Puan vermedi·416 syf.····Okunma: 14 Mayıs 2025 23:10 Bu dəfə seçdiyim kitab Söylenmemiş Sözler oldu. Bu romanı dinlədim və səsləndirmə işini görən Erdem Akakçe obrazlara sanki can verdi. Hər bir qəhrəmanın hisslərini, daxili dünyasını və yaşadığı həyatın ağırlığını səsləndirmə ilə o qədər uyğun şəkildə çatdırdı ki, dinləyərkən özümü hadisələrin içində hiss etdim.
Kitabda yarımçıq qalmış bir sevgi, acı ilə böyüyən uşaqlıq illəri, ailəsindən ayrı düşüb özünə yeni həyat qurmaq məcburiyyətində qalan insanlar var. Bütün bu qırıq parçalar zamanla bir araya gəlir və hekayənin içində gözəlləşərək tamamlanır.
Obrazlar – Nona, Oktay, Filiz, Zeynəb, Kenan – o qədər canlı və real təsvir olunub ki, onları sanki həyatda tanıyırmışam kimi hiss etdim. İclal Aydın bu romanında da bir çox insanın içində gizli saxladığı, amma səsləndirməyə cəsarət etmədiyi duyğuları, qorxuları və boşluqları incəliklə yazıya köçürüb. Bəzən bir cümlə ilə insanın içində gizlənmiş bir hissi açıq şəkildə dilə gətirir. Bu onun qələm gücüdür.
Söylenmemiş Sözler yalnız bir sevgi hekayəsi deyil. Bu, travmaların, ailə bağlarının, itkilərin və yenidən qurulma gücünün hekayəsidir. Hər bir dialoqda, hər bir səhnədə həyatın başqa bir reallığı var. İtirilmiş zamanlar, deyilməmiş sözlər, boynuna alınmamış duyğular… – hamısı bu romanın içində var.
Dinlədiyim müddətdə səsli güldüyüm, kövrəldiyim, düşüncəyə dalıb dayandığım anlar oldu. İclal Aydın bunu bacarır – insanın ruhuna toxunmağı.
Söylenmemiş Sözler romanını tərəddüdsüz oxuyun – ya da dinləyin. İçində özünüzdən bir parça tapacağınıza əminəm.