Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

376 syf.
·
Puan vermedi
·
13 günde okudu
Oxucunu reallığı ilə "döyən" əsər... ------------------------------------------- ️F.Dostoyevskinin "Ölü evdən qeydlər" əsəri 1860-61-ci ildə yazılıb, yazıçının 1850- 1854-cü illərdə Omsk həbsxanasındakı həyat və təəssüratları, real faktlardan alınmış hadisələri əhatə edir. Yazıçının həbsxanaya düşmə səbəbi 1849-cu ildə Petraşevskinin dərnəyində iştirakı və orada V.Q.Belin-skinin "Qoqola məktub"unu oxuması olmuşdu. Məhkəmə ona dərnəyin fəalları sırasında ölüm hökmü çıxarmış və onun icrasına bir neçə dəqiqə qalmış hökm çar tərəfindən dəyişdirilərək Sibirə sürgünlə əvəz edilmişdi. Beləliklə, Dostoyevski dörd il Omsk həbsxanasında, altı ili isə Sibir sürgünündə keçirmişdi. ️Dostoyevski katorqa xatirələri barədə sonralar qardaşı Mixailə yazırdı ki: "Katorqadan o qədər xalq tipləri, xarakterlər gətirmişəm ki... bir çox cildlərə yetər". Yaşanmış iztirablar Dostoyevskinin dünyagörüşünü büsbütün dəyişdirir. Sosializm ideyasından məyus olan Dostoyevski daha inqilabi-zorakılığı mübarizə metodu kimi qəbul etmək istəmir. On ildən sonra sürgündən qayıdan Dostoyevski ədəbi yaradıcılığa qurşanır, başlıca mövzuları ləyaqət, mərhəmət, fərdi məsuliyyət və insan qəlbinin rəhmdilliyinə inam olan dahiyanə romanlarını yaradır. ️"Genezis: tarixi tədqiqatlar" jurnalının baş redaktoru, professor Sergey Kodana görə "Ölü evdən qeydlər" əsəri həmin dövrün dövlət və hüquq tarixinin öyrənilməsində qiymətli sənədli-bədii mənbədir. "Ölü evdən qeydllər" dövrün tələblərinə görə ümumdemokratik idealları və ictimai əhval-ruhiyyədən xəbər verən çar katorqasından bəhs edən ilk kitab hesab olunur. ️Dostoyevski əsərinə bu cür metaforlu adı təsadüfi seçməyib. Onun fikrincə məhbusları cinayətə itələyən əsas səbəb Rusiyanın ədalətsiz ictimai həyatına qarşı etriazı idi. Yazıçı həbsxananı ona görə "Ölü ev" adlandırır ki, çar hökuməti əslində məhbusları katorqaya göndərməklə onlardan həmişəlik qurtulmaq, dustaqları o evdə diri-diri basdırmaq istəyirdi. ️Bəzən oxucular Dostoyevskinin hansısa əsərini oxuduqlarında, "Mənə ağır gəlir", "Heç nə anlaya bilmədim", "Yarım buraxdım" və s. rəylər bildirirlər. Bu da anlaşılandır. Mənə görə Dostoyevski öz əsərlərindəki reallıq təsvirlərini həm psixoloji, həm sosial, həm də fəlsəfi yöndə elə ustalıqla təsvir edir ki, sanki oxucunu oyandırmaq üçün onu sözləriylə "döyür". Əksər oxucu isə "döyülmək" istəmir, oxuyarkən, rahatlıq və zövq axtarır. Reallıqda isə rahatlıq yoxdur. Məşhur Stendal demiş, "Gerçəklər ağır başlıdır". Reallığı qəbul etmək isə hər oxucunun gücü ola bilməz. Bunun üçün o istiqamətdə həm də yetişmək lazımdır. ️"Ölü evdən qeydlər" əsərində bir səhnənin təsviri insanı elə silkələyir ki, həmin səhnədən sonra bir müddət kitabı oxumağa davam edə bilmirsən. Hətta bu səhnə mənə bir qədər Dantenin "İlahi komediya"sını xatırlatdı. Bu, IX (İsay Fomiç. Hamam. Bakluşinin hekayəti) hissəsidir. Hissəni oxuya-oxuya zenhimdə keçir ki, "İlahi, bu nədir, elə bil əsil cəhənnəm səhnəsidir". Hissənin sonuna yaxın həmin fikir təhkiyəçi obrazın dilində qarşıma çıxdı. "Birdən ağlıma gəldi ki, əgər biz hamımız nə vaxtsa cəhənnəm alovunun içinə düşsək, onda ora elə bura oxşayacaq" (səh. 97). Yazıçının yaratdığı obrazlarla birgə həbsxanadakı çeşidli iztirablardan keçdikdən sonra "Bəli, insanın canı bərkdir! İnsan hər şeyə alışmağı bacaran bir məxluqdur və düşünürəm ki, bu, onun ən yaxşı tərifidir" (səh. 9), fikri ilə istər-istəməz razılaşırsan.
Ölüler Evinden Anılar
Ölüler Evinden AnılarFyodor Dostoyevski · Türkiye İş Bankası Kültür Yayınları · 201914,5bin okunma
·
3 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.