·256 syf.··Beğendi
···Okunma: 06 Temmuz 2025 12:28 "Dəmiryolu Uşaqları" uşaqlığın səmimiyyəti, çətinliklər qarşısında qorxmadan durma bacarığı və xeyirxahlığın insan həyatında necə böyük rol oynadığını göstərən həssas və düşündürücü bir əsərdir. Ataları gözlənilmədən həbs olunandan sonra üç uşaq – Bobbi, Peter və Fillis – anaları ilə birlikdə Londondakı rahat həyatlarını tərk edərək şəhər kənarındakı daxmaya köçürlər. Həyatları tamamilə dəyişir, lakin onlar ruhdan düşmür. Dəmiryolu stansiyası onların gündəlik həyatının bir parçasına çevrilir.
Uşaqlar daim köməyə ehtiyacı olanlara yardım etməyə çalışırlar. Onların bu saf niyyəti ətrafdakı insanlar tərəfindən də qiymətləndirilir. Stansiya rəisi, balıqçı, qoca cənab və doktor – hamısı uşaqların xeyirxahlığını hiss edib onlara dəstək olur. Bu personajların hər biri bir mesaj verir: insan nə qədər çətinlik içində olsa da, yaxşılıq etməkdən vaz keçməməlidir və bir gün həmin yaxşılıq geri dönəcək.
Əsərin emosional tərəfləri ilə yanaşı, diqqət çəkən bir məqam da var. Kitabın arxa üzərində belə bir cümlə qeyd olunub: “Ağıllarına da gəlmir ki, qatardan onlara əl eləyən atalarının yox olmasına bais olan şəxsdir.” Mən əsəri başdan sona oxudum və bu fikrə uyğun gələn konkret səhnə açıq şəkildə göstərilmədi. Bəlkə də bu cümlə oxucu marağını artırmaq üçün əlavə olunub, çünki müəllif bu məlumatı uşaqlara və oxucuya dolayısı ilə, üstüörtülü çatdırır. Yəni açıq süjet detalı şəklində yox, daha çox simvolik bir ipucu olaraq.
Nəticə olaraq, "Dəmiryolu Uşaqları" saf duyğularla yazılmış, həm uşaqlar, həm də böyüklər üçün dəyərli mesajlar daşıyan gözəl bir əsərdir. Uşaqların sadə, amma güclü xeyirxahlığı və onları anlayan böyük insanların davranışları bu kitabı oxucuya həm hüzur, həm də dərin düşüncə bəxş edən unudulmaz bir təcrübəyə çevirir.