·78 syf.··Beğendi
···Okunma: 16 Mayıs 2025 23:05 Tommazo Kampanellanın "Günəş Ölkəsi" əsəri ilk baxışda ideal və ədalətli bir cəmiyyət təsviri kimi görünür, amma oxuyarkən məndə daha çox narahatlıq yaratdı. Ən çox qadınlara münasibət məni dəhşətə gətirdi – sanki onlar yalnız süni şəkildə seçilən və “uşaq doğmaq üçün proqramlaşdırılmış” varlıqlardır. Seçim haqları, fərdi iradələri yox səviyyəsindədir. Bu yanaşma mənə mexaniki və insanlıqdan uzaq gəldi. Üstəlik, əsərdə "azad cəmiyyət" qurulduğu iddia olunur, amma insanlar əslində heç nədə azad deyillər. Kiminlə evlənəcəklərinə, nə zaman uşaq sahibi olacaqlarına, necə yaşayacaqlarına qədər hər şey dövlət tərəfindən idarə olunur. Hökmdar və digər rəhbərlər xalqın seçimi ilə yox, “müdriklərin qərarı” ilə təyin olunur – yəni yenə də qərar verənlər elita təbəqəsidir. İnsanlara isə sadəcə uyğunlaşmaq qalır.
Düzdür, bu cəmiyyətdə insanlar bir-birinə paxıllıq etmir, “quyusunu qazmır”, amma bunun səbəbi onların mərhəmətli olması deyil – sadəcə fərqlilik yoxdur ki, paxıllıq da olsun. Qaydaları pozanlar isə çox sərt şəkildə cəzalandırılır – bu artıq utopiya deyil, totalitar rejim çalarıdır. Məsələn, düşüncəsinə görə sistemdən kənarlaşan biri "sıradan çıxmış" kimi ya cəzalanır, ya da ictimai işlərə məcbur edilir. Ədalət var, amma duyğusuz və soyuq şəkildə. Mənə elə gəldi ki, bu “Günəş Ölkəsi” parlaq görünür, amma içində kölgələr çoxdur. Əgər bu cəmiyyətdə həm fərqlilik, həm də azadlıq qorunaraq insanlar yenə də bir-birinə paxıllıq etməsəydi – bax onda bu, həqiqətən də ideal bir sistem olardı. O zaman bu “Günəş” doğrudan da istilik və həyat verərdi; yoxsa belə – nə azadlıq var, nə də doğrudan gələn işıq.