Puan vermedi·144 syf.··
2025 36. kitabı
"Danabaş kəndinin əhvalatları" Mirzə Cəlil yaradıcılığı üçün "başyapıt" deyilə biləcək əsərlərdəndir. Məncə, bu povest, bir də "Ölülər" olmasaydı, onun yaradıcılığı bu qədər zəngin, bu qədər fərqli görünməzdi gözümə. Mirzə Cəlilin əsərlərinin əsas xüsusiyyətlərindən biri rastlaşdığı, canlı olaraq şahidi olduğu hadisələri yazıda ifadə etməsidir. Adam görüb nələrisə və bunları əsərə çevirib. "Danabaş kəndinin əhvalatları" böyük bir toplumun vəziyyətinin əslində kiçikçaplı fraqmentidir. İstər ordakı obrazlardan Zeynəb olsun, istər Xudayar bəy olsun, istər Məhəmmədhəsən əmi olsun istərsə də, digərləri olsun, hamısının həyatı, yaşamı, düşüncəsi gerçək bir toplumun bədii əsərdə ümumiləşmiş şəkildə təsvir olunmasıdır əslində. Əsəri oxumağa başlayanda Mirzə Cəlil üslubunu o dəqiqə hiss edirsən. Kimin yazdığını bilməsən belə oxumağa başlayanda ilk ağlına gələn müəllif Mirzə Cəlil olur. Öxünəməxsusluğu diqqət çəkir. O, bu əsərdə xalq danışıq sözlərindən, gündəlik işlədilən ifadələrdən bolluca istifadə edib. Başqa necə olmalı idi ki? Xalqın dilində danışan, başqa cür anlaşılmadğını görən yazıçı elə bu cür yazmalı idi də əsərini. Əsərin əsas süjet xətti mənfi, qəddar, pis obraz olan Xudayar bəyin ölmüş dostunun həyat yoldaşı olan Zeynəbi məcbur özünə almağa çalışması, digər yandan isə Məhəmmədhəsən əminin başına gələnlər üzərində qurulub. Məhəmmədhəsən əminin faciəsi əsərin əsas süjet xəttini əhatə edir. O daxilən çox saf, yaxşı, imanlı bir insandır və tipik Azərbaycan kəndlisinin simasıdır. İllərdir Kərbəla arzusu ilə yaşayan, nəhayət, ömründə bir dəfə bunun üçün əlinə şans düşmüş Məhəmmədhəsən əmiyə bu şans da çox görülür. Güc-bəla ilə aldığı eşşəyə görə onun başı nə bəlalar çəkmir ki. "Qəm pəncərəsi"ni izləyəndə də çox pis olmuşdum onun faciəsinə, əsəri oxuyanda bir daha təəssüfləndim, çox heyif dedim. Sinfi təbəqələşmə, insanlar arasında maddiyyatdan qaynaqlanan uçurumları o qədər dərin, o qədər real təsvir edib ki Mirzə Cəlil, oxuduqca təəssüf etməmək əldə deyildi. Kitabda bir hissə var. İtmiş eşşəyinin dərdini çəkən Məhəmmədhəsən əmi bu fikrə düşür ki, uca Allah onun müqəddəs Kərbəla torpağına getməsini istəmir. Rəva görmür bunu ona. Rəva görmür ki, bu gün onun birtəhər pul toplayıb aldığı eşşək itib, yoxdur. Hansısa namərd onu apardı, Allah bilir harda itirdi. Məhəmmədhəsən əmi və onun ailəsi çox məzlum təsvir olunub əsərdə. Bu məzlumluğu, yazıqlığı hər cümlədə hiss etmək olur. Digər tərəfdən isə, Xudayar bəy obrazı. Qudurğan vəzifəli şəxslərin tipikləşdirilmiş obrazı olan Xudayar bəy həddən artıq mənfi obrazdır. Nə artıq, nə əskik, necədirsə o cür yaradıb bu obrazı Mirzə Cəlil. Onun Zeynəbi almaq üçün baş vurmadığı yol qalmır, bu yolda hər cür pisliyə gedə biləcək biridir o. Lakin hər şeyə rəğmən Zeynəbin əzmini, mübarizəsini çox bəyəndim. Hələ mən bu əsəri oxumazdan öncə ötəri də olsa məlumatım olan vaxtlarda da Zeynəb obrazını sevirdim. İndi də daha çox bəyəndim.
Edebiyat
Danabaş Kəndinin ƏhvalatlarıCelil Memmedguluzade · Qanun Nəşriyyatı · 2019907 okunma
·
320 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
Çox gözəl yazmısınız. Ümumiyyətlə, Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatının incilərindədir və oxuduqca insanı dərindən düşündürür.🌼
Jean Valjean
Gönderi Sahibi
Təşəkkür edirəm. Bəyənmənizə sevindim ❤️ Həqiqətən, elədir. Çox çox sevirəm)