“Aclıq” sadəcə bir insanın mədə boşluğundakı o yanğı deyil — bu, həm də bir varlığın dəyər, mənəviyyat və insanlıq üçün aclığıdır. Və məncə bu aclıq daha çox əzab verir.Əsər boyunca qəhrəmanın ümidsizliyin dibindən belə ümid axtarması məni çox sarsıtdı. Hər dəfə yıxılır, hər dəfə rədd edilir, amma yenə də “bəlkə” deyib həyatın ipindən yapışmağa çalışır. Mən bu insanın yerində olsaydım, bəlkə də çoxdan təslim olardım. Amma o, bu qədər fiziki və ruhi zəifliyə baxmayaraq qürurundan, vicdanından, insanlığından imtina etmir.Ən çox düşündüyüm mövzulardan biri bu oldu: "Bəs bu qədər qürur doğrudurmu?" Bəzən əsərdəki davranışları mənə anlamsız, hətta təhlükəli göründü. Aclıqdan ölən birinin qürur xatirinə yardım təkliflərini rədd etməsi ilk baxışda axmaqlıq kimi görünə bilər. Amma sonra başa düşürsən ki, bu qürur onun içindəki son sığınacaqdır. O qüruru da əldən versə, artıq o heç kim olacaq.Qəhrəmanın Ilayali ilə olan münasibəti isə mənə görə sevgi deyildi. O qadın bir ümid, bir xilas simvolu idi. O, bu qız vasitəsilə sanki həyatın içində hələ də bir yerinin olduğunu özünə sübut etmək istəyirdi. Amma tam açılıb ona içini danışdıqda, Ilayalinin münasibətindəki sarsılma, qəhrəmanın o son ümidi də alt-üst etdi.Əsərin sonluğu isə məni düşündürdü. Mən inanmaq istəyirəm ki, o qəhrəman gəmidən düşdüyü sahildə yeni bir həyat quracaq. Əgər sonda yenə də ümidi varsa, demək ki, daxilən heç vaxt məğlub olmayıb.
“Aclıq” mənim üçün sadəcə bir roman olmadı. Bu kitab insanın hansı hallarda da öz “mən”ini qoruduğunu, nə qədər aşağı düşsə də əxlaqi sütunlarını saxladığını göstərdi.
AclıqKnut Hamsun
AclıqKnut Hamsun · Qanun Nəşriyyatı · 201335,7bin okunma