·205 syf.····Okunma: 06 Mayıs 2025 21:50 Azərbaycan ədəbiyyatında fantastika, elmi-fantastika janrı az müraciət olunan janrlardan biridir. Belə kitablara çox az rast gəlmək olur. Göstərə biləcəyim nümunələr Namiq Abdullayevin əsərləridir. Elə Namiq Abdullayevin “İtirilmiş dünya”sı barədə etdiyim paylaşımın şərh hissəsində bu janrda yeni bir kitabın yazıldığını öyrəndim. Onda həm həyəcanlanmış, həm də maraqla gözləmə prosesi başlamışdı mənim üçün.
Aylar sonra kitabın təqdimatına dəvət alanda artıq müasir dövrlə əlaqəli motivlərə sahib olacağını yəqin etmişdim özümdə. Namiq Abdullayev daha çox kosmosdan yazıb, çünki, həmin dövrdə SSRİ-də kosmik məsələlər gündəmdə idi. Ceyhun Salman da dövrümüzün ən aktual mövzusu olan süni intellekt üzərindən süjet xəttini formalaşdırıb və düşünürəm ki, doğru seçim edib.
Kitabın 8+ yaş qrupu insanlara fokuslandığı qeyd olunub. Düşünürəm ki, bunun üçün yuxarı yaş limiti də təyin etmək olar. Çünki, kitabda ötürülən mesajlar, süjet xətti daha çox uşaqların təxəyyülünün, fikirlərinin formalaşmasına, onlara yaxşı xüsusuiyyətləri aşılamağa fokuslanıb. 20 yaşdan yuxarı bir insan üçün sözügedən hissələr o qədər də maraqlı olmaya bilər.
Elmi-fantastika janrında yazılmış kitablarda öyrəşilmiş bir məqam var: gələcəkdə ixtira olunacaq, gündəlik həyatın ayrılmaz hissəsinə çevriləcək nəyisə təsvir etmək. “Fazzi”nin ilk kitabında müəllif bunu süni intellekt üzərindən edib və robotların insanlar kimi hisslərə sahib ola biləcəyini vurğulayıb. Həmçinin, robotların insani hisslərə sahib olmasını mistik qüvvələrlə əlaqələndirməyi, mənə görə, müəllifin özünün də buna tam inanmadığından irəli gəlir. Mistik qüvvələrin toplaşdığı məkanlara istinad edərək kitabın digər hissələrinin də olacağını göstərməsini isə bəyəndim.
Kitabdakı “Rafiq baba” obrazının real insandan ilhamlanması xoş olub, məncə. Həmçinin, bu insanın elm adamı olması kitabı oxuyan uşaqlar üçün yaxşı bir rol model nümunəsi ola bilər. Bununla yanaşı, Arif obrazında gənc alimlərin təmsil olunması, Banu obrazında uşaq yaşlarından hansı peşəyə yiyələnmək istədiyini bilən qızların olması, uşaqlar arasında dostluq münasibətlərinin qabardılması, baba obrazının uşaqlara nəsə öyrətməklə yanaşı, onlara seçim imkanını verməsi kitabın uşaqlar üzərində müsbət təsirlərinə nümunə ola bilər.
Dialoqlara gəldikdə, bəzi hissələrdə sırf nəyinsə aşılandığını hiss etdim. Sanki, hadisələrin ardıcıllığı süni şəkildə hansısa hikmətli sözü personaja dedirtməyə istiqamətlənir. Bəlkə də, bu, mənə elə gəldi. Yaxud uşaq yaşında oxusaydım, həmin ardıcıllıq mənə normal görünərdi.
Süjet xəttində də müəyyən boşluqlar hiss etdim. Məsələn, Amerikaya çatan kimi robotu oğurlayan və onun üzərində müfəssəl araşdırmalar aparamaq gücünə malik olan qüvvədən robotu Rafiq babanın polisin köməyi ilə geri alması mənə qəribə və bəsit gəldi. Necə ola bilər ki, belə bir qüvvə polisin gəldiyini bilən kimi laboratoriyanı qoyub-qaçır? Sonra da robot sadə şəkildə televiziyaya çıxarılır və oğurlanmasından heç narahat olunmur. Bunları mən hadisələri tezləşdirmək cəhdi kimi qəbul etdim. Yenə də qeyd edim ki, yaşdan asılı amil ola bilər bu. Uşaqlar bu qədər detallara getməzlər, məncə.
Kitabın nəşri barədə də bəhs edim. Rəngli çap yaxşı alınıb. Təsvirlər yerində və hadisələri izah edəcək şəkildə idi. Kitabın vərəqini sarı rəngdə seçmək gözlər üçün yaxşı olsa da, şəkillərdə problem yarada bilərdi, bəlkə də. Yəqin, nəşriyyat da bu səbəbdən ağ kağıza üstünlük verib. Üz qapağın qalın olması artıq olub, məncə. Yumşaq qapaq ilə də gözəl görünərdi kitab. Növbəti hissələrdə və nəşrlərdə düşünülsə, yaxşı olar. Mətn tərtibatı və redaktə məsələlərində müəyyən düzəlişlərə ehtiyac var. Onları da ənənəvi olaraq, nəşriyyata göndərəcəm.
Ümumilikdə, kitabı bu janr üçün yeni nəfəs hesab etmək olar. Başqa həvəskar müəlliflər üçün stimul ola bilər Fazzi. Davamlı, faydalı, gözəl işlərə vəsilə olması diləyilə...