Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

779 syf.
7/10 puan verdi
·
108 günde okudu
Dostoyevskinin özünün də ən sevimli romanı olan "İdiot" əsərinin ideyası yazıçı xaricdə (Almaniya və İsveçrə) yaşayarkən yaranmışdı. İlk əlyazmaya 1867-ci iləd başlayıb, bir hissəsini İtaliyada yazmağa davam edib, 1869-cu ildə isə Florensiyada tamamlayıb. Həmin illərdə Dostoyevskini Qərbi Avropaya səfər etməyə vadar edən nə idi? Xəstəliyindən şikayət edirdi, Peterburqda artıq tez-tez təkrarlalan epilepsiya tutmaları onu bezdirmişdi. Bununla yanaşı borclu olduğu adamlardan gizlənmək üçün xaricə getmək onu bir qədər sakitləşdirəcəyini düşünmüşdü. O ərəfədə yazıçı həm də özündən yaşca kiçik qadınla evlənir. Səfər xərclərini ödəmək üçün M. Katkovdan roman yazacağı sözü ilə min manat borc alır. Xaricdə olduğu dövrdə epilepsiya tutmaları kəsilmir, pul azalmağa başlayır. Dostoyevski bəzən borclarını bağlamaq düşüncəsiylə qumar oynayır, bəzən də oyun ehtirasına qapılıb, daha da irəli gedir, özünü tamamilə oyuna həsr edirdi. O ərəfədə Sofya adlı qızı da dünyaya gəlir, ancaq uşaq çox yaşamır və Cenevrə şəhərində dəfn olunur. Belə situasiyada Dostoyevksi xilas yolu axtarmağa başlayır. Roman yazmaq onun üçün yeganə xilas yoluna çevrilir. 1867-ci ildə A. Maykova məktubda yazırdı ki: " İndi Cenevrədəyəm, başımda roman ideyası var. Əgər Allah kömək olsa, böyük və yaxşı bir iş alınacaq. Bu romanı çox sevdim və böyük həyəcan və zövqlə yazacağam". Beləliklə, əsərin yazılması tarixindən məlumdur ki, uşağın doğulması və ölməsi hadisəsinə görə uzun fasilə verməklə yazıçı roman üzərində dayanmadan işləyib. A. Maykova başqa məktubunda Dostoyevski romanın ideyası barədə düşüncələrini yazıb: "Çoxdan bir fikir məni narahat edirdi, ancaq mən onu romana çevirməkdən qorxurdum. Çünki fikir çox çətindir və ona hələ hazır deyiləm, amma çox aydındır və onu sevirəm. İdeya budur - tamamilə gözəl bir insan obrazı yaratmaq. Bizim dövrümüzdə bundan çətin iş ola bilməz, deyə düşünürəm". Dostoyevksi başqa bir dostuna məktubda romanın ideyası ilə bağlı düşüncələrini yazdıqda, qeyd edirdi ki: "Gözəl olan idealdır. Bu ideal nə bizdə, nədə mədəni Avropada hələ işlənməyib. Dünyada təkcə bir ideal sima var, bu əbədi gözəl olan İsadır". Beləliklə, knyaz Mişkin obrazı Dostoyevskinin ideal obrazı kimi seçilir. Yazıçıya görə knyaz Mışkin özünün ən yüksək ruhi inkişafına yetişmişib və eqoizmindən qoparaq başqaları yolunda özünü qurban verməyə hazıdır. Romanı oxuduğumda, əvvəl təəssüfləndim ki, niyə "Karamazov qardaşları"nı birinci oxumuşam, amma sonra roman ətrafında düşündükdə təəssüfüm əridi getdi. Çünki Dostoyevskinin dərin psixoloq və misilsiz romançı kimi yüksək sənətkarlığa malik olmasını bir daha təsdiqləmiş oldum. Mənə görə knyaz Mişkin Dostoyevskinin ruhi xəstəsi "İsa" obrazıdırsa, Alyoşa Karamazov tamamilə sağlam ruhlu "İsa" obrazıdır. Yazıçının ömrünün sonuna qədər kamil insan axtarışında olması oxucunu kövrəltməyə bilməz. Fikrində tutduğu ideal insan obrazlarını yaradıcılığı boyu inkişaf etdirməsi nəzərimdən qaçmadı. Mışkinlə Alyoşanı müqayisə etsək, ideal insan olmaq üçün mütləq ruhi xəstə olmağa ehtiyac yoxdur. Ruhu sağlam insan da real həyatın tələsinə düşmədən, eyni zamanda həyatdan təcrid olmadan, güclü həyat eşqilə, yüksək mənəviyyatla insansevərliyə ucala bilər. "İdiot" romanında kamil insan obrazı kimi knyaz Mışkin təvazökar, səmimi, uşaq kimi həssas, şəfqətli, heç kimdən pislik gözləməyən gözəl insandır. Dostoyevskiyə görə məhz uşaq təbiətli insan günahsız ola bilər. Ancaq cəmiyyətdə bu cür insanlar heç də ideal görünmürlər, əksinə "idiot", "axmaq", "gicbəsər", "miskin" məxluqdurlar. Əsərdə bir neçə obrazın (Yepançin, Nastasya Filippovna, Lizoveta Prokofyevna) dilindən qeyri-ixtiyari "Sizi Allah göndərib" ifadəsi çıxsa da, ətrafdakılar yenə də Mışkini "İdiot" kimi görürlər. Knyaz Mışkin praktik həyatda uğursuz olsa da, mənəvi dünyasında olduqca uğurludur. Ətrafındakı insanlara cəmi bir dəfə baxmaqla onların ruhi vəziyyətini, əslində necə insan olmasını düzgün müəyyən edə bilir. Məsələn, əsərdə Nastasya Filippovnanın portretini seyr edərkən xarakteri haqqında deyir: "Üzü şəndir, amma nə qədər iztirab çəkib". İnsanların daxili aləminin incəliklərini başa düşməyə knyazın uşaq həssaslığı, saflığı kömək edir. Cəmiyyətdəki mənfiliklər, çirkinliklər, alçaqlıqlar knyazı məyus etsə də, ümidini itirmir, hər şeyin yaxşı olacağına inanır. Elə romanın özündə Dostoyevski qeyd edir ki, dünyanı xilas etmək üçün təkcə gözəlliklər yetmir, yaxşılıq və dürüstlük kifayət deyil, həm də Allahın köməyi lazımdır. Tədqiqatçılara görə Dostoyevski müsbət yönümlü gözəl insan obrazını yaradərkən həm də Don Kixot obrazına istinad etmişdir. Dostoyevski "Don Kixot" barədə, "Bütün dünyada bu əsərdən dərin və qüvvətli əsər yoxdur, bu hələlik insan fikrinin son və ən böyük sözüdür. Bu, insanın ifadə edə biləcəyi ən acı kinayədir... insan dühasının yaratdığı bütün əsərlər içərisində ən böyük və ən kədərli kitabdır" desə də, özü zamanla "İdiot" və "Karamazov qardaşları" kimi daha dərin və qüvvəti əsərдэк yatarmağa nail olmuşdur. "idiot" əsəri haqqında bir çox ölkə rejissorları tərəfindən fimlər ️çəkilib. Hətta onların arasında sevdiyim rejissorlardan Akira Kurosavanın da işi var. Ancaq bu fimlər içərisində ən təsirlisi 1958-ci ildə rejissor İvan Pıryevin çəkdiyi eyni adlı filmidir. O dərəcədə təsirlidir ki, filmin ikinci seriyasını çəkmək rejissora qismət olmayıb. Çünki knyaz Mışkin roluna çəkilən aktyor Yuri Yakovlev ağır ruhi sarsıntı keçirib. İvan Pıryev isə həmin rolu başqa aktyora verməkdən imtina edib.
Budala
BudalaFyodor Dostoyevski · Türkiye İş Bankası Kültür Yayınları · 201225bin okunma
·
37 görüntüleme
Icetree okurunun profil resmi
"Ruhu sağlam insan da real həyatın tələsinə düşmədən, eyni zamanda həyatdan təcrid olmadan, güclü həyat eşqilə, yüksək mənəviyyatla insansevərliyə ucala bilər." Çox məlumatlı, gözəl idi.Təşəkkür edirik:))
Ceylan Mumoğlu okurunun profil resmi
Mən təşəkkür edirəm :)
Mehmet D. okurunun profil resmi
Müthiş bi inceleme ya Budala'yı bir de Azerbaycan Türkçesi ile hatırlamak çok güzel oldu :)
Ceylan Mumoğlu okurunun profil resmi
Təşəkkür edirəm :)
Ustaclı okurunun profil resmi
Bu kitab mənə şillə kimi təsir etmişdi
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.