Puan vermedi·198 syf.····Okunma: 04 Ağustos 2025 19:56 Bəzən bədii dəyəri zəif olan əsərləri tərifləmək üçün bir söz işlədirik: səmimidir.
Ercan Kesalın bu kitabı haqqında da o sözü deyirəm. Amma buradakı səmimilik heç də zəif bədiiliyi ört-basdır etmək üçün deyilən bir söz deyil. Hekayələr yüksək bədii məziyyətlərə malikdir. Və bununla yanaşı həm də səmimidir.
Məşhur aktyor, həkim və yazıçı olan Ercan Kesalın hekayələrinin mövzusu z həyatıdır. Xüsusən, həkimlik illərində gördüyü hadisələri qələmə alıb. Onun hekayələrində məişət, siyasət, ölüm, zorakılıq, insan duyğuları və s. ustalıqla özünün əksini tapır.
Hekayələrinin maraqlı bir strukturu var. Qələmə aldığı əksər nümunələr üç hissədən ibarətdir. Bu hissələrin hərəsini ayrı bir hekayə kimi də oxumaq olar. Lakin onların eyni mövzu, oxşar hadisələr bir-birinə bağlayır. Bəzən hadisələr oxşar olmasa belə, yazıçı böyük bir ədəbi ustalıqla onları bir-biri ilə əlaqələndirməyə nail olur.
P.s. Türk "ədəbiyyat"ının bizə ixrac etdiyi mənasız motivasiya, detektiv kitablarını oxumaqdansa, belə yazıçıları oxuyun.