Neçəmiz bullinqə məruz qalmışıq? Neçəmiz iş yerində mobbinqə məruz qalmışıq? Ümumiyyətlə, biz bu zorakılığın fərqində olmuşuqmu?
Təəssüf ki, cəmiyyətimizdə bullinq – istər məktəbdə, istərsə də iş mühitində – tez-tez göz ardı edilən, amma dərin psixoloji izlər buraxan bir problemdir. Xüsusilə məktəblərdə uşaqların bullinqə məruz qalması, onların şəxsiyyət inkişafını və emosional sağlamlığını illərlə zədələyə bilər.
Düşünürəm ki, bu, bizim cəmiyyətdə göz ardı edilən ən təhlükəli və cəmiyyətin səviyyəsini aşağı aparan bir prosesdir. Biz şagirdkən məktəbdə təəssüflər olsun ki, bunun nə olduğunu ,qarşısına alınmasını, özümüzü necə qoruyacağımız haqqında heç bir profilaktik söhbətlər etməmişik və məlumatlandırılmamışıq. Mənə görə , bu kitab bizim cəmiyyətdə qazandırılan çox önəmli kitablardan biri və birincisidir, xüsusən uşaqlar üçün.
Bulling birinci ailədən gəlir, sonra müəllimlə davam edə bilir və ya davam edir. Axı uşaqların fərqində olmadan ilk nümunə götürduyü insanlarıq biz. Buna görə düşünürəm ki, kitabı valideynlər və müəllimlər mütləq oxumalıdır. Bulling törədən uşaqların xarakteristikası, əlamətləri, onların valideynlərinə təsiri, bullinqə məruz qalan uşaqların əlamətləri və onların ailələrinə təsirindən bəhs edilir. Bulling törədən uşaqların bu prosesdən necə çəkindirə bilərik, necə qoruya bilərik mövzusunu təhlil edib və onun haqqında tövsiyələri var kitabda. Düşünürəm ki, həm valideynlər birinci növbədə valideyn, ikinci növbədə isə müəllimlər birbaşa uşaqlarla təmasda olduğuna görə şəxsiyyət olaraq necə bir insandırlar, hansı davranışlarına diqqət etmələri lazımdır, hansı davranışlarıyla uşaqlara nümunə olurlar və uşaqlara təsir edilir ki, uşaqlar bir-birinə qarşı münasibət göstərirlər, bunu düşünmələri, kitaba əsasən təhlil aparmalıdır. Uşağın dərs oxumasından daha çox biz ona necə yanaşırıq, onun adını etiketləyirikmi , etiketləyərkən digər uşaqların yanında edirikmi, müəllimin yanında edirikmi, müəllimlərlə razılaşırıqmı etiketləmə mövzusuna fikir verməliyik. Mənəvi rahatlıq olmayan yerdə, keyfiyyətdə aşağı düşür. Bunu uşağa necə sirayət etdiririk , bunu düşünməyimiz lazımdır. Çünki müəllimlə valideyn arasında olan münasibət, müəllimlər arasında olan əməkdaşlıq və onların dünya görüşü birbaşa uşaqların bullingi tətbiq etməsinə və yaxud da bullingə məruz qalmasına təsir edir. Bu kitab fərqinə varmaq , qəbullanmaq və tədbir görülməsi üçün oxunmalıdır.
Insanlarımızın Bullinq mövzusunun Azərbaycan cəmiyyətində çox əhəmiyyətli olduğunu və belə bir prosesin olduğunu qəbul etməsi lazımdır. Çünki biz istəsək də, islmtəməsək də cəmiyyətimizdə qarşı tərəfi çox etiketləyirik və o etiketə məruz qoyuruq və bunu normaq kimi qəbul edirik. Qarşılıqlı sərhədlərimizi tapdalayırıq.
Bizim psixoloji, mənəvi və fiziki sərhədlərimiz əsrlərdən bəri yad ölkələr tərəfindəm tapdalanıb və biz də bu davranışı irsi bir özəllik kimi öz millətimizə tətbiq etdiyimizin fərqində deyilik. Istərdim bunun fərqinə varaq və övladlarımızı, şagirdlərimizi qorumağı bacaraq, faydalı şəxsiyyət kimi cẹmiyyətə yetişdirək.
Kristin Oudmayerin bu kitabı – uşaqların səsi olmaq, valideyn və müəllimlərin diqqətini bu problemlərə yönəltmək üçün yazılmış çox önəmli bir resursdur.
Kitabda:
-Bullinq törədən uşaqların davranış modelləri, əlamətləri
-Bu uşaqları düzgün istiqamətləndirmə yolları
-Bullinqə məruz qalan uşaqların psixoloji vəziyyəti və dəstək yolları
-Valideyn-müəllim əməkdaşlığının əhəmiyyəti
-Ailə və müəllimin bu prosesdə rolu geniş şəkildə təhlil olunur.
Bu kitab təkcə uşaqları tanımaq və onları qorumaq üçün deyil, biz böyüklərin də öz davranış və yanaşmalarını dəyərləndirməsi üçün güzgü rolunu oynayır.
Məktəblərdə, müəllimlər otağında, valideyn yığıncaqlarında, hətta dost məclislərində belə bu kitabın mövzuları mütləq müzakirə olunmalıdır. Çünki bullinqi susqunluqla deyil, maariflənmə və əməkdaşlıqla məğlub edə bilərik.