“Gilas Ağacı ilə Aramızdakı Məsafə” kitabı haqqında düşüncələrim
Bu dəfə oxuduğum və sizinlə paylaşmaq istədiyim kitab İtalyan yazıçısı Paola Peretti tərəfindən yazılmış “Gilas Ağacı ilə Aramızdakı Məsafə” adlı romandır. Bu əsər, ilk baxışda uşaq kitabı kimi görünsə də, əslində dərin emosional qatlara malik və həyat dərsləri ilə zəngin bir əsərdir. Əsərin dili sadə, oxunması asandır, mövzusu isə insanın iç dünyasına, qorxularına, dostluğa və ümidsizliyə qarşı mübarizəsinə toxunur.
Romanın baş qəhrəmanı Mafalda adlı 9 yaşlı qızdır. O, Stargardt xəstəliyi diaqnozu alır və altı ay ərzində görmə qabiliyyətini itirəcəyi xəbərini eşidir. Kitab boyu oxucu onun görmə qabiliyyətini necə tədricən itirdiyini, bununla necə mübarizə apardığını və bu prosesdə yaşadığı qorxu və duyğuları hiss edir.
Əsərdə gilas ağacı xüsusi yer tutur. Bu ağac Mafalda üçün ümid, yaddaş və sabitlik simvoludur. O, hər gün ağacla özü arasındakı məsafəni ölçür və görmə dərəcəsinin dəyişməsini bu yolla izləyir. Əsərin adı da elə bu metaforik simvoldan gəlir. Ağac həm də onun üçün nənəsinin ruhunun yaşadığı yer kimi mənalandırılır və bu, onun qaranlıq gələcəyə qarşı qorxularını bir qədər də yumşaldır.
Kitabda maraqlı və fərqli olan cəhətlərdən biri də odur ki, obraz bizimlə birbaşa danışmır. Mafalda sanki bütün hisslərini bir gündəliyə yazır. Oxucu olaraq biz onun duyğularını, qorxularını və düşüncələrini birbaşa, şəxsi və səssiz bir şəkildə oxuyurmuşuq kimi hiss edirik. Bu üslub kitabı həm daha real, həm də emosional baxımdan daha təsirli edir.
Mafalda təkcə öz çətinliyi ilə deyil, ətrafındakı insanların yaşadığı ağrılarla da qarşılaşır. Onun ətrafındakı hər bir şəxs – istər dostu olsun, istər böyüklər – öz həyat mübarizəsini aparır.
Məktəbdəki təmizlikçi qadın Estella, xərçəng xəstəliyindən əziyyət çəkir. O, Mafaldanın vəziyyətini anlayır və ona ümidli olmağı, heç vaxt təslim olmamağı tövsiyə edir. Bu qadın Mafalda üçün həm daxili güc və dayanıqlılıq simvoluna çevrilir.
Mafaldanın dostu Filippo isə boşanmış bir ailənin uşağıdır. O, anası ilə yaşayır və içindəki duyğuları ifadə etməkdə çətinlik çəkir. Filipponun ağrısı əsərdə qısa şəkildə təqdim olunsa da, oxucu onun da daxili narahatlıqla mübarizə apardığını hiss edir. Bu da Mafaldanın öz situasiyası ilə yanaşı başqalarının yaşadıqlarını da anlamasına və onlarla empati qurmasına səbəb olur.
Filippo hərəkətləri ilə, sadəcə bir dost kimi yox, həm də həyatda çətinlikləri birlikdə aşmağın mümkün olduğunu göstərən bir simvol kimi çıxış edir. Onun dəstəyi Mafaldanın tək olmadığını hiss etməsinə və ümidini qorumasına kömək edir.
Bu kitab göstərdi ki, həyatın içində sadəcə fiziki yox, emosional qaranlıqlar da var. Amma əgər ətrafımızda bizi anlayan insanlar, dostlarımız və bizə güvənənlər varsa, o qaranlıqlar içində belə bir işıq tapmaq mümkündür. Mafalda ilə birlikdə biz öyrənirik ki, insan bəzən gücünü tək özündən yox, başqasının ümidi, dəstəyi və anlayışı ilə də tapır.
Paola Peretti bu kitabda təkcə bir xəstəliyin hekayəsini yox, insan olmağın, hiss etməyin və başqasını anlamağın nə demək olduğunu çox incəliklə və duyğusal dildə ifadə edib. Mən bu kitabı yalnız uşaqlara yox, hər yaşda insana tövsiyə edərdim, çünki o, bizi həm görmək, həm də görmədən anlamanın nə demək olduğunu düşündürür.
Yeri gəlmişkən Paola Peretti özü bu xəstəliyə yetkin yaşda yaranıb və əsər demək olar ki, onun hekayəsidir. Sadəcə , müəllif qeyd edir ki, bu xəstəliyin hekayəsinin uşaqların dünyasından da necə görünə biləcəyini və necə dəstəklənməli olduğunu göstərmək istəyib.