"Hörüb çələngimi öz yığdığım çiçəklərdən
Cahana qarşı hicab asmışam bəbəklərdən..."
Mirzə Şəfi Vazeh
Çox sevdiyim "XAN" Xatirə Ədəbiyyatı silsiləsindən 2-ci kitab. Almaniyanın Hannover şəhərindən Tiflisə gəlib burada Mirzə Şəfidən türk dilini öyrənən Fridrix Bodenştedtin onun haqqında olan xatirələrinin də dərc olunduğu "Şərqdə min bir gün" kitabından parçalar toplanmışdır. Çoxları hələ orta məktəbdə oxuduğumuz vaxtdan onu Mirza Fetali Ahundov un müəllimi kimi, o məşhur dialoqdan tanıyır. Kitabda Vazehin həyat tərzindən, təşkil etdiyi "Divani-hikmət" ədəbi məclisindən, sevgilərindən söhbət açılır, onun dilindən lirik parçalar verilir. Həm özünün, həm də Sədinin, Hafizin şeirlərindən. Fridrix bu nəğmələri öz dəftərinə köçürərək özünün Şərq macərasının qiymətli xəzinəsinə çevirir, müəlliminin ona hədiyyə verdiyi nəğmələr kitabıyla birlikdə Almaniyada nəşr etdirir. Hər nə qədər sonradan şeirlərin müəllifi olaraq özünü qeyd etsə də, vaxt keçir və hər şey aydın olur. Kitab Almaniyada bugünədək 300 dəfədən artıq çap olunub. Almanlar onun nəğmələrini Hötenin şeirləri kimi sevərək oxuyurlar. Avropada yayılan bu nəğmələr mövzu baxımdan, dinə, şəraba münasibət baxımdan oranın insanlarına bir növ Xəyyam, Hafiz təsiri bağışladığından hədsiz sevilir. Rusiyanın tərkibində ola-ola qiymət görüb məşhurlaşmayan Vazeh, Bodenştedt vasitəsilə yayılaraq neçə dilə tərcümə olunmuş və Rusiyada da tanınaraq nəğmələri ruscaya da tərcümə olunur. Çaykovski onun nəğmələrinə romanslar həsr edir, L.Tolstoy yazıçı A.Fet ilə məktublaşmasında onun barəsində maraqlanır və gözəl şeirləri olduğunu qeyd edir.
Yaşadığı dövr bir tərəfdən rusların Gəncəni işğal etməsi, hətta adının belə dəyişdirilib Yelizavetpol adlandırılması, digər tərəfdən Rusiya-İran müharibələrinin başlandığı bir tarixi dövrə təsadüf edir. Dini görüşləri, şərab düşkünlüyü, xurafata, mollalara münasibəti, geriliyə qarşı çıxması onu allahsız kimi tanıtsa da, o da dövrünün və ondan sonra gələnlərin maarifçi fikirlərini daşıyırdı. Onun qadınlar haqqında olan yüksək münasibəti, onlara verdiyi dəyər çox qiymətlidir. Həmçinin, kitabın sonunda Vazehin sevdiyi qadınla qovuşması, toy-nişan adət-ənənələrindən geniş bəhs edilməsi insana xoş təsir bağışlayır.
O rus pedaqoq İvan Qriqoryev ilə birlikdə Azərbaycan poeziyasının ilk müntəxəbatı, ilk dərsliklərimizdən olan "Kitabi-Türki" və Tiflis gimnaziyası üçün "Tatar-rus lüğətini" yazmışdı. Vazeh müəllimlikdən, şairlikdən əlavə olaraq, həm də xəttatlığı ilə də məşhurdur. Cavad xanın qızı Püstə xanımın yanında xəttatlıq da etmişdir. Kitab çapını qəbul etmir, əlyazma şəklini daha üstün hesab edirdi.
Son olaraq onu qeyd edim ki, bu kitabdakı məlumatlar "Mirzə Şəfi Vazeh və Bodenştedt" kitabında da orijinal mətnlərlə birlikdə nəşr olunmuşdur. Nəbi Xəzri "Heykəlsiz abidə" və Əlisa Nicat "Gəncəli müdrik" kitabları ona həsr olunub.