Kitab haqqında əhatəli şəkildə o qədər çox söz yazmaq olar ki, adam hardan başlayacağını bilmir. Uzun bir müddət - 6 ay reading slumpdan əziyyət çəkən biri olaraq deyə bilərəm ki, bu kitab mənə sanki oxumağı yenidən sevdirdi. Kitab məşhur Somalili model Varis Dirienin özü haqqında yazdığı avtobioqrafiyadır. Bu əsər bütün həmcinslərimin oxumalı olduğu və bir oxunuşda bir nəfəsə oxunub bitirilməli bir kitabdır məncə. Birada afrikalı bir qızın apardığı yaşam uğrunda mübarizə o qədər tam çılpaqlığı ilə əks olunub ki, bəzi səhifələrdə tüklərim biz-biz olduğundan kitaba ara vermək məcburiyyətində qalırdım. Əslində kitabın yazılmasının əsas məqsədi də Afrikanın qədim qan dondurucu adətini , yəni qadın sünnətini dünyaya tanıtmaq və onun əleyhinə beynəlxalq səviyyədə tədbirlərin görülməsinə səbəb olmaq idi və məncə müəllif öz qarşına qoyduğu məqsədlərinə çatmağı bacarıb. Fikrimcə, hər nə qədər onunla empatiya qurmağa çalışsaq da orada yaşanan acı reallıqları öz yerlilərindən başqa heç kim tam anlamında başa düşə bilməzdi. Artıq kiminsə cəsarətini toplayıb, bütün çətinlikləri gözə alıb buna qarşı mübarizə aparmağa başlamalı idi və həmin qadın obrazı və güc simvolu məhz Varis idi. Əslində adının mənası da səhra gülü deməkdir - lap az canlının sağ qalmağı bacardığı bəhrəsiz, münbit olmayan torpaqlarda açmağı bacaran çiçək. Varis özü də Somalili qızların təmsilində Allahın göndərdiyi mələk, onların xilaskarıdır. Yazdıqlarım kitabı oxuyarkən hiss etdiklərimin yanında çox sönük qalır, ona görə də "mütləq oxumalısız" dediyim yeganə kitablardandır.