Gönderi

Müharibənin səsini susqun bir uşaq danışır…
9/10
·336 syf.··
Beğendi
·
2025 7. kitabı
·
4 günde okudu
·
Okunma: 07 Temmuz 2025 11:15
Çox ağır bir kitabı oxudum bitirdim. Bu kitab niyə bu qədər ağır idi? Yazıçıdan başlasaq: Jerzy Koşinski mənim üçün sadəcə bir yazıçı deyil, susqunluğun necə hayqırtıya çevrilə biləcəyini sübut edən bir insandır. O, özü nə qədər inkar etsədə, “Boyalı Quş”dakı uşaqla eyniləşdirməsə də, mən inanıram ki, bu uşaq Koşinskinin danışmağa cəsarət etmədiyi iç səsinin bir parçası idi. O yazarkən bir şeyi inkar edirdi, amma hər cümləsi başqa bir həqiqəti bağırırdı. Mənim üçün Koşinski – daxilən dağılmış, amma xaricə səs verən bir aynadır. Onu oxumaq rahat deyil, çünki sənə toxunur. Amma məhz bu toxunuş insanı dəyişdirir. “Boyalı Quş” əsəri təkcə bir uşağın yox, insanlığın qırılma nöqtələrinin romanıdır. Bu kitabı oxuyarkən anladım ki, müharibələr yalnız şəhərləri, ölkələri, sərhədləri dağıtmır — insan ruhunu, uşaqlığı, sevgi duyğusunu və səssiz ümidləri də məhv edir. Baş qəhrəman – adı belə olmayan bir uşaq Kitab boyunca qəhrəmanın adı heç çəkilmir. Bu, tək bir uşağın yox, müharibə zamanı tək qalan milyonlarla uşağın ümumiləşdirilmiş simvoludur. O danışmır çünki dünya onu susmağa məcbur edib. Onun üçün dillər, dinlər, ideologiyalar yox yalnız yaşamaq instinkti var. Məni ən çox sarsıdan hissə, müharibə bitəndən sonra valideynlərinin onu tapması idi. Amma o uşaq artıq onları tanımırdı. Ana və ata anlayışı ölmüşdü, yerinə qorxunun, şübhənin və öyrəşdiyi soyğunçu dünyasının sərt siması gəlmişdi. O, valideynlərini deyil, SSRİ əsgərlərini seçdi. Bu seçim bir uşağın yalnız ailəsindən yox, insanlıqdan da soyuduğunu göstərirdi. “Boyalı quş” obrazı, sürüdən fərqli olduğu üçün öldürülən quş, elə qəhrəmanın ta özüdür. Bu kitab mənə göstərdi ki, fərqli olmaq təkcə xarici görünüş deyil — düşüncə, dil, kimlik də fərqlilik yaradır. Amma müharibə fərqliliyə qarşı qəddar və vəhşi olur. Hər səhifədə insanın insanlıqdan necə uzaqlaşdığı göstərilir: • dindarların ikiüzlülüyü, • kəndlilərin vəhşiliyi, • əxlaqın heç bir şey ifadə etmədiyi bir mühit. Bu romanda “yaxşı” və “pis” anlayışları bir nöqtədən sonra yox olur. Hər kəs ya qurban, ya da cəlladdır – ya da hər ikisi. Kitabın dili sadə görünür, amma alt qatında qorxu, iyrənc duyğular və dərin fəlsəfi mesajlar yatır. Koşinski sanki “danışmayan” bir uşağın beynində olan səssizliyin səsini yazır. Hər cümlə oxucunun içində bir boşluq yaradır. Əsərin sonlarında uşaq danışmağa başlayır. Bu, zahirən “qurtuluş” kimi görünsə də, mənim üçün bu, qəbullanma və təslim olma idi. O artıq susmur, çünki daha artıq içində danışacaq bir uşaq qalmayıb. O uşaq artıq sağ deyil. Mənim nəticəm: “Boyalı Quş” mənə yalnız müharibəni deyil, insan ruhunun necə qırıldığını, necə “susaraq sağ qalmağı” öyrətdi. Bu kitabı oxuduqdan sonra insanın içindəki uşaq bir az daha susur. Müharibələr haqqında danışanda biz cəbhədən, güllələrdən, qələbədən danışırıq. Amma heç kəs susqun uşaqlardan, lal qalan duyğulardan danışmır. Bu kitab onları danışdırır. Jerzy Koşinski-nin “Boyalı Quş” romanının əvvəlində yazdığı cümlə məni dərin düşündürdü. O deyirdi: Həmin şəxs mənə xəbərdarlıq edir, doğma dilini əcnəbi dilə satan, düşkün Qərbi tərifləyən bir həmkarımın aqibətindən ibrət götürməyə çağırırdı və deyirdi ki, məndə ömrümü Rivyeranın uçuq- sökük bir mehmanxanasında intiharla başa vuracağam. Bunu yazarkən Koşinski açıq şəkildə lağ edirdi – o tənqidi gülüşlə qarşılayır, özünü “xəyanətkar yazıçı” obrazından uzaq tuturdu. Amma həyatın ən qəribə tərəfi də budur ki, bəzən ironiyalar gerçəkləşir. İllər sonra Koşinski həqiqətən də öz həyatına intiharla son qoydu. Sadəcə o Rivyerada yox, Nyu-Yorkda, öz mənzilində – amma həmin “tənha, daxilən uçulmuş, qərbləşmiş, öz dili ilə barışa bilməyən yazıçı” obrazına bənzər şəkildə. Bu məqam mənə bir şeyi öyrətdi: Bəzən insan taleyini yazarkən, yazdıqlarının gələcəkdə özünü tapacağından xəbərsiz olur. Koşinski üçün bu cümlə sadəcə bir giriş idi. Amma sonradan öz taleyinin satirik ön sözünə çevrildi.
Boyalı QuşJerzy Kosinski · Teas Press Nəşriyyatı · 20205,5bin okunma
·
54 Gösterim
Yorumlar
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.