·420 syf.····Okunma: 07 Temmuz 2025 18:15 Kitabı oxuyarkən o qədər təsirləndim ki… Bu ucsuz-bucaqsız dünyanın hər yerində , istənilən təbəqədə, bütün dövrlərdə qadın olmaq niyə bu qədər çətindir? Aldadılan, təhqir edilən, döyülən, söyülən, ancaq yenə də böyük fədakarlıqlar etməsi gözlənilən, susması istənilən qadınlar, savaşan qadınlar, ümidini itirməyən, dimdik duran qadınlar… Bu kitab hamımız üçündür. Ürəyinin səsini ətraf ona “ Qadın necə olmalıdır?” cəfəngiyyatını bağırarkən dinləmək istəyənlər üçün. Özünü tapmaq və bir də itirmək istəməyənlər üçün…
Pəhləvilər dövrü, İran İslam inqilabı və onların fonunda müharibə, repressiya, azadlıq kimi mövzulara toxunulan bu roman mənə bəhs olunan dövrün tarixi şəraiti haqqında indiyədək bilmədiyim acı həqiqətləri pıçıldadı. Təkcə buna görə belə oxunulmasının vacib olduğunu düşünürəm.
Məsumənin həyat hekayəsində din pərdəsi adı altında qadınları əzməyi özünə “ qəhrəmanlıq” sayan “ kişilər” məni az qala hər sətirdə cin atına mindirirdi. Halbuki onların inandığı dinin peyğəmbəri ərəblər qızlarını diri- diri torpağa basdırarkən, qızı Fatimənin əlindən tutaraq Mədinə küçələrində dolaşırdı…
Kitabın təxminən ilk 100 səhifəsində aciz bir qadının ömür yolu ilə tanış olacağımı zənn edərkən Məsumənin aldığı hər zərbədən sonra daha güclü şəkildə ayağa qalxması, bütün çətinliklərə sinə gəlməsi, mübarizliyi, yanıb- yaxılsa belə övladları üçün küllərindən doğması bu obraza olan heyranlığımı artırdı. Amma sonu…
Ümid edirəm ki, bütün qadınların həyatdan aldıqları paydan razı qalacaqları gün çox da uzaqda deyil. Bir gün mütləq o günəş doğacaq!