9/10
·284 syf.··
2025 1. kitabı
Lissabon Gecəsi” – Sevgidə itmək, amma heç peşman olmamaqdır. Remarkın Lissabon Gecəsini oxuyanda, bir anlıq özümü o limanda hiss etdim. Həmin qaçaq adamların arasında, sənədsiz, kimliksiz, tək… Amma bütün o qaranlığın içində bir sevgi var idi – sakit, utancaq, dərindən gələn… Josef və Helenin sevgisi. Əsəri oxuyanda düşündüm ki, bəzən insan təkcə yaşamaq üçün yox, sevmək üçün də qaçır. Josef qaçırdı – ölkəsindən, adından, keçmişindən. Amma Helenə tərəf qaçırdı. Helen isə sanki heç hara getmirdi. O, sadəcə qalırdı. Qalırdı Josefin yanında, gözlərində, nəfəsində. Josef Schwarz, ölümə, izlənməyə və unudulmağa məhkum edilmiş bir alman qaçqınıdır. O, saxta kimliklərlə, keçidlər və sərhədlərlə dolu bir həyat sürür. Onun yeganə işığı isə Helen olur – gözəl, zərif, sakit, amma içində müharibənin ağrılarını daşıyan bir qadın. Helen – yalnız sevdiyi kişi ilə birlikdə ola bilmək üçün hər şeyini riskə atan bir qadındır. O, alman olmasına baxmayaraq, rejimə tabe olmaq əvəzinə sevgini, yoldaşlığı və fədakarlığı seçir. Helen məni çox təsirləndirdi. Qadın olmaq bu qədər çətin, bu qədər güclü və bu qədər səssiz ola bilərmiş… Onun fədakarlığı, alicənablığı – hər şeydən çox dəyərliydi. O, sevirdi. Və sevdiyinə görə hər şeydən keçməyə hazır idi. Özünü belə qurban verdi, xəstəliyini ölən günə kimi gizlədi. Ən çox yandıran da bu idi – Helen heç nə demirdi. O, sadəcə sevir və hər şeyini bu sevgi üçün verirdi. Amma gözlərindəki acı, hər səssiz hərəkətindəki sarsıntı bu fədakarlığın nə qədər ağır olduğunu göstərirdi. O, özünü qurban verirdi, amma heç vaxt buna görə narazılığını ifadə etmirdi. Sevgi, bəzən özünü tamamilə itirməkdir, amma bir an belə bu itkiyə peşman olmamaqdır. Josefin hekayəsi, əslində bir insanın bütün həyatını bir gecəyə sığdırmasıdır. Lissabonun limanında, bir yad adama hekayəsini danışarkən onun gözlərindəki yorğunluq, səsindəki boşluq mənə tanış gəldi. Amma o boşluğun içində Helen vardı – susqun, möhkəm, fədakar bir qadın. O, təkcə Josefin sevgilisi deyildi, həm də onun bütün dünyası idi. Helenin alman olması, öz xalqının içində yaşadığı qorxular, sevdiyi kişiyə görə etdiyi seçimlər… Bütün bunlar bir qadının necə böyük ola biləcəyini göstərir. O, sevginin adını ucadan demir, amma hər hərəkəti ilə onu var eləyir. …Helen artıq yox idi. Josef sabah onu dəfn edəcəkdi. Bu gecə isə danışmalı idi. İçində susaraq daşıdığı illərin ağırlığını bir nəfərə deməliydi. Tanımadığı, amma ona dinləmək üçün bir səbəb vermiş yad bir adama… Hər kəsin qaçmağa çalışdığı şəhərdə, o, dayanıb həyatını bir gecəyə sığdırırdı. Səssiz bir limanda, susqun bir otaqda, yalnızlığın içində – bir sevginin xatirəsinə çevrilmiş qadının adı ilə danışırdı: Helen. Helen xəstəliyini gizlətmişdi. Sevməyi seçmişdi, qorxutmağı yox. O, sevərək getdi. Arxasında iz qoymadan, amma Josefin ruhunda sağalmayacaq bir yara buraxaraq… Bəzən bir insanı itirmək, onu heç tanımamış olmağı arzulamağa səbəb olur. Amma Josef elə deyildi. O, Heleni tanıdığı üçün minnətdar idi. Çünki həyatının ən qaranlıq vaxtında onun içində işıq yandıran tək şey Helen olmuşdu. Lissabon Gecəsi – bir gecəlik danışıq, bir ömürlük susqunluğun sındığı an… Və bu gecə yalnız bir şəhərin adı deyil. Bu, sevginin dəfn olunduğu, amma xatirəsinin əbədi yaşadığı gecədir. Helen artıq yoxdur. Amma Josef danışdı. Çünki bəzən sevgini yaşatmağın yeganə yolu, onu kimsə ilə bölüşməkdir. Hətta o kimsə, tanımadığın bir adam olsa belə. Və sabah gün doğacaq. Josef, Heleni dəfn edəcək. Amma bu gecə – bu bircə gecə – heç vaxt unudulmayacaq. Bu gecə, sevgini itirən bir adamın, sevgidə özünü tapan bir qadının gecəsidir. Lissabon Gecəsi… bir gecəlik həyat.
Lizbon'da Bir GeceErich Maria Remarque · Everest yayınları · 2019181 okunma
·
83 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.