqiqə mən... mən özüm də bilmirəm, ser. Mən ancaq bu gün səhər yuxudan duranda kim olduğumu bilirdim. Lakin sonra mən bir neçə dəfə dəyişmişəm.”
- "Sən nəyi nəzərdə tutursan, başa sal görüm?" - təkrar soruşdu tırtıl.
- "Təəssüf ki, dediyim sözü aydınlaşdıra bilmirəm. Çünki mən, mən deyiləm, görürsünüz də!" – Alisa cavab verdi.
Bu dialoq mənə Raude Jamiesin "Eşq və Qəm" adlı kitabında keçən o cümləni xatırlatdı:
"İnsan eyni anda həm özü, həm də başqasıdır. Hər dəfə özümüzü tanıdığımızı zənn edirik, ancaq bir də görürük içimizdəki adam tamam başqası olub çıxıb."
Xoş mütaliələr!